Diabetgöz fəsadları

 

Səhiyyə

 

2035-ci ildə dünyada şəkərli diabet xəstələrinin sayının 592 milyon nəfərə çatması proqnozlaşdırılır. Şəkərli diabetonun ağırlaşmaları müasir səhiyyənin mühüm tibbi-sosialiqtisadi problemlərindən biridir. Diabetli insanlarda əlillik və ölümlə nəticələnən səbəblər arasında xəstəliyin ağır fəsadları əsas yer tutur. Belə ki, orta yaş həddinin uzanması bu ağırlaşmaların yaranma ehtimalını artırır. Bu da problemin xüsusi aktuallıq kəsb etməsinə səbəb olur.

1955-ci ildə müəyyən edildi ki, bir sıra sulfamid preparatları, hipoqlikemik təsirə malik sulfamidlərin tapılması müalicə üsullarını daha da genişləndirdi. 1992-ci ildə MerinqMinovski mədəaltı vəzinin Betta adlı hüceyrələrindən təmiz insulin aldı. O vaxtdan etibarən şəkər xəstəliyindən ölüm halları azalmış, belə xəstələrin ömrü xeyli uzanmışdır. Bununla yanaşı, şəkər xəstəliyi zamanı orqanizmdə baş verən dəyişikliklərə tez-tez təsadüf edilir. Alimlərin apardığı tədqiqat işləri göstərir ki, 10 faizdən 90 faizədək hallarda şəkər xəstəliyi zamanı görmə orqanında ciddi fəsadlar baş verir. Belə olduqda şəkərli diabetin diaqnozu ilk dəfə göz həkimləri tərəfindən müəyyən olunur. Görmə orqanının şəkər xəstəliyi ilə əlaqədar olaraq dəyişməsi XVIII əsrdən məlumdur. Hələ 1798 -ci ildə ingilis alimi Con Roll diabet zamanı büllurun bulanmasını -kataraktanı təsvir etmışdir.

Mədəaltı vəzinin Betta hüceyrələrinin ifraz etdiyi şirənin - insulinin azalması nəticəsində meydana çıxan şəkərli diabet orqanizmdə maddələr mübadiləsinin pozulması ilə müşahidə olunur, görmə orqanında müxtəlif fəsadlar yaradır. Bu fəsadlar içərisində tor qişanın zədələnməsi - diabetik retinopatiya xüsusi yer tutur. Diabetik retinopatiya diabetin damar mənşəli spesifik ağır fəsadlarından olub, əhalinin əmək qabiliyyətli fərdləri arasında korluqla nəticələnən əsas səbəblərdən biridir. Bu ağırlaşmanın təhlükəsi ondadır ki, tor qişanın və onun damarlarının zədələnməsi uzun müddət nəzarətsiz qalır. Xəstəliyin erkən dövründə insanlar görmənin zəifləməsini hiss etmirlər. Müvafiq dəyişikliklər tor qişanın mərkəzi hissəsinə yayıldıqda və ya qansızma baş verdikdən sonra xəstələr görmənin zəifləməsindən şikayət edirlər. Ancaq diabetik retinopatiyanın erkən mərhələlərində aparılan müalicə damar mənşəli dəyişikliklərin inkişafının qarşısını almağa imkan verir. Göz dibində geniş, kobud dəyişiklikləri olan xəstələrdə isə prosesin proqressivləşməsinin və görmənin kəskin zəifləməsinin qarşısını almaq əksər hallarda mümkün olmur.

Hazırda müəyyən edilmişdir ki, gözün bütün toxumaları şəkərli diabet zamanı buya digər dərəcədə patoloji prosesə cəlb olunur. Diabet zamanı göz qapaqlarından başlayaraq torlu qişaya və görmə sinirinədək görmə orqanının ayrı-ayrı hissələrində müxtəlif dəyişikliklərə təsadüf olunur. Göz qapaqlarında iltihaba, konyuktivada, yəni gözün selikli qişasında xroniki iltihaba - konyuktivitlərə, gözün şəffaf hissəsi olan buynuz qişasının bulanmasına rast gəlinir. Göz almasının ön kamerasının bucağında qüzehli qişadakirpikli cism adlanan hissələrində yeni qan damarları inkişaf edir. Ön kameranın bucağında əmələ gələn qan damarları gözün maye dövranına maneçilik törədir, nəticədə gözün daxili təzyiqi artır, ikincili qlaukoma əlamətləri meydana çıxır. Bu zaman göz almasında ağrılar, görmənin zəifləməsi müşahidə olunur.

Şəkər xəstəliyi zamanı maddələr mübadiləsinin pozğunluğu büllurun bulanmasına səbəb olur, get-gedə katarakta əmələ gəlir. Xəstənin görmə qabiliyyəti azalır. Çox vaxt ağır formalı şəkərli diabet zamanı katarakta ilə yanaşı və ya ondan asılı olmayaraq refraksiyanın, yəni gözün optik hissələrinin işığı sındırma qabiliyyətinin dəyişiklikləri müşahidə edilir. Bu hal akkomodasiyanın, yəni müxtəlif məsafələrdə görmə uyğunlaşmanı idarə edən əzələ-sinir aparatının dəyişilməsindən asılı olub, uzaqdan və yaxından görmə hallarının dəyşilməsilə nəticələnir, bəzən isə çox qısa müddət ərzində gah yaxındangörmə, gah uzaqdangörmə zəifləyir. Aparılan tədqiqat işləri göstərir ki, şəkərli diabet zamanı ən çox gözün işığa həssas qatı olan tor qişada dəyişikliklər - retinopatiyalar baş verir. Bunu da düzgün müalicə etmədikdə çox ağır nəticələrlə - görmənin kəskin azalmasına və korluğa səbəb olur. Bu, korluğun səbəbləri arasında birinci yeri tutur.

Retinopatiyaların inkişafının ilk dövründə qan damarlarında funksional dəyişikliklər baş verir: bu zaman xəstənin şikayəti arabir görmənin dumanlanmasından, gözün qarşısında ləkələrin gəzməsindən ibarət olur. Get-gedə torlu qişanın qan damarlarının divarlarında dəyişikliklər inkişaf edir, damar divarı qalınlaşır, onun keçiricilik qabiliyyəti dəyişir, damarların mənfəzi daralır. Bununla yanaşı, xəstənin görməsi nisbətən zəifləyir, görmə sahəsi daralır, görmənin zəifləməsi nəticəsində baş ağrıları olur. Əgər damarların dəyişməsi ilə əlaqədar olaraq gözdaxili təzyiq də artırsa, onda göz almasında ağrılar baş verir.

Get-gedə proses inkişaf edir, xəstənin torlu qişasında, xüsusən onun mərkəzi hissəsində sarı ləkələr, damar genəlmələri, qansızmaları meydana çıxır. Bu zaman xəstənin görməsi kəskin surətdə azalır, xəstə göz qarşısında qara ləkələrin olmasından şikayətlənir. Əgər xəstə vaxtında həkimə müraciət edərsə, onda bu dəyişikliklərin qarşısını almaq olur. Əks halda proses get-gedə inkişaf edir, tor qişanın damarlarında kəskin keçməməzlik əlamətləri (tromboz) baş verir, torlu qişada proliferasiya, yəni çapıq toxuması və yeni damarlar inkişaf edir. Çapıqlaşmış tor qişanın funksiyasını, yəni görməni bərpa etmək isə mümkün deyildir. Bəzən tor qişa ilə şüşavari cisim arasında əmələ gəlmiş çapıq tor qişanın qopmasına səbəb olur, göz büzüşür, kiçilir. Bütün bunların qarşısını almaq üçün endokrinoloq (və ya terapevt) diabetli xəstələri mütləq göz həkiminin yanına göndərməlidir. Belə ki, hər bir xəstəliyi başlanğıc dövrdə aşkar edib, onun yayılmasının qarşısını almaq, artıq inkişaf etmiş, köhnəlmiş xəstəliyi müalicə etməkdən asandır. Bunun üçün hər bir diabetli xəstə vaxtaşırı, yəni ildə 3 dəfədən az olmayaraq göz həkiminin müayinəsindən keçməlidir. Bu zaman göz dibi damarlarının vəziyyətinə, görmə funksiyalarına diqqət yetirmək lazımdır.

Şəkər xəstəliyi zamanı görmə orqanında baş verən dəyişikliklərin əsas səbəbi qan damarlarında gedən patoloji proseslərdir. Müəyyənləşdirilmişdir ki, qan damarlarında meydana çıxan pozğunluqlar qanda şəkərin birdən-birə artıb-azalması nəticəsində daha da kəskinləşir. Ona görə şəkər xəstələrini ciddi nəzarət altında saxlamaq, fərdi dozada insulinya digər şəkər azaldan preparatlar təyin etmək lazımdır. Diabet nəticəsində sürətlənən skleroz prosesi göz damarlarında gedən dəyişiklikləri artırır. Bunun qarşısını almaq üçün xəstə az kaloritli pəhriz saxlamalı, heyvani yağlar əvəzinə bitki yağlarından istifadə etməlidir, xolesterinlə zəngin qida maddələrindən (yumurta sarısı, kürü, qara ciyər və s.) çəkinməli, tərkibində lipatrop maddələr olan, yəni yağı həll edən qidalar - kəsmik, təzə balıq, paxla bitkiləri və s. istifadə etməlidir.

Görmə orqanında gedən pozğunluqlar qaz tərkibindən də asılıdır: oksigenin çatışmaması damar divarlarının tonusunun azalmasına, qan təzyiqinin artmasına səbəb olur. Buna görə xəstə çalışmalıdır ki, təmiz havada çox gəzsin. Onun yaşadığı və işlədiyi yerin havasının təmiz olması da vacibdir.

Yadda saxlamaq lazımdır ki, tez-tez əsəbiləşmək, yorğunluq, pis vərdişlər, narkotik maddələr qəbul etmək, siqaret çəkmək, spirtli içkilər içmək hər bir patoloji prosesin inkişafını sürətləndirir. Bir sözlə, orqanizmdə və onu əhatə edən xarici mühitdə baş verən ən cüzi dəyişiklik belə çox həssas olan damarsinir sistemində, xüsusən gözün damarlarında və torlu qişasında öz əksini tapır. Ona görə orqanizmə təsir edən faktorların qarşısını almaq, xarici mühitin təsirinə qarşı müqaviməti artırmaq çox vacibdir. Əgər diabetli xəstə gözündə ağırlıq, tez-tez görməsinin dumanlanmasını hiss edirsə, digər əlamətlərin meydana çıxmasını gözləmədən mütləq həkimə müraciət etməlidir.

Həkim xəstəni hərtərəfli müayinə etdikdən sonra, yəni görmə itiliyini, görmə sahəsini, gözün daxili təzyiqini yoxladıqdan sonra, eləcə də biomikroskopiya, oftalmoskopiya, qonioskopiyas. müayinələrindən sonra xəstəliyin inkişaf dərəcəsinə uyğun müalicə təyin edilməlidir ki, xəstəliyin inkişafının qarşısı alınsın. Bu məqsədlə xəstələrə maddələr mübadiləsini tənzimləyən dərmanlar təyin edilir - vitamin terapiyası (B6, B15, PP, C və s.), anabolik steroidlər (retobolil, 1 ml əzələ daxilinə 15 N, gündə bir dəfə, nerabolil 15 N, gündə bir amplua əzələ daxilinə, nerobolil bir həb gündə 2 dəfə və s.), oksidləşmə prosesini tənzimləyən preparatlar (solkoseril, ATF, kokarboksilazas.), antioksidantlar (emoksipin gündə bir amplua, parabulvar), biostimulyatorlar (Aloe, Fibs, korpus vitreum, qlyutamin turşusus.) məsləhət görülür. Şəkər xəstəliyində qan dövranı pozğunluğu olduğunu nəzərə alıb hemodinamikanı tənzimləyən preparatlar, qanın laxtalanma sürətini qaydaya salmaq üçün antikoaqulyantlar, diuretiklər, antiprotekturlar, yəni qan-damar divarlarını möhkəmlədən preparatlar təyin edilir. Digər qansorucu kimi lidaza, fibrinolizin, qemaza, papayin, leykozims. istifadə edilir.

Bundan əlavə, fizioterapevtik prosedurlardan - müxtəlif kokteyllərlə elektrofarez, fonoforez, maqnitoterapiya, kalsium ionları və maqnezium preparatları ilə elektroforezdən istifadə olunur. Göz dibində, quzehli qişada, torlu qişada təzə damarlar aşkar edildikdə gözə qansızmaların qarşısını almaq üçün lazerterapiyadan istifadə edilir. Bu müalicə tədbirləri ildə iki dəfədən az olmayaraq yerinə yetirilir. Əgər şüşəvari cisimdə geniş sahədə proliferasiya inkişaf edibsə, vitrektomoia əməliyyatı aparmaq məsləhət görülür. Bütün bunlara əməl olunduqda şəkərli xəstənin gözündə yaranan dəyişkənliklərin qarşısı alınır.

 

Kərəm KƏRİMOV,

Bakı Elmi-Tədqiqat Göz Xəstəlikləri

Klinikasının direktoru,

əməkdar elm xadimi, professor

 

Azərbaycan.- 2019.- 18 iyul.- S.5.