Azərbaycan zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən bir məkandır

 

Şəki Xan Sarayı təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsidir

 

Azərbaycan ilk dəfə deyil ki, bütün dünyanın diqqətini öz üzərinə cəmləyir. Belə görüşlərin hər biri ölkəmizin ən yeni tarixini yazmaqla yanaşı, düşüncələrdə də öz izini qoyur, yeni səhifələr açır. İyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında çox sevindirici, önəmli bir hadisə baş verdi.

Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu, "İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, "Qobustan Qaya Sənəti Mədəni Landşaftı” ilə bağlı müvafiq qərarlardan sonra üçüncü tarixi abidəmizdir ki, belə bir mötəbər təşkilatın Ümumdünya İrs Siyahısına daxil edilir.

UNESKO-nin Qeyri-Maddi Mədəni İrs Siyahısında isə xalqımıza aid 13 mənəvi sərvət var. Prezident İlham Əliyevin bu münasibətlə xalqımıza təbrikində qeyd edildiyi kimi, həmin hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

Elə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi də bunun möhtəşəm nümunəsi sayıla bilər.

 

Əsrlərin mirası

 

Ölkəmizdə keçirilən bu cür qlobal tədbirlər Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin ayrı-ayrı istiqamətlərini əks etdirir.

Qeyri-maddi mədəni irsin qorunması bu gün tərəqqipərvər dünyanı düşündürən əsas məsələlərdəndir. Bu missiya Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin də mühüm tərkib hissəsinə çevrilmişdir.

UNESKO-nun müvafiq sənədlərində irs anlayışının kifayət qədər dəqiq izahı verilir. Bu, icmalar, qruplar və bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən onların mədəni irsinin bir hissəsi kimi qəbul edilən maddi və mənəvi nailiyyətləri, təcrübələri, bilik və bacarıqları, eləcə də maddi mədəniyyət abidələrini, əşyaları və mədəni məkanları özündə birləşdirir.

Belə bir sərvətin dəyəri onun qiymətli bir əmanət kimi nəsillərdən-nəsillərə ötürülməsindədir. Xalqın tarixi keçmişini canlandırması, insanlarda özünəməxsusluq, irsin varisliyi duyğusunu formalaşdırmasıdır. Bununla da mədəni müxtəlifliyə və insan yaradıcılığına vəsilə olmasıdır.

 

Tarixi irsimizin təkrarolunmaz inciləri

 

Bu dəyəri təhdid edən, onu aşındırıb sıradan çıxaran amillər tarix boyu hər zaman çox olub. Əgər əsrlər əvvəl xalqların maddi-mənəvi irsi üçün ən böyük təhlükələr dağıdıcı müharibələr, insan iradəsindən kənar təbii fəlakətlər idisə, bu gün qloballaşma prosesləri də maddi-mənəvi irs üçün ciddi təhdidlərə çevrilib. Ona görə də milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği, eləcə də beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək hazırda bütün ölkələrin yerinə yetirməli olduğu işdir. Azərbaycan dövləti bu sahədə üzərinə düşən vəzifələri illərdən bəridir ki, uğurla yerinə yetirir. Ölkəmizin bu istiqamətdə gördüyü işlərin mühüm bir qismi də, təbii ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin fəaliyyəti çərçivəsində, qurumun irəli sürdüyü prinsiplər əsasında aparılır.

Tarixə qısaca nəzər yetirək: Azərbaycan BMT-nin Mədəniyyət, Elm və Təhsil qurumu kimi yaradılmış UNESKO ilə çox zəngin əməkdaşlıq ənənələrinə malikdir. Belə ki, ölkəmiz hələ ötən əsrin 60-cı illərindən sovet respublikalarından biri kimi UNESKO-nun fəaliyyətində aktiv iştirak etmişdir. O dövrdə Azərbaycanın bu nüfuzlu təşkilatla əlaqələrinin qurulmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1983-cü ildə Bakıda təşkil edilmiş "Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı o vaxt artıq keçmiş SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyev UNESKO-nun Baş direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla şəxsən görüşmüşbu dostluq əlaqələri ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycanın mötəbər təşkilatla münasibətlərinə öz müsbət təsirini göstərmişdir.

Həmin illərdə, eyni zamanda UNESKO-nun Parisdəki baş qərargahında "Azərbaycan xalçaları” (1981), "Azərbaycan əlyazmaları” (1985), Londonda isə UNESKO-nun himayəsi altında "Bakının memarlığı” (1985) sərgiləri keçirilmişdir. 1984-cü ilin noyabr ayında UNESKO-nun baş qərargahında Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışı olmuşdur.

UNESKO Bakıda iki beynəlxalq tədbirin - "Dil və şəhər” (1981) və "Şərq xalça sənəti” (1983) konfranslarının keçirilməsi üçün Azərbaycana maliyyə yardımı göstərmişdir. 1983-cü ildə Azərbaycan hökuməti xalçaçı-rəssam Lətif Kərimovun toxuduğu, üzərində Memar Əcəmi Naxçıvaninin təsviri olan xalçanı Bakıya səfər etmiş UNESKO-nun Baş direktoru Amadu Mahtar M`Bou vasitəsilə təşkilata hədiyyə etmişdir.

 

Əməkdaşlıqda yeni səhifə

 

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra UNESKO ilə hələ sovet dövründən mövcud olan əməkdaşlıq əlaqələrini daha da gücləndirməyə başlamışdır. Ölkəmiz 1992-ci ildə quruma üzv olmuşdur. Mədəni irsə, elm və təhsilin inkişafına daim həyati vacib məsələlər kimi mühüm önəm verən Ulu Öndər Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışından sonra isə bu əlaqələr xeyli genişlənmişdir. 1993-cü ildən ölkəmiz Ümumdünya İrs Komitəsinə də qəbul edilmiş, təşkilatın fəaliyyətinə öz dəyərli töhfələrini verməyə başlamışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva 2004-cü ildə BMT-nin bu mötəbər qurumunun xoşməramlı səfiri seçildikdən sonra isə Azərbaycanın UNESKO ilə əməkdaşlıq əlaqələri, bu qurumla birgə həyata keçirilən layihələr daha geniş miqyas almış və yeni məzmun kəsb etməyə başlamışdır.

Mehriban xanımın səyləri nəticəsində Azərbaycanın bir çox maddiqeyri-maddi mədəni irs nümunələri qurumun müvafiq siyahılarında özünə yer tutmuş, bütün dünyada geniş təbliğ edilmiş, bir növ yeni bir həyat qazanmışdır.

İyunun əvvəlində ölkəmizin UNESKO-dakı üzvlüyünün 27-ci ildönümü tamamlandı. Bu illər ərzində Azərbaycanla bu qurum arasında mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu və faydalı əməkdaşlıq əlaqələri qurulub. Ölkəmiz özünün fəal təmsilçiliyi və davamlı töhfələri ilə UNESKO-nun proqramlarında yaxından iştirak edir. Təbii ki, dünyanın mədəni irsinin qorunması bu əməkdaşlıqda mühüm yer tutur.

Azərbaycan UNESKO-nun, həmçinin bu qurumun müvafiq komitələrinin beynəlxalq tədbirlərinin təşkilində də mühüm rol oynayır. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla evsahibliyi edən Azərbaycanda hər iki ildən bir bu qurumun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da keçirilir.

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, bu mötəbər qurumun növbəti sessiyasının məhz Bakıda təşkili isə ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etməklə UNESKO ilə tərəfdaşlıq münasibətlərimizin yüksək səviyyədə inkişafının göstəricisidir.

Azərbaycan Prezidentinin 43-cü sessiyanın Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılmasına dair 9 avqust 2018-ci il tarixli müvafiq sərəncamında da bu tədbirin əhəmiyyəti xüsusi vurğulanmışdır.

 

Sülh mədəniyyətinin toxumları

 

Bəs bu cür tədbirlərin ölkəmiz üçün önəmi nədən ibarətdir? Mehriban xanım Əliyevanın 43-cü sessiyanın açılış mərasimində də qeyd etdiyi kimi, Bakıda - Şərqlə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə belə bir tədbirin təşkili ilk növbədə Azərbaycan dövlətinin bəşəriyyətin gələcəyinə yönəlmiş strateji yanaşmalarının, bu yöndə həyata keçirilən layihələrin uğuru baxımından çox önəmlidir. Bu gün Azərbaycan bütün dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm məkanı kimi qəbul edilir. Ölkəmiz qloballaşan dünyamızda bu dəyərlərin bir ölkə miqyasında mükəmməl örnəyini yaradır. Azərbaycanda keçirilən qlobal humanitar forumlarda, beynəlxalq tədbirlərdə həmin dəyərlərin bütün dünyada özünə yer tapa bilməsi üçün bəşəriyyətə vacib çağırışlar ünvanlanır. Fərqli mədəniyyətlərin bir-biri ilə dil tapıb insanın, dünyanın inkişafına yönələ bilməsi üçün ölkələrin tanınmış alimləri, ictimai-siyasi xadimləri, mədəniyyət adamları ilə birgə yollar axtarılır. Azərbaycan dövləti bu işi yeni minillikdə üzərinə düşən tarixi bir missiya kimi yerinə yetirir.

Mehriban xanım Əliyeva da bu məqamı nəzərdə tutaraq çıxışında dedi: "Mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər”. Mehriban xanım çıxışında mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş və Azərbaycanın başladığı "Bakı Prosesini də iştirakçıların diqqətinə çatdırdı. Qeyd edək ki, 2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərini İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir araya gətirən beynəlxalq konfrans zamanı İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Prezidenti tərəfindən irəli sürülmüş "Bakı Prosesi” təşəbbüsü çərçivəsində ötən 11 il ərzində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilmişdir. UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və onun strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmışdır. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi də bu uğurlu prosesin və fəaliyyətin nəticəsi idi.

Ötən ay isə Azərbaycan "Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi etdi. Bu təşəbbüsün uğurla reallaşdırılmasında Azərbaycanın əsas tərəfdaşlarından biri də UNESKO idi.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilk növbədə bu strateji vəzifələrin icrası baxımından mühüm aktuallıq kəsb edir.

 

Qorunan irsimiz

 

Digər tərəfdən, dünyanın qədim mədəniyyət mərkəzlərindən biri kimi, malik olduğumuz tarixi, dini, memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanı da qayğılandıran əsas məsələlərdəndir. Mehriban xanım Əliyeva çıxışı zamanı iştirakçılara məlumat verdi ki, 2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilib. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa olunub. Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında "QalaArxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə öz qapılarını ziyarətçilərinin üzünə açdı. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası və açılması - bütün bunlar Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir. Bütün bunlar, eyni zamanda Azərbaycanın UNESKO ilə fəal əməkdaşlığının yaratdığı müsbət nəticələrdir.

Bu məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri - muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb. UNESKO ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi bu nailiyyətlərin qorunması və daha da inkişafı baxımından çox önəmlidir.

 

Mədəniyyət diplomatiyasının gücü

 

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası kimi mühüm tədbirlərin ölkəmizdə keçirilməsini xüsusilə əhəmiyyətli edən daha bir məqam da var. Bu cür qlobal tədbirlər torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayan, bu ərazilərdəki tarixi-mədəni irsimizi məhv edən Ermənistanın təcavüzkar siyasətinin ifşası, düşmənlə informasiya savaşında daha bir qələbənin əldə edilməsi, mədəniyyət diplomatiyasının gücü ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Mehriban xanım Əliyeva bu məqama öz çıxışında peşəkar tərzdə, əsl diplomat səriştəsi ilə toxundu. Azərbaycanın UNESKO dəyərlərinə və ideallarına bağlılığının milli hüdudlardan kənarda da öz təzahürünü tapdığını, son 10 il ərzində dünya mədəni irsinin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyasının kifayət qədər geniş olduğunu diqqətə çatdırdı: "Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququBMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu günişğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır”.

Mehriban xanım Əliyevanın nitqinin sonunda XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəmidən iqtibas edərək səsləndirdiyi beyt isə bütün dünyaya, bəşəriyyətə ünvanlanmış çağırış idi: "Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik, əsər qalar yadigar”.

Gələcək nəsillərin müharibələrə, işğal yaralarına, qisas duyğularına deyil, sülhə, anlaşmaya, qarşılıqlı hörmət ənənələrinə, birgə inkişafa ehtiyacı var. Bu gün Yer üzündə yaşayan bütün insanların gələcək davamçıları üçün yarada biləcəkləri ən qiymətli əsər, ən dəyərli miras, ən gözəl yadigar bu ehtiyacın təmin edildiyi dünya ola bilər.

Azərbaycanın da yerinə yetirdiyi missiyanın qayəsi budur!

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2019.-13 iyul.- S.1; 10.