Qaval daşından Xan Sarayına

 

Azərbaycan bəşəriyyətin irs siyahısında

 

Azərbaycan çoxvərəqli tarixi kitab kimidir. Bu "kitabı” - ölkəni vərəq-vərəq, əvvəldən sonadək "oxuyandansonra onun zəngin mədəniyyətə malik ölkə olduğunu başa düşmək olar...

Artıq dünya da bu "kitabı” vərəqləməyə başlayıb. Hər səhifəsindəki tarix oxunduqca, üzə çıxdıqca dünya Azərbaycan xalqının qədim tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi qarşısında heyrətlənir. Və hər dəfə yeni səhifə çevrildikcə Azərbaycanın çoxəsrlik zəngin milli-mənəvi irsi öz möhtəşəmliyi ilə dünyanı təəccübləndirib, fəth etməyə davam edir...

Ötən həftə dünya Azərbaycan adlı "kitabın” yeni vərəqinə nəzər saldı - "Şərqin incisi” sayılan Şəkiyə... Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşmiş dilbər guşəmizə... Şəki öz əsrarəngiz tarixi, unikal abidələri və ecazkar təbiəti ilə bütün dünyanın diqqətini öz üzərinə çəkməyi bacardı. Və Şəkinin tarixi mərkəzi Xan Sarayı ilə birgə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi.

 

Azərbaycan-UNESKO əməkdaşlığının tarixi

 

BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESKO dünyanın təhsil, elm, mədəniyyət, informasiyakommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. 4 noyabr 1946-cı ildə 20 üzv dövlətlə rəsmi fəaliyyətə başlayıb. Azərbaycan hələ XX əsrin 60-cı illərindən Sovet İttifaqının tərkibində olarkən bu təşkilatın fəaliyyətində iştirak edirdi.

1967-ci ildə "Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundovun komediyaları, "Dünya xalqlarının musiqisi” seriyasından Azərbaycan muğamlarından ibarət iki valiki audio-kaset UNESKO tərəfindən buraxılmışdı.

1980-ci illərdə UNESKO-nun Parisdəki baş qərargahında "Azərbaycan xalçaları”, "Azərbaycan əlyazmaları”, Londonda isə "Bakının memarlığı” sərgiləri keçirilmiş, təşkilatın baş qərargahında Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı olmuşdu. Bakıda "Dil və şəhər” və "Şərq xalça sənəti” beynəlxalq konfranslarının keçirilməsi üçün qurum Azərbaycana maliyyə yardımı göstərmişdi. 1983-cü ildə Azərbaycan hökuməti xalçaçı-rəssam Lətif Kərimovun toxuduğu, üzərində Memar Əcəmi Naxçıvaninin təsviri olan xalçanı Bakıya səfər etmiş UNESKO-nun Baş direktoru Amadu Mahtar M`Bou vasitəsilə təşkilata hədiyyə etmişdi.

Sovet İttifaqı dövründə Azərbaycanın UNESKO ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdu. O, beynəlxalq qurumun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdi. 1983-cü ildə Bakıda baş tutan "Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı Heydər Əliyev UNESKO-nun Baş direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla görüşmüşdü. Bu dostluq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin UNESKO ilə münasibətlərinə öz müsbət təsirini göstərmiş və beləliklə, Azərbaycanın təşkilatdakı uğurlarının təməli qoyulmuşdu.

1992-ci il 3 iyun tarixində Azərbaycan müstəqil ölkə olaraq UNESKO-ya üzv qəbul edildi. 1993-cü ilin dekabrında Prezident Heydər Əliyev Fransa Respublikasına rəsmi səfəri çərçivəsində qurumun Baş direktoru Federiko Mayorla görüşdü. 1996-cı ildə isə UNESKO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Həmin vaxtdan etibarən BMT-nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Bu əlaqələrin inkişafında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri danılmazdır. Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsində Mehriban xanımın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Birinci xanım 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə ölkəmizin zəngin, çoxşaxəli mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərir. Məhz bu fəaliyyətinə, Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Mehriban xanım 2004-cü il avqustun 13-də UNESKO-nun xoşməramlı səfiri adına layiq görüldü.

Məhz bundan sonra mötəbər beynəlxalq qurumla Azərbaycan arasındakı əlaqələr daha da inkişaf etməyə başladı. Heydər Əliyev Fondu və UNESKO arasında əməkdaşlıq çərçivəsində sazişlər imzalandı. Ölkəmiz təşkilatın müxtəlif konvensiyalarına qoşuldu. 2005-ci ildən Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi etdi. Azərbaycan 2005-2009-cu illərdə İcraiyyə Şurasının üzvü, həmçinin bir sıra digər alt komitələrin üzvü oldu. Hazırda Azərbaycan Respublikası UNESKO-nun bütün prioritet istiqamətləri üzrə təşkilatla sıx əməkdaşlığını davam etdirir.

Bu əlaqələrin nəticəsidir ki, Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri UNESKO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur. Bu uğur ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü əvəzsiz xidmətlərin nəticəsidir. Mehriban xanım tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq onların dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Məhz bu uğurlar sayəsində Azərbaycanın maddiqeyri-maddi mədəni irs nümunələri UNESKO-nun siyahılarında yer almaqdadır.

Qeyd edək ki, xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına, üç maddi irs nümunəsi isə Ümumdünya İrs Siyahısına daxil edilib.

 

Azərbaycanın mədəni irsi bəşəriyyətə böyük töhfələr verir

 

Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu muğam sənəti təşkil edir. Millətin milli özünüdərki, həyat tərzi və soykökünün göstəricisi olan bu zəngin sənət xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Həm milli mədəniyyət, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının yüksək dəyəri nəzərə alınaraq 2003-cü ildə UNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olundu. İndi xalqımızın milli-mənəvi sərvəti olan muğamlarımız dünyanın əksər ölkələrində səslənir və böyük maraqla qarşılanır.

Muğam sənətinin dünyanın mədəni irs siyahısına daxil edilməsindən sonra yeni bir uğur əldə olundu. Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildi. Bu, milli irsimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Azərbaycan xalq yaradıcılığının dünyada təbliğinə zəmin yarandı. Tezliklə aşıq sənətimiz dünyada tanıdılmağa başlandı, Parisin Luvr Muzeyində və Strasburq şəhərində Azərbaycan aşıqları konsert proqramları ilə çıxış etdilər.

Eyni tarixdə Novruz bayramı da çoxmillətli nominasiya kimi UNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil olundu.

Bunların ardınca diqqət Azərbaycan xalçasının möhtəşəmliyini dünyaya təqdim etməyə yönəldildi. Beləliklə, 2010-cu il Azərbaycan mədəniyyətində baş verən önəmli hadisələrdən biri kimi xalça sənətimizin UNESKO-nun bəşəriyyətin qeyri-maddi-mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi ilə yadda qaldı. Xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılsa da, Azərbaycanda toxunanistehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunələr kimi qəbul olunur. Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi də bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.

Sonrakı illərdə Azərbaycan tarı və onun ifaçılıq sənəti, Çovqan ənənəvi Qarabağ atüstü oyunu, Kəlağayı sənəti və simvolizmi, Lahıcın misgərlik sənəti, lavaş, dolma, kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti, "Kitabi-Dədə Qorqud”, "Yallı ("Köçəri”, "Tənzərə”), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildi.

Bunlarla yanaşı, Azərbaycanın 3 tarixi maddi irsiÜmumdünya İrs Siyahısındadır. İlk olaraq "İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” 2000-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına salındı. Lakin 2001-ci ildə Azərbaycanda baş verən zəlzələ nəticəsində abidələrə zərər dəydi və bununla bağlı bir sıra problemlərə görə 2003-cü ildə Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında "İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray KompleksiUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edildi. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq İçərişəhərə və onun ərazisindəki tarixi-memarlıq abidələrinin qorunub saxlanmasına, mühafizəsinə və inkişafına dövlət qayğısı artırıldı, abidələr kompleksinin xarici təsirlərdən mühafizəsi üzrə uzunmüddətli strategiya çərçivəsində vahid siyasət həyata keçirildi. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində, 2009-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyası çərçivəsində qəbul edilən qərara əsasən, abidə UNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılaraq, əvvəlki statusu bərpa edildi.

2007-ci ildə Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən UNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci sessiyası çərçivəsində Qobustan Qaya Sənəti Mədəni Landşaftı Ümumdünya İrs Siyahısında özünə yer tutdu.

Qeyd edək ki, 2013-cü ildə Parisdə UNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində Azərbaycanın hər iki mədəni irs nümunəsinə "gücləndirilmiş mühafizə” statusu verilib.

 

Dünyada analoqu olmayan memarlıq incisi

 

Bir neçə gün öncə UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında isə Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına salındı.

Şəki Xan Sarayı analoqu olmayan, elə bu səbəbdən də dünyanı öz tamaşasına toplayan, sənətkarlıqla zəngin dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası Qafqazda XVIII əsrin saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir. Sarayı üzük qaşı kimi dörd bir tərəfdən möhtəşəm barılar əhatə edir. Barılar adi hasar kimi tikilməyib, onlar yazılıbdır. Xalq sənətkarları çox məharətlə bürcziqzaqlarla daşlardan "Məhəmməd Həsən xan” kəlməsi yazmışlar. Saray divarlarının ucaldılmasında çay daşlarından və çiy kərpicdən istifadə olunub.

Bura yolu düşən hər kəsi heyrətə gətirən, ilk növbədə, binanın fasadındakı şəbəkə pəncərə və qapılardır. Dünyada analoqu olmayan bu şəbəkələr xırda həndəsi fiqurlardan ibarətdir. Şəbəkəni yaradan ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geydirilib. Hər bir kvadratmetrdə orta hesabla 5000, mürəkkəb yerlərdə isə 14000 ağac və şüşə element var. Rəngli şüşələrdən düşən işıq divarlarda və döşəmədə əks olunaraq əlvan şəbəkə kölgələri yaradır. Ən maraqlısı isə odur ki, şəbəkələrin hazırlanmasında və ümumiyyətlə, binanın tikintisində nə yapışqandan, nə də mismardan istifadə edilib. Burada ağac və şüşələrin ölçüsü zərgər dəqiqliyi ilə hesablanıb.

Binanın daxilində həndəsi və nəbati naxışlara, quş şəkillərinə, süjetli rəsmlərə - döyüşov səhnələrinə daha geniş yer verilib. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Taxçalar Nizami Gəncəvinin "Yeddi gözəl”, "Leyli və Məcnun” poemalarına çəkilmiş illüstrasiyalarla bəzədilib. Salonun qalan sahəsi isə rəsmli, ornamentli şəbəkələrlə işlənib. Otaqların divarları ilə yanaşı, tavanını da incə naxışlar bəzəyir. Sarayın altı otağından hər birisi öz mənsubluğuna uyğun olaraq həndəsi, nəbati və cəng-döyüş rəsmləri ilə bəzədilib, altüst mərtəbələrdə simmetrik salınmış otaqlar bir-birindən, əsasən divar rəsmlərinin süjetləri ilə fərqlənir. Qadınlara məxsus otaqların divarları bütünlüklə gül-çiçəklə, ağac budaqlarına qonmuş cəh-cəh vuran bülbüllərlə, əfsanəvi quşheyvan şəkilləri ilə bəzədilib.

Sarayın ikinci mərtəbəsindəki xanın otağında bütünlüklə döyüş səhnələri təsvir olunub və məzmunca çox müxtəlifdir. Xanların müxtəlif illərdə qəsbkarlara qarşı apardıqları döyüşləri, nizələrin uclarına taxılmış başlar, üzərlərində ələm, qılınc, aypara rəsmləri olan bayraqlar, realistcəsinə çəkilmiş dəhşətli döyüş səhnələri adamı duyğulandırır. İstirahət otağındakı rəsmlərin süjeti isə tam başqadır. Bunlar, əsasən ov, şikar məzmunludurlar. İkibaşlı əjdaha ilə bərabər, təkə, ceyran, cüyür, canavarbaşqa şəkillər verilibdir.

Azərbaycan incəsənətinin möhtəşəm əsəri əsarət dövrünün acı zərbələrinə sinə gərib yaşadı, gözəllik və əzəmətini qoruya bildi. Vaxtilə müstəmləkəçilərin qəddar münasibəti ilə üzləşən sarayda mütəxəssislər dəfələrlə bərpa işləri apardılar və abidə ilkin halına qaytarıldı.

Bu gün Şəki Xan Sarayı öz gözəlliyi, qədimliyi, qeyri-adi memarlıq üslubu ilə turistləri ən çox özünə çəkən məkanlardandır. Sarayın qarşısında əkilmiş yüzillik xan çinarlar isə sanki tarixin səhifələrindən söz açır, gələnləri XVIII əsrə aparır.

Belə bir məkanın bəşəriyyətin İrs Siyahısında yer alması Azərbaycan üçün tarixi hadisədir. Bu tarixi hadisə münasibətilə dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva xalqımızı təbrik ediblər. İlham Əliyev təbrikində vurğulayıb ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaralar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunurlar.

Deməli, bundan sonra Azərbaycanın mədəni irs nümunələri həm də UNESKO kimi mötəbər beynəlxalq qurumun nəzarəti altında qorunacaq. Eyni zamanda ölkəmiz, abidələrimiz və millətimiz dünyada tanınacaq, zəngin və qədim tariximiz hər yerə yayılacaq.

Dünya Azərbaycan adlı çoxvərəqli, tarixi kitabı maraqla, diqqətlə oxuyur. Bu dəfə Azərbaycanın Şəki səhifəsi vərəqlənib, öz möhtəşəmliyi ilə dünyanı fəth etdi. Qarşıda isə hələ oxunmamış, vərəqlənməmiş səhifələr var - Atəşgah, Naxçıvan Mavzoleyi, Hirkan Dövlət Qoruğu, Şuşa Tarix-Memarlıq Qoruğu... Və vaxt gələcək Azərbaycanın Dağlıq Qarabağ səhifəsi də vərəqlənib öz tarixiliyi, zənginliyi, təkrarolunmaz mədəni irsi ilə dünyanı heyran qoyacaq...

 

Xəyalə MURADLI,

 

Azərbaycan.- 2019.-11 iyul.- S.1; 9.