2500 illik qardaşlıq

 

Dağ yəhudiləri özlərini Azərbaycanda heç vaxt yad hesab etməyiblər

 

"Bir müddət əvvəl Amerikanın "Time” qəzetinin müxbiri Azərbaycana gəlmişdi. Mən onu Qubadakı Qırmızı Qəsəbədə müşayiət etməli oldum. Biz Qırmızı Qəsəbədə sinaqoqda olan zaman çayın digər sahilində olan məsciddən azan səsi yüksəldi. Bunu eşidən zaman müxbir o qədər təəccübləndi ki... Tez bayıra çıxıb, azanın səsini diktofona yazmağa, fotolar çəkməyə başladı. Mənə sual verdi ki, axı bu, necə ola bilər - orada müsəlman azanı, burada yəhudi ibadəti?! Dedim, xanım, bu, sizin üçün təşkil olunan bir hadisə deyil, burada hər gün həyat belə davam edir...”

 

Sadiq dostlar

 

Bunu Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bizimlə söhbəti zamanı danışdı. Elə bu fakt Azərbaycanda mövcud olan tolerantlıq və multikultural mühitin var olmasının bariz nümunələrindən sadəcə biridir. Tarixən Azərbaycanda yaşayan xalqlar arasında heç bir dini, milli, irqi ayrı-seçkilik olmayıb və bu multikultural ənənələr bu günvar olmaqda, yaşamaqdadır. Dövlət tərəfindən də ölkəmizdə yaşayan milli azlıqlara, digər millətlərin nümayəndələrinə daim diqqət və qayğı göstərilir. Azərbaycanı hələ eramızdan əvvəl özünə məskən seçmiş belə xalqlardan biridağ yəhudiləridir.

Dağ yəhudilərinin çox qədimdən Qafqazda məskunlaşdığı ehtimal olunur. Onların əcdadları 5-6-cı əsrlərdə Qafqaz Albaniyasında məskunlaşmışdılar. Hətta 1990-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Bakı civarında və Qubanın 25 kilometrliyində VII əsrə aid yəhudi yaşayış məntəqəsinin qalıqları tapılmışdır. Ümumi rəyə əsasən, dağ yəhudilərinin əcdadları İrandanyaxud Bizans imperiyasından köç edərək, Qafqaz Albaniyasında məskən salmışlar. Digər fərziyyələrə görə, dağ yəhudiləri İsrailin qeyb olmuş tayfalarının övladlarıdır və miladdan əvvəl 722-ci ildə Yerusəlimdə Beyt-ül-Müqəddəs (Süleyman məbədi) ilk dəfə dağıdılan zaman didərgin düşmüş, köç edə-edə, nəhayət, Şərqi Qafqazda məskən salmışlar.

Dağ yəhudilərinin Azərbaycana gəlişinin tarixi isə 2500 ilə yaxındır. Onların Azərbaycanda məskunlaşması xaricdən köçürülmələr və daxili yerdəyişmələr nəticəsində baş vermişdir. İlk köçürülmələr Sasani dövlətilə (III-VII əsrlər) əlaqələndirilir. Sasanilər Xəzərsahili bölgələrin müdafiəsini təşkil etmək üçün imperiyanın müxtəlif yerlərindən buraya əhali köçürmüşdür. Onların içərisində yəhudilər də var idi. Bu proses Ərəb Xilafəti (VII-IX əsrlər), monqollar (XIII-XIV əsrlər) və sonrakı dövrlərdə də davam etmişdir. Dağ yəhudilərinin daxili məskunlaşmasında əsas dəyişikliklər Səfəvi dövlətinin varlığına son qoyaraq, hakimiyyəti ələ alan Nadir Şah Əfşarın dövründə baş vermişdir. Nadirin hücumları zamanı dağ yəhudilərinin Qudyal çayın sol sahilində yerləşən qəsəbəsi dağıdılmışdır. 1747-ci ildə Nadir şahın öldürülməsi ilə Əfşarlar dövləti parçalanmış, xanlıqlar yaranmışdır. Qırğından xilas olan dağ yəhudiləri yeni yaranmış Quba xanlığının banisi olan Hüseynqulu xana pənah gətirmişlər. Quba xanı onlara Qudyal çayın sağ sahilində məskunlaşmağı təklif etmişdir. Beləliklə, ovaxtdan həmin bölgə - Qubadakı Qırmızı Qəsəbə dağ yəhudilərinin kompakt yaşadığı məskənə çevrilmişdir.

Hazırda Azərbaycanda yaşayan dağ yəhudilərinin sayı 20 minə yaxındır. Onların əsas hissəsi Qubada, digərləri isə Bakıda, Oğuzda, İsmayıllıda, Göyçayda, Lənkəranda yaşayır.

 

"Toylarımızda süfrəyə Azərbaycanın milli xörəkləri düzülür

 

Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirir ki, ölkəmizdə yəhudi xalqının yaşayıb inkişaf etməsi üçün hər cür şərait yaradılıb. Uşaq bağçası, məktəb, kollec açılıb: "Biz uzun əsrlərdir ki, Azərbaycanda yaşayırıq. Azərbaycanda dilimizi, dinimizi saxlamaq üçün hər cür şərait var. Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş bütün haqlarımızdan ölkə vətəndaşı kimi tam istifadə edə bilirik. Son 25 ilə qədər yəhudilər orta ümumtəhsil məktəblərində təhsil alırdılar. İndi isə Azərbaycanın tolerantlıq və multikultural mühitində Bakıda 2 orta məktəbimiz var. Məktəbdə tədris rus dilindədir, lakin yəhudi təmayüllüdür. Yəni əsas fənlərlə yanaşı, yəhudi dini adət-ənənələri də öyrədilir. Bu məktəbi bitirən gənc dünyanın istənilən ali məktəbinə imtahan vermək iqtidarındadır. Bununla yanaşı, yəhudi uşaqlar üçün 3 uşaq bağçası var. Bir də 25 ildən çoxdur Qubada kollec fəaliyyət göstərir. Kollecdə yəhudilik üçün ravvinlər hazırlayırlar. Azərbaycan xalqının istifadə etdiyi bütün imtiyazlardan dağ yəhudiləri da sərbəst şəkildə yararlanırlar. Azərbaycan xalqının yüksək mədəniyyəti sayəsində əsrlər boyu formalaşan milli-mənəvi dəyərlərimizi, minilliklərlə qoruyub saxladığımız adət-ənənələri itirmədən bugünə gətirmişik, onları zənginləşdirmişik. Öz kimliyimizi olduğu kimi saxlaya bilmişik. Yəhudiliyin minilliklərlə saxlanması, "Tövrat”ın itməməsi, assimilyasiyaya uğramaması yalnız Azərbaycan kimi məmləkətdə mümkün olub. Əhalisinin 96 faizi islama mənsub olan dövlətdə yəhudilər üçün sinaqoq tikilib. Özü də dövlət tikib, bizə hədiyyə verib. Bu, dünyada analoqu olmayan haldır. Bundan başqa, möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə sinaqoqun yanında yəhudi dini mədəni mərkəzinin tikilməsi üçün torpaq sahəsi ayrılıb. Belə bir mərkəzin tikilməsi isə tarixə düşəsi hadisədir”.

İcma sədrinin sözlərinə görə, dağ yəhudiləri azərbaycanlılarla o qədər qaynayıb-qarışıblar ki, artıq mentalitetləri, mətbəxləri, toyları da oxşardır: "Dağ yəhudilərinin mentaliteti dağ adamlarının mentalitetinə bənzəyir. Namus, qeyrət, ev, ailə, vətən, xalq bizim üçün çox müqəddəsdir. Mentalitetimiz heç kəsə icazə vermir bunlara toxunsun. Bizdə də müsəlmanlardakı kimi, ibadət zamanı qadınlarla kişilər eyni otaqda olmur. Qadınlar ikinci mərtəbədə pərdə arxasında, kişilər aşağıda ibadət zalında ibadət edirlər. Toylarımızda azərbaycanlı müğənnilər iştirak edir, kabab, plov kimi Azərbaycanın milli xörəkləri süfrəyə verilir. Bizdə sadəcə yemək "koşer” olmalıdı, yəni pak. Bir var halal, birvar pak. Halal kəsilmiş ət bizim üçün hələ pak demək deyil. Xüsusi texnologiya ilə paklaşdırılır, sonra istifadə olunur. Ümumiyyətlə, bizim mətbəx də Avropa, Gürcüstan yəhudilərinin mətbəxindən fərqlidir. Bizdə milli xörəklərimizlə yanaşı, Azərbaycan mətbəxi də üstünlük təşkil edir. Avropa yəhudiləri isə Şərq mətbəxini götürməyiblər. Amma yəhudiliklə bağlı elə bir fərqimiz yoxdur. "Tövrat” həmin "Tövrat”dır, oxunuşu da eynidir. Bayramlarımız, adət-ənənəmiz birdir”.

 

"Biz Azərbaycanda dinc şəkildə yaşayırıq”

 

M.Yevdayev deyir ki, icmaları beynəlxalq aləmdə də tanınır. Hətta icma bir neçə il öncə ABŞ Prezidenti Barak Obamanın möhür medalı ilə təltif olunub. Milix Yevdayev Kaliforniya ştatında yəhudilərin 4,5 milyon tirajla nəşr olunan "Jewish journal” qəzetində məqalələrlə çıxış edir. Müəllif ermənilərin Azərbaycana qarşı ərazi iddiası, Qarabağ savaşı, Xocalı soyqırımı, 20 Yanvar faciəsi, Azərbaycan-İsrail münasibətləri, ölkəmizdəki tolerantmultikultural mühiti, sədri olduğu icmanın fəaliyyəti və digər həqiqətləri yazıları vasitəsilə dünyaya çatdırır. Bu günə qədər 40-dan çox məqaləsi həmin qəzetdə ingilis dilində işıq üzü görüb. Məqalələrin yarısı toplanaraq "Yəhudilərin Azərbaycandakı həyat tərzi” adı altında kitab şəklində çap olunaraq yayılıb. İkinci nəşri isə yaxın vaxtlarda hazır olacaq: "İcmanın bütün dövlətlərlə əlaqəsi var. Xaricdən bura qonaqlar gəlir. Biz başqa ölkələrə səfər edirik. Elə dövlətlər var ki, Azərbaycanı yaxşı tanımırlar və çoxları bələd olmaq üçün buraya gəlirlər. Ona görə də bütün həqiqətləri dünyaya olduğu kimi göstərmək lazımdır. Qoy bilsinlər ki, Azərbaycan hər zaman tolerant ölkə olub. 30 ildir Azərbaycan şərə düşüb, torpaqları zəbt olunubbu, milli zəmində yaranan münaqişə səbəbindən baş verməyib. ABŞ-ın Kaliforniya ştatında 1 milyona yaxın sayı olan erməni diasporu yaşayır. Onlar 2015-ci ildə Kaliforniya Senatına qətnamə hazırlayıb vermişdilər ki, bu ştat erməni separatçılarını rəsmən tanısın. Mən Los Ancelesə gedib, bu qətnaməyə qarşı çıxış etdim. Orada mənə sual verdilər ki, siz azərbaycanlı deyilsiniz, bəs necə olur ki, 17 min kilometr uzaqdan gəlib Azərbaycanı müdafiə edirsiniz? Dedim, bəli, mən azərbaycanlı deyiləm, amma Azərbaycan vətəndaşıyam. İsrail tarixi vətənimiz, Azərbaycan isə doğma diyarımızdır. Siz indi bu qətnamə ilə Qarabağ müharibəsini qızışdırırsınız, amma o müharibədə nə siz, nə də sizin övladlarınız vuruşacaq. Vuruşanlar yenə azərbaycanlılar və Azərbaycanda yaşayan xalqların övladları olacaq. Yəhudi əsilli olsaq da, bizim də şəhidlərimiz, milli qəhrəmanımız var. Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Qarabağ şəhidi Albert Aqarunovun 50 illiyi bu il yüksək səviyyədə qeyd edildi. Onun şərəfinə xatirə medalı hazırlanaraq silahdaşlarına paylandı. Bakıda əsas küçələrdən birinə Albertin adı verilib. Həmin küçənin başında monumenti ucaldılacaq. Suraxanı rayonunda təhsil aldığı orta məktəb onun adını daşıyır. Hər il Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş beynəlxalq karate yarışları keçirilir. Qubada küçələrdən biriAlbert Aqarunovun adını daşıyır”.

M.Yevdayev vurğulayır ki, Azərbaycan Konstitusiyası dinlər arasında fərq qoymur. Dövlətin dini icmalara yardımında bərabərlik var. Azərbaycanda sinaqoqları da, katolik kilsəsini də dövlət tikir. Prezident İlham Əliyev tolerantlıq siyasətini uğurla davam etdirir. Ona görə ölkəmizdə 843 dini icmanın 31-i qeyri-müsəlman icmasıdır və icmalar arasında həmrəylik var: "Tolerantlıq və multikultural mühit elə bir məfhumdur ki, o, sehrli çubuq vasitəsilə yarana bilməz. İnsanların şüurunda, həyat tərzində, qəlbində xalqa, millətə, ölkəyə sevgi olmasa, bu mühitdən danışmaq mümkün deyil. Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür”. Məhz Azərbaycan xalqının yüksək mədəniyyətinin təntənəsidir ki, bu gün ölkədə qeyri-islam icmalarının sayı 30-u keçib. Nəhəng dövlətlərlə müqayisədə Azərbaycan kiçik ölkədir, amma əməlləri böyükdür. Azərbaycanın tolerant mühiti dünyaya nümunədir. İlham Əliyev hər bir vətəndaşın prezidenti olduğunu öz daxilixarici siyasəti ilə sübuta yetirir. Biz bunun əməldə icrasının tam mənası ilə şahidiyik. Azərbaycanda dinc şəkildə yaşayırıq. Bu sülh şəraitini təmin edən isə möhtərəm Prezidentimizdir. Hələ vaxtilə Ulu Öndər deyib: "Yəhudilər Azərbaycanda tam əmin-amanlıq şəraitində yaşaya bilərlər”. Necə ki, yaşayırıq. Yəhudilər başqa ölkələrə getsələr də, Azərbaycanla əlaqəni kəsmirlər, azərbaycanlı olduqlarını da danmırlar. Azərbaycanla fəxr edirik”.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.-25 iyul.- S.1; 6.