Obrazların mimika və jestlərlə açılışı

 

Azərbaycan Pantomima Teatrı 25 ildir tamaşaçılarını sözün yox, baxışların hikmətinə heyran qoyur

 

Teatrın tarixi, əlbəttə, peşəkar səhnə əsərlərinin yaranması ilə ölçülə bilməz. Xalq teatrları, onlardan da öncə yaranmış məzhəkə və meydan tamaşaları teatrın rüşeymləri və qığılcımları kimi onun ilkinliyini qoruyub saxlamaqda bu gündavam edir. Bunu təbii ki, folklor nümunələrində də görmək çətin deyil. Əsrlərdir ki, həyat hadisələrinin bədii ifadəsi olduğunu təsdiqləyən səhnə sənətinin yaşı Azərbaycanda 1873-cü ildən hesablanır.

Lakin zaman keçdikcə dram teatrında da yeni formajanrlar yaradıldı. Yeni aktyor nəsilləri yetişdikcə teatra münasibət, ondan irəli gələn tələblər də dəyişildi. Beləliklə də, dramdan savayı opera, muğampantomima kimi teatr janrları yaradıldı. Bax, elə 25 il öncə mimika və jestlərlə səhnəyə çıxan bir qrup aktyor tamaşaçı rəğbətini qazandı, baxmayaraq ki, bəziləri teatrdakı bu yeniliyi həzm edə bilmirdi.

Azərbaycan milli teatr tarixində özünəməxsus yeri olan Dövlət Pantomima Teatrının yaranma tarixi belə başlayıb. Teatrın yaradılmasının və fəaliyyətinin 25 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən yubiley gecəsində sənət ocağının yaradıcılıq yoluna geniş nəzər salındı. Teatrın foyesində pantomimçilərin 25 illik fəaliyyətinə həsr olunmuş sərgi də tamaşaçılarda böyük təəssürat yaratdı.

Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin müavini, Xalq artisti Hacı İsmayılov teatrın yaranma tarixinə qısaca nəzər salaraq qeyd etdi ki, 1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində "Dəli yığıncağı” pantomima teatr studiyası yaradılıb. 2000-ci ildə studiyaya dövlət teatrı statusu verilib.

Türkiyə, Bolqarıstan, İran, Almaniya, Gürcüstan, Rusiya, Fransa, Hollandiya, Avstriya və digər ölkələrdə qastrolda olan teatr təqdim etdiyi maraqlı səhnə əsərləri ilə teatrsevərlərin diqqətini cəlb edib. Bu gün repertuarında 50-dən artıq tamaşa var. Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Elman Rəfiyev, Nargilə Qəribova, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və başqaları hazırda Azərbaycan Pantomima Teatrının istedadlı sənətçilərindəndir.

Azərbaycan milli teatrının bünövrəsi meydan tamaşalarından qoyulduğundan, onun bundan sonra da uzunömürlü olmasına şübhə yoxdur. Çünki bu sənəti yaşadanlar yalnız səhnə fədailəri deyil, xalqın özüdür. Xalq isə özünün tarixi keçmişini yaşatmaqda mühüm vasitə rolu oynayan mədəniyyət və incəsənətin inkişafı yolunda daim mübarizələrdən keçib.

Azərbaycan teatr tarixinə adları qızıl hərflərlə yazılan korifey sənətkarlarımızın fəaliyyətinə nəzər salsaq, bir daha yəqinləşdirərik ki, milyonlarla insanın həyat və təfəkkür tərzi - onların ictimai münasibətləri, baxışları, adətləri, inamları, idealları, arzu və istəkləri sənətkarların yaradıcılığında təcəssüm etdirilib.

Pantomima Teatrına gəlincə, bu mənada yaradıcı kollektivin üzərinə daha çoxişinin öhdəsindən bacarıqla gəlmək məsuliyyəti düşür. Axı onların təqdim etdikləri əsərlərdə dramaturqla rejissorun aktyora verdiyi imkanlardan daha çox obrazı yaradanın jest və mimikaları diqqət çəkir. Buna görə də janrın tələbkar tamaşaçılarının zövqünü oxşamaq bir qədər çətindir. Uğurlar olsun sözsüz səhnənin səssiz aktyorlarına ki, hərəkətləri ilə bizə çox mətləbləri eyhamla anladırlar...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-5 iyul.- S.5.