UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edib

 

29 irs nümunəsi UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb

 

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 8-də öz işini davam etdirib.

Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev iştirakçılara plenar iclasdan əvvəl keçirilmiş Büro iclası barədə məlumat verib. Bildirib ki, Büro iclasında bu günlər ərzində görülən işlər, qəbul edilən qərarlar müzakirə edilib. Sessiyaya təqdim edilmiş qərar layihələri, üzv dövlətlər tərəfindən edilən əlavə və düzəlişlər müzakirə olunaraq gündəliyə salınıb.

Nazir bildirib ki, ötən müddətdə Bakı sessiyasında 29 nominasiya UNESKO-nun siyahısına salınıb, bir fayl geri götürülüb. Bununla da UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb.                

Sonra gündəlik üzrə məsələlərə baxılıb.

Keniyanın 2001-ci ildə UNESKO siyahısına salınmış Lamu şəhərinin vəziyyəti müzakirə olunduqdan sonra qərara düzəlişlərin edilməsi gələn sessiyayadək təxirə salınıb.

"Tarixi şəhərlərdə turizm" ilə bağlı Beynəlxalq Memarlar İttifaqının (BMİ) Azərbaycanda keçirilmiş konfransında qaldırılan məsələlər barədə məlumat verilib. Bildirilib ki, BMİ bununla bağlı xüsusi təlimat hazırlayır.

Sonra Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) nümayəndəsi hesabatla çıxış edib. Hesabatda üzv dövlətlər, məşvərətçi orqanlar ilə əməkdaşlığın müsbət təsirindən söz açılıb. Məruzəçi qeyd edib ki, ekspertlər təbii fəlakətlərin idarə olunması, iqlim dəyişikliyinin Ümumdünya İrs Siyahısına daxil edilmiş təbiət və mədəniyyət abidələrinə təsirini azaltmaq üzərində çalışırlar.

İclasda UNESKO-nun 2-ci kateqoriya mərkəz və qurumlar ilə əməkdaşlıq perspektivləri də müzakirə edilib. ICCROM təmsilçisi çıxışlardan sonra söz alaraq bacarıqların idarə olunması üzrə nəzərdə tutulan bütün tədbirləri həyata keçirmək üçün maliyyə vəsaitinin kifayət qədər olmadığını bildirib. Qurumun Afrika ölkələri üçün xüsusi proqramın hazırlanması barədə məlumat verilib və gənclərin bu işə cəlb olunmasının vacibliyi qeyd edilib.

UNESKO-nun Ümumdünya İrsi Mərkəzinin direktoru xanım Mextild Rössler səsləndirilmiş fikirləri yekunlaşdıraraq bildirib ki, əgər bütün ölkələr bacarıqların və sahələrin idarə olunmasına qoşularsa rahat, nailiyyətlər çox olar.

Xırda düzəlişlərdən sonra qərar qəbul edilib.

Bildirilib ki, hazırda UNESKO-nun Ümumdünya İrs Siyahısında 1121 nominasiya yer alır. Bunlardan 869-u mədəni, 213-ü təbi, 39-u qarışıq irs nümunəsidir. Bakıda Afrika, ərəb ölkələri, AvropaŞimali Amerikaya məxsus ümumilikdə 29 irs nümunəsi siyahıya salınıb. Bir fayl geri götürülüb, biri isə qəbul edilməyib. Bildirilib ki, gələn il keçiriləcək 44-cü sessiyada 160-dan çox sahənin siyahıya daxil edilməsinə baxılacaq.

Növbəti sənəd “Təhlükə altında olan dünya irs siyahısı” barədə olub. Qərar layihəsində diqqətə çatdırılıb ki, sessiyada Çilidəki HumberstoneSanta Laura duz mədəni və Betlehem kilsəsi (Fələstin) təhlükə gözləyən abidələr siyahısından çıxarılıb.

Xanım Rössler əlavə olaraq deyib: Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyaya (1972) əsasən, Dünya İrs Mərkəzinə maddi yardım edilərsə, biz yoxsul ölkələrə abidələrin qorunması üçün maliyyə dəstəyi göstərə, bu yolla da təhlükə gözləyən abidələr siyahısını təzələyərək qısalda bilərik. Həqiqətən də elə ölkələr var ki, maliyyə çətinlikləri üzündən öz abidələrini bərpa edə, illərlə təhlükə siyahısından çıxara bilmirlər”.

 Mövzu müxtəlif aspektlərdən geniş müzakirə edilib. Müzakirələrdən sonra təklif edilən dəyişikliklər qərar layihəsinə əlavə olunub.

Günün ikinci yarısında üzv dövlətlər ilə Ümumdünya İrs Komitəsi və məşvərətçi orqanlar arasında əməkdaşlığın protokol, prosessual qaydalarına dair yeni qərar layihəsi müzakirə edilib. Əsas müzakirə mövzusu komitənin növbəti sessiyasında müzakirəyə çıxarılacaq nominasiya ilə bağlı olub. Vurğulanıb ki, bununla bağlı son məlumatlar gələn il fevralın 28-dək məşvərətçi orqanlara çatdırılmalıdır. Nümayəndə heyətləri qərar layihəsinə əlavə edilmək üçün səmərəli təkliflər irəli sürüblər. Bənd-bənd müzakirə edilən qərar qəbul edilib.

 Müzakirə edilən ikinci layihə Asiya, Afrika, ərəb dövlətləri qrupu, Karib dənizi ölkələri, AvropaŞimali Amerika üzrə hesabatların dinlənilməsi ilə bağlı olub. İlk hesabatı Çin təqdim edib. AsiyaSakit okean regionunda təhlükə altında olan məkanların ziyarət edilməsi və seminarların keçirilməsinin vacibliyi vurğulanıb.

Ardınca da Afrika və ərəb dövlətləri qrupunun hesabatları dinlənilib. Natiqlər görülən işləri kifayət qədər geniş əhatə etdikləri üçün hesabatlar irad bildirilmədən qəbul edilib. Ərəb qrupu üzrə məruzəçi hərbi münaqişələrdən əziyyət çəkmiş Liviya, Suriya və İraqdakı abidələrlə bağlı xüsusi monitorinqlərin aparıldığını bildirib. Karib və Latın Amerikası ölkələri üzrə məruzədə regionda baş vermiş təbii fəlakətlərin nəticələrinin öyrənildiyi, mədəni risk qrupuna daxil olan məkanların nəzərdən keçirildiyi vurğulanıb.

AvropaŞimali Amerika regionu üzrə hesabat məruzəsində isə bildirilib ki, onlar 39-cu sessiyada qəbul edilmiş tədbirlər planı üzrə öz fəaliyyətlərini davam etdiriblər. Sonra katiblik bir il ərzində görülmüş işlər, mühüm sənədlərin alt regionların işlək dilə tərcümə edilməsi barədə məlumat verib. Hesabatlara əlavələr olmadığı üçün müzakirəsiz qəbul edilib.

Ümumdünya İrs Komitəsi və məşvərətçi orqanların hazırladıqları növbəti sənəd mədəni sahələrin siyahıdan çıxarılması proseduralarının təkmilləşdirilməsinə həsr olunmuşdu. Hesabat dinlənildikdən sonra Norveç, Burkina-Faso, Azərbaycan nümayəndələri öz fikirlərini bildiriblər. Sənəd qeyd-şərtsiz qəbul edilib.

İclasın sədri Əbülfəs Qarayev müzakirə olunan növbəti məsələni elan etdikdən sonra qarışıq nominasiyaların siyahıya daxil edilməsi üzrə proseslərdə irəliləyiş haqqında Ümumdünya İrs Komitəsi ilə ICOMOS-un birgə təqdimatı dinlənilib. Təkliflər nəzərə alınmaqla sənəd qəbul edilib.

Günün sonuncu təqdim edilən sənəd Ümumdünya İrs Komitəsinin siyasi sənədlər toplusu ilə bağlı olub. Bu toplunun onlayn variantı Koreya Respublikasının maliyyə dəstəyi ilə hazırlanıb. Sənəd təsdiq olunub.

Sessiya işini iyulun 9-da davam etdirəcək.

 

Azərbaycan.- 2019.-9 iyul.- S.7.