Mextild Rossler: Azərbaycan mədəni sərvətlərinə, irs nümunələrinə diqqət və qayğı ilə yanaşır

 

Bakıda işə başlayan UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dən artıq ölkəsindən 2500-dən çox nümayəndə iştirak edir. Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Eyni zamanda, Bakıda UNESKO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti müzakirə ediləcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler deyib.

Xanım M.Rossler tədbirin əhəmiyyətini vurğulayıb. Tədbir çərçivəsində təşkil edilən Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumunun işini yüksək dəyərləndirən direktor təşkil edilən sessiyalarda maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb. Burada olduğumuz bir neçə gün ərzində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidiyik. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, Azərbaycan mədəni sərvətlərinə, irs nümunələrinə diqqət və qayğı ilə yanaşır.

Bu gün Qobustan Milli Tarix-Bədii Qoruğunda olduğunu söyləyən Mextild Rossler buradakı nadir qayaüstü rəsmlərə heyranlıqla baxdığını və ərazinin açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazandığını vurğulayıb.

UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler əmin olduğunu bildirib ki, on gündən sonra hər bir iştirakçı Bakıdan xoş təəssüratlarla ayrılacaq.

 

Azərbaycan.- 2019.-2 iyul.- S.3.