Hicran yaşı...

 

Tarixin izi

 

İki yüz altı il... Heç tarixin hesabı ilə də az müddət deyil. Ona bir millətin ayrılığının başlanğıcı kimi baxanda isə... gözlərin qaralır... Düşünürsən, görəsən, neçə nəslin ayrılıq ahı, həsrət naləsi var bu illərdə?!

İki əsrdən artıqdır bu millət ayrılığına şeir qoşur, nəğmə deyir. Əslində, onlarşeir, nə mahnıdır. Onlar bir millətin könlünün fəryadı, ahı, ağısıdır...

 

Birinci faciəmiz

 

Bu faciəyə bizi, əslində, uzun bir yol gətirmişdi... Hələ 1725-1726-cı illərdə I Pyotrun yazdığı 12 bənddən ibarət vəsiyyətnamə, orada yazılanlara əsrlər boyu cani-dildən əməl edənlər Azərbaycan xalqının çox faciələrinə fərman verdilər. I Pyotr öz xələflərinə Rusiyanı regionun güclü dövlətinə çevirməyin yollarını göstərmişdi.

Rusiya İmperiyasının Qafqazda siyasətindən narahat olan Qacarlar bunun qarşısını almaq üçün tədbirlər gördülər. Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı hərbi əməliyyatlara başladı.

1812-ci ilin mayında çar Rusiyası ilə Osmanlı İmperiyası arasında 1806-cı ildən davam edən müharibəyə son qoyulduğunu təsdiqləyən Buxarest sülh müqaviləsi imzalandı. Müqavilədə Osmanlı İmperiyası rusların Cənubi Qafqazı işğalını tanıdı.

Napoleonun Rusiyaya hücumu ilə bağlı yaranmış vəziyyətdən istifadə etməyə çalışan İran vəliəhdi Abbas Mirzə isə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də, arzusuna çata bilmədi. 1812-ci ildə general P.Kotlyarevski bu hücumları dəf edərək bölgədə hərbi-siyasi üstünlüyə nail oldu. Bu zaman baş verənlərdən böyük narahatlıq keçirən bir ölkə də var idi. Bu, İngiltərə idi. Onun təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəldi. 1804-cü ildən 1813-cü ilədək davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1813-cü il yanvarın 1-də general P.Kotlyarevskinin Lənkəranı tutması ilə sürətləndi.

1813-cü ilin oktyabrında iki dövlətin nümayəndələri sülh bağlamaq üçün Qarabağda Zeyvə çayı yaxınlığında Gülüstan kəndində rus ordugahında görüşdülər. Bu, Rusiya İmperiyası ilə İran dövləti arasında Azərbaycanın ərazisini bölən birinci müqavilə idi. Gülüstan kəndi bu faciəyə ilk şahid, ilk ünvan oldu. Tarixə imzalandığı yerin adıyla "Gülüstankimi daxil olan müqavilə ilə Azərbaycan torpaqları bölündü.

"Gülüstan” müqaviləsini Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan imzaladı. Müqavilənin sonunda tarixi belə göstərilirdi: "Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü. İran hesablaması ilə min iki yüz iyirmi səkkizinci il Şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında bağlanmışdır”.

Rusiya ilə İran müharibəyə son qoyduqlarına, bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına dair bir-birlərinə söz verdilər. "Gülüstan” müqaviləsi ilə aralarında bölüşdürdükləri torpaqların sanki əsl sahibi idilər. On bir maddədən ibarət müqavilədə bircə dəfə də Azərbaycan adını yazmadılar. İki dövlət qədim bir məmləkətin 410 min kvadrat kilometrlik ərazisini parçaladılar. Torpaqlarını bölüşdükləri Azərbaycandan kimsə orada iştirak etmədi. Abbasqulu ağa Bakıxanov isə həmin müqavilə imzalanan vaxt Rusiya dövlətinin nümayəndə heyətinin tərkibində tərcüməçi vəzifəsini yerinə yetirirdi. O, "Gülüstani-İrəm” əsərində bir millətin qara bəxtinə dönən o faciəni belə qələmə aldı: "Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyil göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud olan ölkələri Rusiya dövlətinə verdi. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin”.

Müqavilədə Rusiya İmperiyası və İran dövləti arasında sərhədlər müəyyənləşdirilirdi. Daha doğrusu, Azərbaycan torpaqları əsasında yeni hüdudlar qoyulurdu. Müqaviləyə əsasən, Xəzər dənizində yalnız Rusiyaya hərbi donanma saxlamaq hüququ verilirdi.

İki güclü işğalçı dövlətin bağladığı sazişdə qazanan bir tərəf də var idi. "Gülüstan” müqaviləsindən sonra məmləkətimizə ermənilərin köçürülməsi gücləndirildi. Erməni məkri ilə rus imperializminin siyasəti birləşdi və əsrlərlə davam edərək millətimizi ağır bəlalara düçar etdi.

 

"Gülüstan” müqaviləsinin səbəbləri

 

Tarix sübut edir ki, belə faciələr birdən-birə baş vermir. Bizim babalarımızın da əsrlər boyu yol verdikləri yanlışlıqlar üst-üstə qalaqlandı və sonu "Gülüstanoldu... Azərbaycanı bu faciəyə gətirib çıxaran başlıca səbəblərdən biri xanlıqlara bölünməsi idi. Təəssüf ki, onlar belə ağır məqamda da birləşmədilər. Azərbaycanı qoruya bilmədilər. Hər zaman qeyrətinə və qılıncına arxalanan xalqın təklənməsinə, hiyləyə salınmasına imkan yaratdılar.

 

Ayrılığın ilk fərmanı

 

Bu, "sülh müqaviləsi” deyildi, Rusiya ilə müharibədə məğlub olmuş İranın Qafqazdan Rusiyanın xeyrinə əl çəkməsi idi. "Gülüstan” müqaviləsi nəticəsində Cənubi Qafqazın əksər hissəsi Rusiya İmperiyasının hakimiyyəti altına keçdi.

Sülh sazişi bağlamaqda dövlətlərin hərəsinin öz marağı var idi. Rusiyaya qurduğu imperiyanı yaşatmaq üçün yeni torpaqlar lazım idi. İran da bölgədə öz mövqeyini möhkəmlətmək məqsədi güdürdü. "Gülüstan” müqaviləsi sərhədlərin dəyişdirilməsinə əsas verirdi. Rusiya ilə İran Azərbaycan torpaqları sayəsində ərazilərini genişləndirdilər.

Azərbaycan xalqı üçün bu, son faciə olmadı. "Gülüstan” "Türkmənçay”a yol açdı. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı tamamilə tutdu. Və 1828-ci il fevralın 10-na keçən gecə Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində yenidən barışıq paktı imzalandı. "Türkmənçay” müqaviləsində də Azərbaycanın adı çəkilmədi. Bir-birlərini hər an didməyə hazır olan Rusiya ilə İran yurdumuza sahiblənmək, törətdikləri cinayəti gizlətmək üçün Azərbaycan adını yenə müqaviləyə salmadılar.

"Gülüstandan sonra sanki ermənilərin üstünə gün doğdu. Çarizm yurdsuzları yurd sahibi etdi. XX əsrin əvvəllərinədək xüsusi planla Azərbaycanda bir milyondan çox erməni yerləşdirildi.

 

"İki bölünməkdən elə qorxmuşam”...

 

"Gülüstan” müqaviləsi Azərbaycan xalqının ayrılığına ilk fərman oldu. Şair Bəxtiyar Vahabzadənin "Gülüstan” poemasında yazdığı kimi, bir parça kağız böyük bir millətin başını kəsən, qolunu bağlayan hökmdara çevrildi:

 

Bir damcı mürəkkəb, bir vətəndaşı

Qanına bulayıb ikiyə böldü.

Bir damcı mürəkkəb olub göz yaşı

İllərlə gözlərdən axdı, töküldü.

 

Şair Söhrab Tahir isə bu millətin ayrılıq xofunu belə ifadə edirdi:

 

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha.

 

Bu gün o qədim torpaqlardan - 410 min kv.km-dən bizə qalan 86,6 min kv.km-dir. Keçən əsrin sonuncu onilliyində Azərbaycan torpaqlarının 20 faizini də sovetlər hər cür yardım göstərdiyi erməni daşnaklarına talanişğal etdirdi...

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.-19 iyul.- S.5.