Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin
xarici əlaqələr komitələrinin
üçtərəfli görüşü
uğurlu platformadır
İyulun 15-də Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə
parlamentlərinin xarici
əlaqələr komitələrinin
üçtərəfli toplantısının
iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Spiker üçtərəfli görüşün parlamentlərarası münasibətlərimizin daha da inkişafına dəyərli töhfə verəcəyinə inamını bildirib. Qeyd edib ki, bu cür görüşlərin müntəzəm keçirilməsi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Görüşdə bildirilib ki, bu formatda tədbirlərin keçirilməsi ənənəsi 2014-cü ilin aprelində məhz Bakıda yaranıb. Sonrakı görüşlər müvafiq olaraq Gürcüstanda və Türkiyədə keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əsasda əməkdaşlıq həm ölkələrimizin liderləri, həm də ayrı-ayrı struktur təşkilatlarımızın rəhbərləri arasında formalaşdırılıb. Bu cür çoxtərəfli əməkdaşlıq platformasının qurulması anlaşılan bir haldır, çünki Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq regional sülhün və sabitliyin, hərtərəfli inkişafın əsas dəstəkləyici amillərindən biridir. Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması və möhkəmləndirilməsində maraqlıdır. Azərbaycanın ayrı-ayrılıqda həm Türkiyə, həm də Gürcüstan ilə yüksək səviyyəli, strateji xarakterli əlaqələri mövcuddur. Bu əlaqələr gündən-günə inkişaf edir.
Spiker belə bir fikri vurğulayıb ki, qloballaşan dünyada dövrün çağırışlarına cavab vermək baxımından hər üç ölkə parlamentindəki xarici əlaqələr komitələri üzvlərinin, o cümlədən beynəlxalq təşkilatlarda təmsil olunan digər deputatların mütəmadi görüşləri çox önəmlidir.
Türkiyə və Gürcüstan nümayəndələri Azərbaycan parlamentində yüksək səviyyədə təşkil olunmuş bu tədbirə verdiyi dəstəyə görə Spiker Oqtay Əsədova təşəkkür edib, üçtərəfli görüşün nəticələrini yüksək dəyərləndiriblər. Bildirilib ki, belə tədbirlər regionda baş verən proseslərin müzakirəsi, həyatın müxtəlif sahələrində əlaqələrin daha da dərinləşməsi üçün uğurlu platformadır.
Görüşdə
Milli Məclis Aparatının rəhbəri
Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır, Gürcüstan
parlamentinin Xarici
əlaqələr komitəsinin sədri Sofio
Katsarava, Türkiyənin Azərbaycandakı
səfiri Erkan Özoral
və digər rəsmi şəxslər iştirak
ediblər.
Azərbaycan.- 2019.-16 iyul.- S.1.