İlham Əliyev: "Xocalı faciəsi xalqımızın sağalmaz dərdidir, soyqırımdır,
ötən əsrin ən böyük
cinayətdir"
Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibə verib.
Müxbir: Azərbaycan xalqının dərdinə şərikik.
Həlak olanların ailələrinə, doğmalarına
başsağlığı veririk. Bu gün Siz insanlara, Azərbaycan sakinlərinə,
bu dərdi bölüşənlərə hansı sözlərlə
müraciət edirsiniz?
Prezident İlham
Əliyev: Çox sağ olun
ki, gəlmisiniz. Azərbaycan xalqının tarixindəki
bu faciəli hadisəyə münasibətinizi
bildirirsiniz. Bu, xalqımızın sağalmaz
dərdidir, xalqımıza
qarşı törədilən
soyqırımıdır, ötən
əsrin ən böyük cinayətidir.
Yalnız Azərbaycan millətinə
mənsub olduqlarına
görə günahsız
insanlar - qocalar, qadınlar və uşaqlar həlak olmuş, zərər çəkmişlər. Azərbaycan xalqı
heç vaxt bu faciəni unutmayacaq, həmişə
xatırlayacaq. Bu, bizim yaddaşımızda
həmişəlik qalacaq.
Əsas odur ki, belə
faciələr daha heç vaxt təkrar olunmasın.
Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli
soyqırımı hadisəsi,
milli əlamətə
görə qırğın
törədilməsin. Azərbaycan dövləti, xalqı həlak olanların xatirəsini əziz tutur, yad edir
və onların xatirəsi bizim üçün müqəddəsdir.
Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin
qətliamı yaşayan
insanlar kimi qalacaqlar. Biz bu
adamların aqibətini
yüngülləşdirmək üçün əlimizdən
gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız
çalışmalıyıq ki, belə faciələr
bəşəriyyət tarixində
bir daha olmasın.
Azərbaycan.- 2019.-27 fevral.- S.1.