Azərbaycandan beynəlxalq enerji aləminə açılan qapı

 

Üç Dənizin əfsanəsi - BTC

 

Bir zamanlar nağıla bənzədilən, "Üç dənizin əfsanəsi” adlandırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tam reallığa çevrilərək 13 ildir ahəngdar və təhlükəsiz fəaliyyət göstərir. Bu, BTC-nin uzaqgörənliklə, düzgün seçilmiş layihə olduğunu bir daha təsdiq edir. Öz memarının - ümummilli lider Heydər Əliyevin adını şərəflə daşıyan, üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan kəmər ümidləri doğrulduronun əhəmiyyəti getdikcə artır.

BTC-nin tikilməsi zərurəti "Əsrin müqaviləsi”nin real nəticələrindən irəli gəlirdi. 1997-ci ilin noyabrında "Çıraq” platformasından ilkin neft alınmışdı. Qarşıda "Azəri”, "Dərinsulu Günəşli” yataqlarının işlənməsi dayanırdı və hasilatın ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü get-gedə artan həcmlər üçün kifayət deyildi. Daha qlobal bir boru xəttinin çəkilməsi vacib idi. Bununla bağlı ulu öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün düzgün və uzaqgörən qərarını verdi. Bu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası idi.

BTC uzun və mürəkkəb bir yol keçib. Onun yaranma tarixində xüsusi əhəmiyyət kəsb edən hadisələr çoxdur. Bunlardan biri 1998-ci il oktyabrın 19-da kəmərin tikintisi ilə bağlı "Ankara bəyannaməsi”nin imzalanması oldu. 1999-cu il noyabrın 18-də isə ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dairsaziş imzalandı. Bu sənədə sözügedən üç ölkənin dövlət başçıları ilə yanaşı, ABŞ və Qazaxıstan prezidentləri də imza atdılar. BTC-nin tikintisi qarşısında yaşıl işıq yandıran bu saziş "Əsrin müqaviləsi”ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi.

2002-ci il sentyabrın 18-də Səngəçal terminalında BTC-nin təməlqoyma mərasimi keçirildi. Tədbirdə ümummilli lider Heydər Əliyev çıxış edərək demişdir: "Bakı-Tbilisi-Ceyhan boru xəttinin əleyhinə çıxanlar çox vaxt belə söyləyirdilər ki, bu, xəyaldır, mümkün deyil. Azərbaycanda o qədər neft yoxdur, olmayacaqdır. Belə danışıqlar çox idi. Zaman çox keçdiyinə görə, bu danışıqlara inanırdılar. Ancaq bunların hamısı əsassız oldu. Biz öz işimizi gördük. Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi” adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız, amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə indi xəyaldan gerçəkliyə gəlib çatmışıq”.

Dünya miqyaslı bu layihənin təməli qoyulandan sonra güman etmək olardı ki, işlər artıq rəvan gedəcək. Lakin belə olmadı. Ölkəmizin xaricində və daxilində BTC-nin bədxahları yenə də rahatlıq tapa bilmir, layihənin gerçəkləşməsinə hər vasitə ilə əngəl törətmək istəyirdilər. Bu dəfə onlar beynəlxalq qurumların ofisləri qarşısında toplaşdılar. Növbəti uydurmaları bu idi ki, BTC ətraf mühitə zərbə vuracaq. Lakin layihənin ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədlərində ekologiya ilə bağlı bütün məqamlar nəzərə alınmışdı.

BTC-nin maliyyələşdirilməsi kəskin bir problem kimi ortaya çıxanda bu müşkülüümummilli lider Heydər Əliyevin dünyadakı böyük siyasi nüfuzu həll etdi. 2003-cü ilin fevralında ABŞ-da keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır” beynəlxalq konfransında iştirak edən ulu öndər maliyyə qurumlarının rəhbərləri ilə söhbətlər apardı və məsələnin müsbət həllinə nail oldu.

2004-cü ilin fevralında Bakıda, "Gülüstan” sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşdirilməsinə aid son sənədlər imzalandı. Bununla da kəmərin maliyyələşdirilməsi məsələləri bitdi.

2005-ci ilin əvvəlində "Azəri” yatağından ilkin neft alındı və bir neçə ay sonra BTC Səngəçal terminalında həmin neftdən özünün birinci yükünü götürdü. Bir il yol gedən Azərbaycan nefti Ceyhan terminalına 2006-cı il mayın 28-də çatdı. İyunun 4-də BTC-nin gətirdiyi neftlə yüklənmiş ilk tanker dünya bazarlarına yola salındı. İyulun 13-də isə Ceyhan şəhərində kəmərin tam bir sistem kimi işə düşməsi münasibətilə təntənəli mərasim keçirildi. Həmin vaxtdan bəri dünya bazarlarına göndərilən tankerlərin sayı 4000-i ötüb.

BTC həm yeni-yeni layihələrə yol açdı. Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin dediyi kimi: "1990-cı illərdə neft sənayesi ilə bağlı bir çox tarixi hadisələr baş verdi. Mən xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildən Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir bu kəmər əsasında bu gün "Cənub qaz dəhlizilayihəsi icra edilir”.

Kəmər bu gün ahəngdar işləyərək təkcə ölkəmizə deyil, ərazisindən keçdiyi Gürcüstan Türkiyəyə gəlirlər gətirir. Lakin məsələ təkcə iqtisadi əhəmiyyətdən ibarət deyil. BTC həmçinin böyük siyasi rol oynayır. O, bir polad kəmər kimi regionun dövlətlərini, layihədə iştirak edən bütün ölkələri bir-birinə daha sıx bağlayır. Xəzərin sahilindən Avropaya uzanan enerji dəhlizinin möhkəm bünövrəsi kimi daha böyük əhəmiyyət kəsb edir.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.-28 fevral.- S.11.