Güllə işığında ölümdən qaçıb qurtulanlar

 

27 il əvvəl törədilən faciə ilə bağlı hansı xocalılını danışdırırsan, dodaqları titrəyib, əlləri əsir. O gecə çəkdikləri əzabları unuda bilmir, itirdikləri əzizlərinin nisgili ilə yaşayırlar. Dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində ev-eşiklə, işlə təmin olunsalar da, çöhrələrindəki iztirablar çəkilib getmir, kövrəlir, sinələrinə çəkilən çalın-çarpaz dağın ağırlığını dilə gətirərək göz yaşı tökürlər.

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə bir gecədə Xocalı şəhəri yerlə yeksan olundu. Çoxlu sayda insanları xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi. Bəziləri diri-diri yandırıldı, başları kəsildi, başlarının dərisi soyuldu, körpə uşaqların gözləri çıxarılmaqla yanaşı, hamilə qadınlar süngüdən keçirildi.

Məqsəd azərbaycanlıların gözünü qorxutmaq, beləliklə, Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək idi. Doğrudur, törədilən faciə bütün Azərbaycan xalqına, xüsusilə Xocalı sakinlərinə sağalmaz yaralar vurdu. Lakin xalqımızın vətən, torpaq təəssübkeşliyini sındıra bilmədi. Əksinə, onun mübarizə əzmini daha da gücləndirdi.

Həmin dəhşətli faciədən 27 il keçir. Bu müddət ərzində xocalılılar dövlətin hər cür qayğısı ilə əhatə olunmuşlar. Onlar Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın müxtəlif bölgələrində salınmış məcburi köçkün qəsəbələrinə köçürülmüşlər. Belə qəsəbələrdən biri Goranboydadır. Burada mənzillə təmin olunan xocalılılardan Aidə Allahverdiyevanın qonağıyıq. Yanındakı gəncin kim olduğunu soruşanda dedi ki, oğlumdur. Ancaq nə atası Ziyadxan, nə də oğlum Qalib bir-birinin üzünü görmədilər. Ziyadxan şəhid olanda hamilə idim. Qalib 1992-ci il aprelin 28-də dünyaya gəlib.

Aidə başına gələn müsibətlərdən, bütövlükdə ailəsinin faciəsindən yana-yana danışdı. Danışdıqca o müsibətli günləri sanki bir daha yaşayırdı.

- Xocalıda yaxşı evimiz-eşiyimiz var idi. 12 sot həyətimizdə gözoxşayan bağ salmışdıq. 5 otaqlı evimiz ailəmiz üçün artıqlaması ilə bəs edirdi. İki uşağım var idi. Lakin ermənilərin torpaq iddiası günlərimizi göy əsgiyə bükdü. 1988-ci ildən başlanan münaqişə sonradan müharibəyə çevrildi və hər gün qorxu içərisində yaşamalı olduq. Şəhər mühasirəyə alınanda əli silah tutan Xocalı kişiləri könüllü özünümüdafiə batalyonu yaratdılar. Həyat yoldaşım da həmin batalyonun tərkibində ermənilərə qarşı döyüşərək Xocalının müdafiəsində dayandı. Lakin həmin dövrdə respublikaya rəhbərlik edən səriştəsiz insanlar Xocalının müdafiəsi üçün heç bir görmədilər. Nəticədə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər sovet ordusunun əsgərləri ilə Xocalıya hücum planı həyata keçirdilər. Həmin gecə sanki yerlə göy birləşmişdi. Quduzlaşmış, qana susamış ermənilərin qəfil hücumundan yerli əhali çaşbaş qalmışdı. İnsanlar canlarını qurtarmaq üçün qarlı dağlara, soyuq meşələrə üz tutmuşdular. Ata-analar öz övladlarından xəbərsiz idilər. Meşəyə pənah gətirən insanlar bilmirdilər ki, ermənilər pusquda dayanıblar. Onlar burada güllə yağışına tutuldular. İnsanların bir hissəsi öldü, bir hissəsi əsir götürüldü.

Aidə xanım dərindən köks ötürüb daha sonra dedi ki, gecə saat 11 olardı. Başımıza sanki dolu yağırdı. Çaşbaş qalmışdıq. Həyat yoldaşımdan xəbərim yox idi. Elə xəbər gəlirdi ki, könüllülər batalyonu ermənilərin qarşısını almaq üçün qızğın döyüşlər aparır. Mən vəziyyətin daha da pisləşdiyini görüb iki uşağımın əlindən tutub evdən çıxmaq qərarına gəldim və qayınanam Məleykə, qayınatam Salehlə birlikdə yaxınlıqdakı meşəyə üz tutduq. Meşə insanlarla dolu idi. Güllə səsləri və insanların vahiməli qışqırtısı adamı dəhşətə gətirirdi. Kim hara gəldi qaçırdı. Bir də ətrafa baxanda qayınanamı görmədim. Soruşanda mənə dedilər ki, qayınananı, qaynını və oğlunu ermənilər əsir götürdülər. Vəziyyətin daha ağır olduğunu görüb, meşədən çıxmaq üçün yollar axtardım və nəhayət, güllə işığı ilə birtəhər meşədən çıxıb Ağdama tərəf yollandım. Bizi özümüzünkülər qarşıladılar. Sonralar xəbər tutdum ki, həyat yoldaşım Ziyadxan döyüşdə ağır yaralanıb. Qardaşları onu döyüş bölgəsindən cıxaranda ermənilər onları əsir götürüblər. Ziyadxandan bu günə kimi öldü və qaldı xəbəri yoxdur. Ancaq döyüş yoldaşları onun göstərdiyi igidliklərdən çox danışırdılar. 1997-ci ildə ulu öndər Heydər Əliyev Ziyadxan Allahverdiyevi "İgidliyə görə” medalı ilə təltif etdi.

Aidə Allahverdiyeva dövlətin göstərdiyi qayğıdan olduqca razılıq etdi. Şəhid ailəsi kimi ayda 300 manat təqaüd alır. Bundan başqa, bu yaxınlarda ölkə rəhbərinin sərəncamı ilə şəhid vərəsələrinə 11 min manat birdəfəlik yardımın verilməsini də onlara göstərilən qayğının nümunəsi kimi dəyərləndirib Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Xocalı faciəsini yaşamış insanlardan biri də Məzahir Cəbrayılovdur. 70 yaşın içərisində olan ağsaqqal həmin gecə həyat yoldaşı Səmayəni itirib. Deyir ki, özünümüdafiə batalyonunda vuruşurdum. 5 uşağımın dolanışığı həyat yoldaşım Səmayənin üzərinə düşmüşdü. Kiçik övladımızın 7, böyüyünün 21 yaşı vardı. Həmin dövrdə böyük oğlum Rafiq sovet ordusu sıralarında Sankt-Peterburqda xidmət edirdi. O, Azərbaycanda baş verən hadisələri eşidib rahatlıq tapmırdı. Günlərin birində dözə bilməyib, sovet ordusunda xidmət etməkdən imtina etdi və Azərbaycana gəldi. Gələn kimi könüllülər batalyonunda erməni quldurlarına qarşı vuruşmağa başladı. Çox ağır günlər idi. Ailə üzvləri çox olduğundan daim onların fikrini çəkirdi. Fevralın 25-dən 26-na keçən gecə döyüşlər şiddətləndi. Vəziyyətin ağır olduğunu görən Məzahir evə gəlib həyat yoldaşını və övladlarını təhlükədən uzaqlaşdırmaq üçün Xocalıdan çıxartdı. Lakin meşədə onu da, Səmayəni də, hətta iki övladını da yaraladılar. Səmayə ağır yaralandığından həyatını itirdi. Əsgərlərin köməyi ilə Səmayənin meyitini və övladlarını birtəhər Ağdama gətirir.

Söhbətin bu yerində Məzahir xeyli fikrə gedib kövrək səslə dedi ki, həyat yoldaşını Ağdamda Şəhidlər xiyabanında dəfn edib. Lakin Ağdam işğal olunduğundan həmin məzarı ziyarət edə bilmir.

Məzahir Cəbrayılov övladlarını böyüdüb boya-başa çatdırıb. Evli olanı da var, subayı da. Deyir ki, sağ olsun dövlətimiz. Ailəsini mənzillə təmin edib. Qarabağ müharibəsi əlili kimi 375 manat təqaüd alır. Dolanışığı da pis deyil.

Xocalı faciəsi zamanı ən çox əziyyət çəkənlərdən biri Mükafat Əhmədovadır. Faciə zamanı 10 nəfər şəhid verib. Onlardan 9-nun yeri məlum deyil. Yoldaşı Rəfil Əhmədov könüllülər batalyonunda çoxlu sayda erməni məhv etmişdi. 3 övladı var idi. Mükafat rayon xəstəxanasında işləyirdi. Deyir ki, hər gün onlarca yaralı gətirilirdi. Fevralın 25-də axşam döyüşlərin şiddətləndiyini görən Mükafat məcbur olub uşaqlarını bağrına basıb Xocalıdan çıxmağı qərara alır. O, məşə ilə qaçaraq Ağdama üz tutur. Deyir ki, hava olduqca soyuq idi. Meşə boyu çoxlu sayda donmuş insan cəsədi var idi. Birtəhər sürünə-sürünə Ağdamın Abdal Gülablı kəndinə gəlib çatır. Bir müddət Bərdədə, sonra Naftalanda məskunlaşır. Çox əziyyətdən sonra nəhayət Goranboyda salınmış məcburi köçkün qəsəbəsində hər cür şəraiti olan mənzillə təmin edilir. Buna görə Prezident İlham Əliyevə minnətdarlıq edən Mükafat Əhmədova indi o günlərin acı xatirələri ilə yaşayır. İnanır ki, gec-tez doğma yurduna qayıdacaq. Bax onda həyat yoldaşının da, Xocalıda şəhid olan həmyerlilərinin də ruhu şad olacaq.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.-26 fevral.- S.11.