Yeni uğurlara doğru...

 

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla Azərbaycan bu il də "ən islahatçı ölkə” statusunu qoruyub saxlaya biləcək

 

Azərbaycan Dünya Bankının "Doing Business 2020” hesabatında "Biznesə başlama” meyarı üzrə cari ildə dünyanın ən yaxşıları sırasında yer almağı hədəfləyir. 2019-cu ilin hesabatına görə, bu meyarda dünyanın ən yaxşı onluğu sırasına daxil olan ölkəmiz cari ildə biznesə start verilməsi qaydalarında bir sıra yeniliklər tətbiq etməklə mövcud prosedurları daha da asanlaşdırıb.

Hazırda "Doing Business 2019” hesabatında Azərbaycan "Biznesə Başlamaindikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. "Doing Business 2019” hesabatında Azərbaycan üçün "Biznesə Başlamaindikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulub. Lakin 2019-cu ildə həyata keçirilmiş islahatlar nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi çox sadələşdirilib. İslahatlar nəticəsində prosedurların sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb. Bütün bunlar əlbəttə ki, Azərbaycanda biznesə başlama prosedurlarının əsaslı şəkildə sadələşdirildiyini bir daha təsdiqləyir.

Ölkəmizin bir sıra digər sahələrində olduğu kimi, vergi sahəsində də genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlara 2018-ci ildə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi çərçivəyə uyğun olaraq başlanılıb.

Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı məsələsinə gəlincə isə deyə bilərik ki, bu proses 2008-ci ildən "Bir pəncərə” prinsipi ilə nazirlik tərəfindən həyata keçirilir. 2012-ci ildən etibarən isə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı elektron formada həyata keçirilməyə başlanıb. 2018-ci ilin sonlarında "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda edilmiş dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində əlverişli mühitin formalaşmasına müsbət təsir göstərərək yeni rəqəmsal elektron qeydiyyat sisteminin qurulması ilə nəticələnib. Vergilər Nazirliyindən verilən məlumata əsasən, islahata qədər elektron qeydiyyat yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən elektron imzaya Asan Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən "Asan imza” vasitəsilə həyata keçirilirdi. Bu ilin əvvəlindən başlayaraq hüquqi şəxsin dövlət qeydiyyatı, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla icra olunur. Beləliklə, qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, həmçinin qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Yeni xidmətdən yararlanan istifadəçilər elektron imza olmadan "İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodmobil nömrə ilə identifikasiyadan keçirlər.

Təbii ki, bu islahatlar vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlar, biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergigömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, "yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə "bir pəncərə” sistemi, biznesə başlama, elektrik təchizatı şəbəkələrinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılıb.

Dövlət başçısı islahatların nəticələrini dəyərləndirərkən bildirmişdir ki, bu il iqtisadi sahədə köklü islahatlar davam etdirilir. İslahatların nəticələri göz önündədir, xüsusilə vergigömrük sistemində aparılan islahatlar böyük irəliləyişə, müsbətə doğru dəyişikliklərə səbəb olur.

Bu isə onu deməyə əsas verir ki, aparılmış islahatlar ölkəmizin "Doing Business” hesabatında mövqelərinə müsbət təsir edəcək, Azərbaycan bu il də "ən islahatçı ölkə” statusunu qoruyub saxlaya biləcək. Xatırladaq ki, "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunmuşdu. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmışdı. Hesabatda deyilirdi ki, Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib.

Bu ilin əvvəlində isə ABŞ-ın tanınmış "The Heritage Foundationanalitik mərkəzi tərəfindən hazırlanan "İqtisadi Azadlıq İndeksi-2019”da Azərbaycan ən böyük irəliləyiş edən ölkə kimi təqdim olundu.

Göründüyü kimi, İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətlə bu gün Azərbaycanda mövcud olan iqtisadi müstəqillik siyasi müstəqilliyin və genişmiqyaslı inkişafın təminatçısıdır. Son illərdə aparılan böyük islahatlar getdikcə daha da dərinləşir və bu həm də Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Ölkəmiz beynəlxalq reytinq təşkilatlarının hazırladıqları illik hesabatlarda ilk yerlərdə qərarlaşır. Bütün bunlar isə beynəlxalq birliyin Prezident İlham Əliyevin islahatlarına verdiyi qiymətin təzahürüdür.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 26 iyul.- S.1; 4.