Milli Aviasiya Akademiyasında illik “Fevral məruzələri” başlayıb

 

Milli Aviasiya Akademiyasında (MAA) illik "Fevral məruzələri” başlayıb. AZƏRTAC xəbər verir ki, fevralın 27-də akademiyanın Tələbə-Tədris Mərkəzində "Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” ("Fevral məruzələri- 2019”) mövzusunda IV beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb.

Təhsil Nazirliyi, "Azərbaycan Hava Yolları” QSC, Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və "Azərkosmos” ASC-nin təşkilatçılığı ilə keçirilən konfransda ABŞ, Türkiyə, Almaniya, Rusiya və Azərbaycandan olan nümayəndələr iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə MAA-nın tələbələrinin əl işlərindən ibarət "Aviamodelizm” sərgisinə və akademiyanın "CanSat” komandasının beynəlxalq müsabiqələrdə qazandığı uğurları əks etdirən stendlərə baxış keçirib.

Konfransın açılışında MAA-nın prorektoru Ədalət Səmədov Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub.

O bildirib ki, konfransın fevralda keçirilməsi, ilk növbədə, Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1”in 2013-cü ilin fevralın 8-də orbitə buraxılması ilə bağlıdır. Fevralda eyni zamanda, Azərbaycan Gəncləri Günü də qeyd olunur: "Bu həm də onunla əlamətdardır ki, yanvarın 10-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” sərəncam imzalayıb. Bu sərəncam elmi nailiyyətlərə əsaslanan məhsulun, xidmətlərin, proseslərin və həllərin, o cümlədən startapların hazırlanması, təqdimatı və istifadəsi başlanğıcları da daxil olmaqla, məhsulların, xidmətlərin, texnologiyaların, proseslərin və həllərin hazırlanmasını, təqdimatını və istifadə edilməsini nəzərdə tutur. Bu baxımdan, hesab edirik ki, konfrans gənclərin elmi-tədqiqat işlərinə cəlb edilməsi baxımından olduqca vacibdir. Sevindirici haldır ki, keçən il sentyabrın 26-da Azərbaycanın sayca üçüncü peyki olan "Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb və artıq kommersiya fəaliyyətinə başlayıb”.

"Konfransın proqramına ümumilikdə 20 universitet, elmi-tədqiqat institutu və təşkilatdan olan nümayəndələrin məruzəsi daxil edilib. Artıq dördüncü dəfədir keçirilən konfrans gənclərə elmi müzakirələrdə iştirak etməyə, elmi mərkəzlərlə tanış olmağa və yeni əlaqələr qurmağa imkan yaradır. İki gün davam edəcək konfrans çərçivəsində 7 bölmə üzrə mülki aviasiya və kosmik sahənin aktual problemlərinə həsr olunan 87 məruzə dinləniləcək. Konfrans çərçivəsində, həmçinin təyyarəqayırma, mühəndis dizaynı sahəsində müasir informasiya texnologiyaları, elmi-tədqiqat işlərinə gənclərin cəlb edilməsinə müasir yanaşmalar, hava nəqliyyatında təhlükəsizlik sahələrində Rusiya və Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə "dəyirmi masa”lar keçiriləcək” - deyə Ə.Səmədov vurğulayıb.

Plenar iclasda akademik Roald Saqdeyevin "Beynin fəaliyyəti ilə bağlı elmin uğurları”, professor Mesud Əfəndiyevin "Sonsuz ölçülü dinamik sistemlərin aktual məsələləri”, professor Kərim Allahverdiyevin "Milli Aviasiya Akademiyasında lazer tədqiqatlarının inkişaf perspektivləri” mövzusunda məruzələri dinlənilib.

Konfrans öz işini bölmələrdə davam etdirib.

 

Azərbaycan.- 2019.-28 fevral.- S.15.