Azərbaycan növbəti beynəlxalq tədbirə evsahibliyi edir

 

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin yüksək qlobal nüfuzunun təsdiqidir

 

İyun ayında Bakı bir neçə beynəlxalq tədbirə evsahibliyi etdi. İyunun 20-21-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası, iyunun 24-26-da Heydər Əliyev Mərkəzində BMT-nin Dövlət Xidmətləri Forumu keçirildi. İyunun 30-dan isə paytaxtımızda UNESCO-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı) Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası start götürdü.

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına evsahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb və Təşkilat Komitəsi yaradılıb. Prezidentin başqa bir sərəncamı ilə sessiyada iştirakla əlaqədar Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib. Beləliklə, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.

UNESKO-nun məramı dünyada ölkələr arasında adından da göründüyü kimi elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq körpüsü salmaqdır. Məqsəd beynəlxalq miqyasda sülhə və təhlükəsizliyə töhfələr verməkdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra əksər mötəbər beynəlxalq təşkilatlarla olduğu kimi UNESKO ilə də əməkdaşlığa başlayıb. Artıq 27 ildir ki, respublikamız UNESKO ilə fəal əməkdaşlıq həyata keçirir.

Bu təşkilatla Azərbaycan arasında əlaqələrin təməlinin qoyulmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük xidmətləri var. Ulu Öndər 1993-cü ilin dekabrında Fransaya səfəri zamanı UNESKO-nun Baş direktoru ilə görüşü zamanı Azərbaycanla bu təşkilat arasında əlaqələri müzakirə edib. Təşkilatın qaydalarına görə, üzv dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini bu təşkilatın işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ulu Öndər Heydər Əliyev Fransaya səfərdən sonra, 1994-cü il fevralın 21-də UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılması barədə sərəncam imzalayıb.

Prezident İlham Əliyev də bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. 2004-cü ilin sentyabr ayında Azərbaycanın UNESKO yanında Daimi Nümayəndəliyi təsis edilib. 2006-cı ildə isə ölkəmiz UNESKO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasını təsdiq edib.

Bu gün Azərbaycanla UNESKO arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Təbii ki, bu qurumlar əlaqələrin son illərdə yüksələn xətlə inkişafında, möhkəmləndirilməsində, milli-mədəni irsimizin UNESKO xətti ilə bütün dünyada təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, xanım Mehriban Əliyeva ölkəmizin mədəni irsinin təbliğinin, onun milliregional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə xanım Mehriban Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu gün muğamsevərlərin istifadəsində olan bu mərkəz həm də beynəlxalq musiqi tədbirlərinin keçirilməsi üçün unikal məkandır.

Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə verdiyi töhfələr UNESKO-nun diqqətindən yayınmayıb. 2004-cü il avqustun 13-də Mehriban Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESKO-nun "Xoşməramlı səfiri” adına layiq görülüb. Mehriban Əliyeva mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərinə görə UNESKO-nun "Qızıl Motsart” medalı ilə də təltif edilib.

Məhəmməd Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, N.Tusinin 800 illik, Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin 100 illik, rəssam-xalçaçı Lətif Kərimovun 100 illik, "Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, akademik Musa Əliyevin 100 illik, yazıçı Mir Cəlal Paşayevin 100 illik, rəssam Səttar Bəhlulzadənin 100 illik, İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, Üzeyir Hacıbəylinin "Arşın mal alanmusiqili komediyasının 100 illik, "Kitabi-Dədə Qorqudeposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileylərinin UNESKO səviyyəsində qeyd edilməsi ölkəmizlə bu təşkilat arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Azərbaycan-UNESKO əməkdaşlığı barədə Bakıda səfərdə olan UNESKO-nun Baş direktoru Odre Azulenin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərində də söz açıldı.

İlham Əliyevlə görüşdə Odre Azule Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirdi və ölkəmizdə mədəni və tarixi irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev mədəniyyətlərarası dialoq barədə danışaraq "Bakı Prosesinin artıq böyük qlobal platformaya çevrildiyini və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini dedi. Həmçinin ölkəmizdə mədəni və təbii irsin qorunmasının gündəlikdə duran ən önəmli məsələlərdən biri olduğunu qeyd etdi.

UNESKO-nun Baş direktorunun Mehriban Əliyeva ilə görüşündə də Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın bir çox sahələrdə - mədəniyyət, elm, təhsil və digər istiqamətlərdə çox uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. "Bütün bu illərdə birgə keçirilən toplantılarda, böyük beynəlxalq tədbirlərdə UNESKO ailəsinin üzvü olmaq mənim üçün çox xoşdur, böyük şərəfdir”, - deyən Mehriban Əliyeva bu il əməkdaşlığın 27-ci ildönümünün qeyd ediləcəyini bildirdi, dünya mədəniyyət irsinin qorunmasında gələcəkdə də çox uğurlu əməkdaşlıq qurulacağına əminliyini ifadə etdi. UNESKO-nun xoşməramlı səfiri onu da bildirdi ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mədəni, tarixidini irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilibson illərdə Azərbaycanda UNESKO-nun tərəfdaşlığı ilə bir sıra möhtəşəm beynəlxalq forumlar, tədbirlər uğurla təşkil edilib.

 

Beləliklə, Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi edir. Mühüm beynəlxalq əhəmiyyətə malik belə bir tədbirin Bakıda keçirilməsi ölkəmizlə UNESKO arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında 2500-ə yaxın qonaq iştirak edəcək. Dünyanın müxtəlif ölkələrini təmsil edən iştirakçılar dünya irsinin qorunması üçün görülməsi vacib olan tədbirləri müzakirə edəcəklər.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.-3 iyul.- S.1; 4.