Real fakta və sənədə əsaslanaq

 

Bir daha Həsən bəy Zərdabinin doğum tarixi barədə

 

Xalqını tükənməz bir məhəbbətlə sevən, onun əsarətdən qurtarması, tərəqqisi, müasir elmə, təhsilə sahib olması, dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada durması üçün əlindən gələni edən, hər cür əzab-əziyyətlərə dözən ziyalılarımızdan biri də Həsən bəy Zərdabi olmuşdur.

Həsən bəy XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycan mədəniyyəti tarixində xüsusi xidmətləri olmuş misilsiz şəxsiyyətdir. O, mədəniyyətimizin bir sıra sahələrinin banisi idi, ilk mətbuat orqanının, jurnalistikanın, milli teatrın əsasını qoymuş, ölkəmizdə müasir qadın təhsilinin təşəbbüskarı olmuşdur. Azərbaycanda bir sıra mədəni-maarif təşkilatlarının yaradılması H.Zərdabinin adı ilə bağlıdır.

Həsən bəyin qoyub getdiyi çoxsahəli ədəbi-elmi irs hərtərəfli araşdırılmaqdadır. Respublikamızda zərdabişünaslıq inkişaf etmiş, bir sıra zərdabişünaslar meydana çıxmışdır. Araşdırıcılar Həsən bəy Zərdabinin həm də dövrünün görkəmli tarixçisi, etnoqrafı olduğunu sübut etmişlər. Həsən bəy Azərbaycanın ilk etnoqraflarından olub, hələ XIX əsrdə xalqının məişət, təsərrüfat həyatı, adət-ənənələrini elmi surətdə tədqiq etmişdir.

Həsən bəyin tərcümeyi-halında ən çox mübahisə doğuran məsələ onun doğum tarixi olmuşdur və bizə elə gəlirdi ki, 2012-ci ildə onun 170 illik yubileyi ərəfəsində AMEA Humanitarİctimai Elmlər Bölməsində gedən müzakirələrdən və gəlinən nəticələrdən, nəhayət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyun 2012-ci il tarixli Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında sərəncamından sonra artıq bu məsələyə son qoyulmuşdur. Xatırlatmaq istəyirik ki, böyük maarifçi-demokratın 170 illik yubileyi ərəfəsində bir qrup tədqiqatçı Zərdabinin 1842-ci ildə deyil, 1837-ci ildə doğulduğunu iddia edirdilər. Z.Məmmədov, B.Axundov, Ş.Məmmədov kimi tədqiqatçılar Həsən bəyin həyat yoldaşı Hənifə xanım Məlikovanın xatirələrinə əsaslanaraq belə bir iddiada bulunurdular. Lakin tədqiqatçıların əsas hissəsi, o cümlədən, Z.Göyüşov, İ.Rüstəmov, Ə.Mirəhmədovun isə əsərlərində onun 1842-ci ildə anadan olduğu qeyd edilir. Azərbaycan Sovet Ensiklopediyasında, "Əkinçi” qəzetinin tam külliyyatına Əziz Mirəhmədovun yazdığı müqəddimədə, Həsən bəyin Ziyəddin Göyüşov tərəfindən toplanmış Azərbaycan və rus dilindəki əsərlərinin külliyyatında, yenə də Ziyəddin Göyüşovun tərtib etdiyi materiallar (şərhlərlə) toplusunda, akademik Firudin Köçərlinin redaktorluğu ilə 1985-ci ildə Azərbaycan Elmlər Akademiyasının "Elm” nəşriyyatında çap edilmiş "Sovremenniki o Q.Zardabi” adlı topluda H.Zərdabinin doğum tarixi 1842-ci il kimi göstərilmişdir. Bir sıra tədqiqatçılar da bu doğum tarixi ilə həmfikir olduqlarını bildirmişlər. Bütün bunlar onu deməyə əsas verir ki, H.Zərdabi irsinin əsas tədqiqatçıları, o cümlədən də biz onun 1837-ci ildə deyil, məhz 1842-ci ildə anadan olması fikrindəyik. Həsən bəyin doğum tarixinin 1842-ci il olduğunu qeyd edənlər onun irsini daha dərindən, daha əhatəli araşdıran tədqiqatçılardır. Məsələn, professor Ziyəddin Göyüşov bu böyük şəxsiyyətin maarifçi, fəlsəfi, etik, estetik görüşlərinin daha əhatəli tədqiqi ilə məşğul olmuşdur. Onlar Həsən bəyin 1842-ci ildə anadan olduğunu faktlara, arxiv sənədlərinə istinad etməklə söyləmişlər. Təsadüfi deyildir ki, H.Zərdabinin Fəxri xiyabandakı məzarının başdaşında, İçərişəhərdə ona qoyulmuş heykəlin üzərində də onun doğum tarixi 1842-ci il kimi göstərilmişdir. Lakin, təəssüf ki, sonralar, xüsusilə də ədibin 170 illik yubileyi ərəfəsində bir dəstə "zərdabişünas” Həsən bəyin 1837-ci ildə anadan olması ilə bağlı kampaniya apararaq mərhumun məzar daşındakı ölüm tarixini dəyişdirmək təşəbbüsündə oldular.

Həsən bəy Zərdabinin doğum ilinə öz münasibətini bildirən, elmi yaradıcılığının böyük bir hissəsini məhz ədibin irsinin araşdırılmasına həsr etmiş professor Ziyəddin Göyüşov 1985-ci ildə "Elm” nəşriyyatında rus dilində nəşr etdirdiyi "Müasirləri H.Zərdabi haqqında” adlı kitabda ədibin həyat yoldaşı Hənifə xanım Məlikova tərəfindən yazılmış tərcümeyi-halını dərc etdirmişdir. Hənifə xanım yazır ki, Həsən bəy Məlikov Zərdabi 1837-ci il noyabr ayının 12-də Bakı quberniyasının Göyçay qəzasındakı Zərdab kəndində anadan olmuşdur. Həmin kitabın şərhlər və qeydlər hissəsində bu fikrə münasibətini bildirən Z.Göyüşov yazır ki, Hənifə xanım səhv edir. Həsən bəyin tərcümeyi-halına dair sənədlər və araşdırmalar bu şəxsiyyətin 1837-ci ildə deyil, 1842-ci ilin iyul ayında doğulduğunu göstərir. Bu, yalnız Ziyəddin müəllimin gəldiyi nəticə deyildir. Eləcə də haqqında danışdığımız kitabın redaktoru akademik Firudin Köçərli, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov, akademik Kamal Talıbzadə, fəlsəfə elmləri doktoru, professor Zümrüd Quluzadə, filologiya elmləri doktoru Sadıq Hüseynov və Zərdabi irsinə yaxından bələd olan onlarla digər mütəxəssislər də bu fikirdə olmuşlar. Yəni H.Zərdabinin 1842-ci ildə doğulması faktı zərdabişünaslar tərəfindən arxiv sənədləri əsasında qəbul edilmişdir.

Bu fikrin doğruluğunu sübut edən arxiv sənədlərindən biri hazırda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı H.Zərdabi arxivində (bax: arxiv 3, saxlama vahidi 112, 113, 5632, 5684) saxlanan, ədibin həyat və fəaliyyətini özündə əks etdirən "Attestat” adlı rəsmi sənəddir. Həmin sənədin "Attestat” adlandırılmasına baxmayaraq burada Həsən bəyin həyat yolu, evlənməsi, övladlarının anadan olması, təhsil aldığı yerlər, hansı şəhərlərdə və müəssisələrdə işləməsi haqqında məlumat verilmişdir. Xüsusi olaraq qeyd etmək istəyirik ki, 1878-ci ilin dekabr ayının 12-də H.Zərdabiyə təqdim edilən həmin attestat həqiqi mülki müşavirkavaler K.Çermakov və məktub daşıyıcısı N.İvanov tərəfindən imzalanmış, Bakı Realnı Məktəbinin möhürü ilə təsdiq edilmişdir. Attestatın surəti Tiflis notariusu tərəfindən təsdiqlənmişdir. Həmin sənəd, yəni haqqında danışdığımız attestat Bakı Realnı Gimnaziyasının təbiət tarixiriyaziyyat fənləri üzrə müəllimi olmuş saray müşaviri, otuz altı yaşlı, Məhəmməd dininə mənsub, müsəlmanlar üçün nəzərdə tutulan 3-cü dərəcəli "Müqəddəs Anna” ordeninə layiq görülmüş Həsən bəy Məlikova təqdim olunmuşdur. Həmin sənəddə Həsən bəyin Moskva Dövlət Universitetində oxuduğu illər (1861-1865) və bu dövrdə hər il aldığı təqaüd, eləcə də MDU-nu elmlər namizədi alimlik dərəcəsi ilə bitirməsi haqqında məlumat verilir. Attestatda Həsən bəyin 1878-ci ilə qədərki fəaliyyəti işləmək üçün Tiflisə, dövlət idarəsinə göndərilməsi, 1872-ci ildə Hənifə xanım Abayeva ilə evlənməsi, 1873-cü il sentyabrın 9-da qızı Pərinin, 1878-ci il martın 23-də isə oğlu Midhətin anadan olması göstərilir. Həyat yoldaşı və övladlarının da müsəlman olması və onunla birlikdə yaşaması qeyd edilir. Həmin attestat H.Zərdabiyə, burada göstərildiyi kimi, 1878-ci ilin 12 dekabrında, onun otuz altı yaşı olduğu zaman təqdim edilmişdi. Rəsmi dövlət idarəsinin verdiyi bu sənəd böyük maarifçinin 1842-ci ildə doğulduğuna dair fikir söyləyənlərin haqlı olduqlarını açıq-aydın sübut edir.

Qeyd edək ki, 2012-ci ildə H.Zərdabinin 170 illiyi ərəfəsində AMEA Humanitarİctimai Elmlər Bölməsində akademik Kamal Abdullanın sədrliyi ilə iclas keçirildi. Buraya ədibin 1837-ci ildə doğulduğunu iddia edənlər də dəvət edilmişdi. Hər iki tərəfin dəlilləri dinlənildikdən sonra belə bir ümumi qənaətə gəlindi ki, əldə olan sənədlər H.Zərdabinin 1842-ci ildə doğulduğunu göstərir, bunun əksini iddia etməyə ciddi əsas yoxdur. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci ilin 4 iyun tarixində böyük maarifçinin 170 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı.

Böyük mütəfəkkir, ədib, maarifçi-demokrat Həsən bəy Zərdabi əsərləri, qoyub getdiyi irsi ilə bütün ömrünü xalqına sərf etdiyini sübut etmişdir. Xalq da onun yolunda məşəl kimi yanan bu fədakar övladını daim qəlbində yaşadacaqdır. 1837-ci ildə və ya 1842-ci ildə dünyaya gəlməsi barədə fikir söylənilməsinin əslində Həsən bəy üçün heç bir əhəmiyyəti yoxdur. Bizim borcumuz Zərdabinin həyat və yaradıcılığını öyrənməkdən, bu zaman yalnız və yalnız sənədlərə, məntiqi düşüncəyə əsaslanmaqdan ibarətdir. Bu yazını yazmaqda məqsədimiz odur ki, bu yaxınlarda Vikipediya səhifələrində Azərbaycan və rus dillərində H.Zərdabiyə həsr edilmiş məlumatları oxuduq. Orada Həsən bəyin 1837-ci ildə dünyaya gəldiyi yazılmışdır. Təəccüb etdik... Təbii ki, müəllifin kim olduğu məlum deyil. Bu qədər müzakirələrdən, dəlil kimi sənədin təqdim edilməsindən, nəhayət, Prezident sərəncamından sonra yenə kimsə oxucunu çaşdırmaqdadır. Məlum məsələdir ki, geniş oxucu kütləsinin böyük hissəsi elmi monoqrafiyaları, məqalələri deyil, internetdə, Vikipediya səhifələrində gedən məlumatları oxuyurbunlara inanır. Maraqlıdır ki, Həsən bəy Zərdabinin doğum tarixi barədə inadla səhv məlumat yayanların məqsədi nədir?

Bizcə, haqq dünyasında olan böyük şəxsiyyətin ruhunu xırda hisslərə qapanaraq narahat etmək günahdır. Yalnız tədqiqatçı və alimlər deyil, hər bir kəs müəyyən bir fikir irəli sürərkən real faktlara, sənədlərə əsaslanmalıdır.

 

Paşa KƏRİMOV,

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar

İnstitutunun direktor müavini, filologiya elmləri doktoru

 

Esmira CAVADOVA,

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar

İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2019.- 21 iyul.- S.5.