Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub

 

Fevralın 23-də Xocalı soyqırımının anım tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın "Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə deputatlarla görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qonaqlara Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistan hələ də BMT-nin 4 qətnaməsinə məhəl qoymur və Azərbaycan torpaqlarını işğal altında saxlayır. 1992-ci il fevralın 26-da Xocalı şəhərində bir gecədə 106-sı qadın, 62-si uşaq olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilib, xeyli insan əsir götürülüb və işgəncələrə məruz qalıb. Dünyanın 10-dan çox ölkəsi və ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul edib.

Milli Məclisin deputatları Flora Qasımova və Bəxtiyar Əliyev Xocalı həqiqətləri barədə danışıblar. Bildiriblər ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanıdılması istiqamətində işlər davam etdirilir.

"Srebrenitsa anaları” Assosiasiyasının sədri Munira Subaşiç bildirib: "1995-ci ildə biz də soyqırımına məruz qalmışıq. Ona görə də sizi yaxşı başa düşür və dərdinizə şərik oluruq”. Qonaq məlumat verib ki, Srebrenitsada da üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımının günahkarları cəzalandırılıb və dünya bu soyqırımını tanıyır. Avropa İttifaqı 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleksi inşa edilib.

Qonaqlar Xocalı soyqırımının da dünya birliyi tərəfindən tanınacağına inamlarını ifadə ediblər və bunun üçün köməklərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.

 

Azərbaycan.- 2019.-24 fevral.- S.5.