Xatirəyə hopan qanlı anlar

 

Deyirlər, qəlbin çəkə bildiyi ürəyin yükündən qat-qat çoxdu. Çünki birinci yanından ötüb keçən hər şeyi damarlara dolanan qan kimi ruha calayır. Sevincə nə var ki?!. Paylaşsan, görərsən çoxalır, ruhunu xoş izlərlə təzələyir. Kədər isə bölüşəndə azalır. Amma onun bitməyi mümkün deyil.

Nədənsə qəlb dediyimiz yaşam kodeksimiz çox zaman kədəri ruhdan çətin silir və illərin ötməsi dərinlərə köçmüş dünəni qəbr evinə kimi özündə daşıyır. Ruhun göylərə yolu isə dözümlü insan üçün mübarizədən keçir. Tanrı qarşısında inam, insanlığa hörmət, sabaha varlığının təslimi və dünənin xatirələrə hakim kəsilən acısı bu çarpışmanı özü ilə aparır.

Bəzən insan baş verən hadisəni kənardan qiymətləndirəndə özünün fikirlərini də ona əlavə edir. Amma Xocalı soyqrımı elə bir acıdır ki, ora nəyi istəsən, qatmaq mümkün deyil. Çünki həqiqət hər şeyin başlanğıcıdır. Həmin günlərdə iştirak edən, qarlı-şaxtalı qış gününü qırmızı rəngdə xatırlayan və ölənə qədər bu ağır yükü özü ilə daşıyacaq Gültəkin Saday qızı Cabbarova ilə söhbətimiz çətin olsa da, baş tutdu.

Gütəkin Xocalıda doğulub. Bütün sovet gəncləri kimi, o da orta məktəb illərini yaşayıb. Dostları ilə məktəb həyatını yaşayan Gültəkin üçün başına gələnləri danışmaq ağır olsa da, xatirələrini varaqlaya bildi:

- Xocalı üç hissədən ibarət idi. Onun bir hissəsində Dərələyəz kəndindən 1948- 53-cü illərdə deportasiya olunanlar, digər iki parasında isə yerli camaat yaşayırdı. Orta məktəbdə oxuduğumuz illərdə azərbaycanlılarla bərabər ermənilərdən olan müəllimlərimiz də vardı. Sözün düzü, onlarla münasibətimiz pis deyildi. Bir ölkənin bərabərhüquqlu vətəndaşları idik. Amma rəhmətlik atamanam həmişə evdə tək olanda söhbətlərində bu millətin xainliyindən çox danışardılar. Bizim qulaq asdığımızı görəndə deyərdilər ki, yadda saxlayın, amma heç kimə deməyin.

Gültəkin orta məktəbi bitirdikdən sonra Xankəndidə yerləşən texnikuma daxil olur. Qiyabi təhsil aldığına görə həm də Xankəndidə yerləşən ayaqqabı fabrikində işləyir. İş yerində hər gün ermənilər iclas keçirir, pul yığır, öz aralarında xüsusi parollarla danışırlar. Erməni dilini bilən Gültəkin ilk əvvəllər özünü onların dilini başa düşmədiyi kimi göstərir. Sonra onlar bunun yanlışlığını biləndə onu işdən çıxarırlar.

Gültəkinin dedikləri:

- İşdən çıxarılanlar çox idi. Xocalıdan Xankəndidə çalışanların çoxunu ixtisara salırdılar. Özüm partiyaçı idim. Dəfələrlə bu məsələ ilə bağlı hara müraciət etdimsə, nəticə olmadı. 1988-ci ildə açıq məktub yazıb bildirdim ki, belə yaşamaq olmaz. Ermənilər Xocalı ətrafında nəsə hazırlayırlar. Amma məktubuma cavab gəldi ki, hər şey nəzarətdədi. Elə həmin il Xocalıda ATS yaradıldı və onun ilk telefonçusu oldum.

- Xocalı təbiət baxımından əvəzsiz bir yer idi, - Gültəkin söhbətinə davam edir. - Rabitə vasitəsilə dünyanın hər yerinə qoşula bilirdik. Həmin ərəfədə ermənilər vaxtaşırı telefon stansiyasına gəlir, Suriyaya, Livana zəng edirdilər. Axşam biz bunlar barədə məlumat verirdik. Həmişə bir cavab gəlirdi ki, narahat olmayın. Elə bil fəsillər də dəyişmişdi. Qar, soyuq adama imkan vermirdi. Camaatımız istiliklə bağlı əziyyət çəkirdi.

Sonradan işini dəyişən Gültəkin başqa bir idarədə çalışmalı olur. Təchizat məsələlərinə baxan bu təşkilatda, demək olar ki, işləyənlərin hamısı azərbaycanlılar idi. Fevralın əvvəllərində həmin idarə də bağlanır. Ağdamda yaşayan qohumları onlara kəndi tərk etməyi məsləhət görür.

- Biz başqa nəsə olacağına inanmırdıq, Gültəkin vurğulayır. Qardaşlarım, dayım oğlanları hamısı müdafiə batalyonunda idi. Bəzən axşamlar bizə gəlirdilər, oturub söhbət edirdik. Nə biləydik ki, bir gün hamımız pərən-pərən düşəcəyik.

Həmin gecə səhərə yaxın güllə səsinə ayılırlar. Xocalının yuxarı başında tankların hərəkəti ilə hər tərəfi vahimə bürüyür.

- Anam bizi evimizin arxasındakı çəpərin yanına yığdı, - deyə Gültəkin xanım gözü yaşlı söhbətinə davam edir: - Dörd-beş qonşunun ailəsi bir yerdə idik. Atam və dayım gəlib yanımıza çıxdılar. Yuxarı tərəfdən aşağıya atılan güllələr yağış kimi üstümüzə axırdı. Ağdam-Şuşa yoluna doğru qaçmağa başladıq. Can şirin şeydir. Heç kim arxaya baxmırdı. Çünki insanların ah-naləsi güllə səsinə qarışıb qorxulu bir uğultu yaratmışdı. Çevrilib geri baxanda gördüyüm mənzərə məni çox sarsıtdı. Ortada qalanan ocağın başında ermənilər uşaqları, qızları oda tullayırdılar. İnsanların diri-diri yandırılması qaçanlarda vahimə yaratdı. Qarqar çayına çatanda baxıb gördük ki, yüz nəfərdən cəmi 30 adam qalmışıq.

Atası məsləhət görür ki, kənardan keçən qaz xəttini əsas götürüb irəliləsinlər. Çayboğazı irəliləyən Gültəkingil əvvəlcə yolu səhv gedirlər. Sonra geri qayıdıb Ağdam yoluna çıxırlar.

- Günəş artıq çıxmışdı, - Gültəkin xatırlayır. - Atam Mürşüd dayımın dalınca geri qayıdanda mən də onunla idim. İnanın, böyük bir ərazidə insan cəsədləri səpilmişdi. Mürşüd dayımı tapdıq. Yaralı idi. Atamla çox çalışdıq ki, ona kömək edək. Amma mümkün olmadı. O, atama getməyi məsləhət gördü. Yuxarıdan aşağı atəş səslərini eşidib bizi tələsdirdi. Atamla onu cəsədlərin arasında qoyub geri döndük. Mən atamın göz yaşlarını hələ də unuda bilmirəm. Kişilərin ağlamağına pis baxmışam, amma həmin gecə anladım ki, dərdin qarşısında insan yalnız göz yaşına bağlanır.

Həmin gün Cabbarovlar ailəsi öz yaxınlarının yarısını itirir. Bir nəslin qocalı-cavanlı onlarla nümayəndəsi həmin gecənin qurbanına çevrilir.

Artıq həmin qorxulu anlardan 27 il ötür. İllər çox şeyi ört-basdır etsə də, yaşı 50-ni adlayan bu insanın üzündə yüz yaşın ağrı-acısını duyursan. Taleyin hər anı maraqlı olsa da, kədərin kökü onu çox zaman incəldir.

- Mən o faciəni gözümlə gördüyüm üçün bugünədək ruhumda hər gün Xocalı dolanır, - deyə Gültəkin bildirir. - Taleyimə düşən qara günlərin çoxluğu məni, mənim kimi neçə insanı çox sarsıtdı. Bəlkə də elə buna görə idi ki, bir müddət ailə qurmağa vaxt tapmırdım. Axırı ki, yoldaşı erməni gülləsindən ölən bir kişinin həyat yoldaşı olmağa razılıq verdim. Elçin, Emin və Elnurə adlı üç uşağı öz balam kimi böyütmüşəm. Hamısı ailəlidi. Bu gün nəvələrimlə günümü keçirirəm.

Sumqayıtda pansionatda qalan Gültəkin xanım dövlətimizdən razılıq etdi. Onlara göstərilən qayğı və diqqətin nəticəsidir ki, məşəqqətli günləri, acı ağrıları yaşayıb həyatından keçirən xocalılılar bu gün ayaq üstədir. Necə deyərlər, davam edən həyatlarını sürürlər.

Tanrının insana bəxş etdiyi ömrü hər kəs bir cürə yaşayır. Qəm və sevinc birliyi bütöv taleyin anlarıdır. Bu illəri yaşamaq insana məxsusdur. Qalır bircə dünənə çevrilib baxmağı bacarmaq. Gültəkin xanım kimilər vaxtilə ölümün düz gözünün içinə baxıblar. Onlar hər şeyi Allaha tapşırırlar...

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.-26 fevral.- S.8.