Milli həmrəyliyin nümunəsi

 

Paytaxt Bakı, eləcə də bütün Azərbaycan 27 il bundan əvvəl - fevralın 25-dən 26-na keçən gecə erməni terror dəstələri və Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı sakinlərinə qarşı törədilən dəhşətli soyqırımının ildönümünü milli həmrəyliyin hüznlü təntənəsi, böyük ürək ağrısı ilə yad etdi.

İnsanlar matəm ab-havası ilə istər Bakıda, istərsə də bölgələrdə, ən ucqar kəndlərdə Xocalıda həmin gecə ermənilər tərəfindən yurdu dağılmış 70 min insanı yada saldılar, amansızlıqla qətlə yetirilən o müdhiş gecədə şəhid olanların ruhuna dualar oxudular, sağ qalan xocalılılara Allah-təaladan səbr və sağlamlıq dilədilər. Və bütün diləklərin sonunda insanlar dünya ictimaiyyətinə, dünya birliyinə belə bir mesaj verdilər: "Ey tərəqqipərvər bəşəriyyət, Xocalı soyqırımını tanı!”

Fevralın 26-da soyqırımın 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə milli mənsubiyyətindən asılı olmayaraq, minlərlə insan iştirak edirdi. Dünya xalqlarının diqqətini özünə çəkən bu yürüşün önündə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və ailə üzvləri, eləcə də hökumət üzvləri gedirdi. Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri abidənin önünə güllər düzdülər.

Ümumxalq yürüşündə döşlərinə qara lent taxmış, əllərində "Xocalıya ədalət!”, "Xocalı - XX əsrin soyqırımı”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, "Cinayətkarlar mütləq cəzalandırılmalıdır” və s. bu kimi transporantlarşüarlar tutmuş minlərlə insan bu yürüşə qatılmaqla Prezidentin ətrafında sıx birləşdiklərini, onun siyasətini ürəkdən dəstəklədiklərini nümayiş etdirdilər. Xalq dövlət başçısı İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün apardığı məqsədyönlü siyasəti dəstəklədiyini daim nümayiş etdirib. Dünən bir daha paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətdə olan on minlərlə insan ümumxalq yürüşünə qatılmaqla Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdilər, erməni vandalları tərəfindən törədilmiş bu cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırdılar.

Həmin tarixdə diqqət çəkən məqamlardan biripopulizm xəstəsi, mifomaniya kimi ağır sindroma düçar olan Əli Kərimlinin etdiyi hərəkətlər, yenə də əsl mahiyyətini ortaya qoyması oldu.

"Ana harayı” abidə kompleksinə günortadan sonra gələn Əli Kərimlini cangüdənlər müşayiət edib. Görəsən, o, kimdən qorxur? Xalqdanmı?.. Sual olunur: Əli Kərimlini bu insan izdihamına qoşularaq abidə kompleksini ziyarət etməyə nə mane olurdu. Heç bir yerdə rəsmən çalışmayan təşkilat rəhbərinin bu cangüdənləri hansı maliyyə hesabına saxlaması məsələsi digər bir müzakirə predmetidir.

Bir sözlə, Əli Kərimlinin "arxamızca on minlər gəlir” iddiası növbəti dəfə ifşa olundu. Anım tədbirində Prezident İlham Əliyevin ardınca böyük insan izdihamının "Ana harayı” abidəsini ziyarət etməsi şəhidlərimizin ruhuna hörmət olmaqla tədbirin məhz belə axarda keçməsini labüd edir. Demək ki, insanlar əsl liderinin arxasınca gedirlər.

Bu gün soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ölkə başçısı, Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü addımlar atılır, tədbirlər, görüşlər keçirilir. Bununla da BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini çatdırmaqla beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırır. Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri danılmazdır. Ailəsi ilə birlikdə yürüş iştirakçılarının önündə dayanan Mehriban xanım Əliyevanın gərgin əməyi sayəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında dolğun şəkildə məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan "Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkəsində diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlərin həyata keçirilməsi isə bu faciənin dünyada soyqırımı aktı kimi tanınmasına xidmət edir. Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Belçika Krallığının Brüssel şəhərində izdihamlı mitinqin keçirilməsində əsas məqsəd azərbaycanlıların Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının tanıdılması olub. Kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılan mitinqdə çıxış edən Azərbaycan diaspor təşkilatları nümayəndələrinin Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırışlarında 27 il əvvəl Ermənistan tərəfindən törədilən Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, torpaqlarımızın geri qaytarılması üçün işğalçı dövlətə təzyiq göstərilməsi, yurdlarından didərgin düşən azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, Dilqəm Əsgərov və Şahbaz Quliyevdaxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri məlum qərar və qətnamələrə Ermənistan tərəfinin riayət etməsi kimi tələblər öz ifadəsini tapıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin xarici siyasətinin əsas istiqamətlərindən biri olan Xocalı soyqırımının dünyaya tanıdılması coğrafiyası ildən-ilə genişlənir. Təsadüfi deyil ki, bu gün 11 dövlət tərəfindən Xocalı soyqırımı rəsmən tanınmışdır. Artıq bir çox ölkələrdə "Xocalıya ədalət!” devizi ilə xalqımızın haqq səsini dəstəkləyən tərəfdaşların sayı çoxalmaqdadır. Azərbaycandan kənarda bu cür tədbirlərin keçirilməsi bir daha dünyaya bəyan edir ki, Ermənistan illərdir terrorçuluq və işğalçılıq siyasəti yürüdür.

Prezident İlham Əliyevin öndərliyi ilə milli həmrəyliyin hüznlü təntənəsinə çevrilən bu ümumxalq yürüşündə beynəlxalq aləmə bir daha çatdırıldı ki, BMT kimi mötəbər bir təşkilatın dörd qətnamə qəbul etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən hələ də Ermənistana güclü təzyiq göstərilmir.

İldönümü günü Azərbaycanın hər yerindən insanlar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə yürüş ediblər. Minlərlə insan 27 il əvvəl görünməmiş vəhşiliyin qurbanı olmuş dinc həmvətənlərini "Ana fəryadı” abidəsinin önünə çiçək qoymaqla yad etmişlər. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin tərəfindədir və onun siyasətini ürəkdən dəstəkləyir.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.-28 fevral.- S.14.