10 qızıl, 7 gümüş, 6 bürünc
XV Avropa Gənclər
Olimpiya Festivalı gələcəyin idman ulduzlarının
növbəti zəfər meydanı oldu
İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalına yekun vuruldu. Bir həftə davam edən yarışlarda 48 ölkəni təmsil edən 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı.
Azərbaycan komandası Avropanın Rusiya, Böyük Britaniya və Türkiyə istisna olmaqla, bütün ölkələrini, o cümlədən - Fransa, Almaniya, İtaliya, Ukrayna, İspaniya, Çexiya, Hollandiya, Belarus, İsveçrə, Avstriya və digərlərini qabaqlayaraq festivalda 23 medal qazanmış və ümumi komanda hesabında 4-cü olmuşdur. Medallardan 10-u qızıl, 7-i gümüş, 6-sı bürüncdür.
Güləşdə Avropa birincisiyik
Azərbaycan komandasının üzvləri 10 idman növü üzrə keçirilmiş yarışların 3-də medallar əldə ediblər. Sözsüz ki, bütün turnirlərdə medal gözlənilən idman növləri sırasında güləş xüsusi yer tutur. Pəhləvanlarımız bu dəfə də ənənələrinə sadiq qalaraq 3 gün keçirilən yarışlarda ümumilikdə 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) əldə edərək tarixi qələbəyə imza atdılar. Bununla da, 13 ölkə arasında ilk pillədə yer aldılar.
Sərbəst güləşdə A qrupunda rusiyalı Eldar Asakayevlə gücünü sınayan təmsilçimiz Murad Haqverdiyev (45 kq) ilk turda qələbə qazanıb. Ardınca belaruslu Mikita Berazuna, türkiyəli Bahri Soylerə aman verməyən həmyerlimiz yarımfinala adlayıb. Finala gedən yolda polşalı Fabian Niedziedzkini mübarizədən kənarlaşdıran Murad həlledici mərhələdə Gürcüstan idmançısı Nikolozi Santeladze ilə qarşılaşıb və 11:4 hesabı ilə qələbə qazanaraq "Bakı-2019”un qalibi adını qazanıb.
Sərbəst güləşdə 51 kq çəki dərəcəsində yarışan Kənan Heybətov 1/8 finalda Ukrayna təmsilçisi İvan Terzini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısı Niko Hivonenə heç bir şans verməyən təmsilçimiz yarımfinala yüksəlib. Finala gedən yolda yunanıstanlı Nektarios Kristos Kuzupisi də vaxtından əvvəl məğlub edən Kənan həlledici görüşdə rusiyalı Rüstəm Dolayevlə üz-üzə gəlib. Görüşü qalib başa vuran pəhləvanımız festivalın qızıl medalına yiyələnib.
Sərbəst güləş yarışlarında Cəbrayıl Hacıyev (65 kq) təsnifat mərhələsində gürcüstanlı Davit Patsinaşvili üzərində inamlı qələbə qazanıb. Daha sonra türkiyəli Duhan Hamza Dumanı da məğlub edən Cəbrayıl adını 1/4 finala yazdırıb. Yarımfinala gedən yolda Yunanıstan təmsilçisi Konstantinos Nikopolidisi mübarizədən kənarlaşdıran pəhləvanımız bu mərhələdə İsveçrə idmançısı Umar Mavlayevə də qalib gələrək finala yüksəlib. Final qarşılaşmasında Batirbek Tşkovrebovla (Rusiya) güləşən idmançımız qalib gələrək qızıl medala layiq görülüb.
Yunan-roma güləşində isə ölkəmizin hesabına ilk qızıl medalı Fərid Sadıqlı (45 kq) yazdırıb. 1/8 finalda İtaliya idmançısı Andrea Martinonu, 1/4 finalda gürcü Davit Qvasalianı, yarımfinalda rusiyalı Maksim Qurovu məğlub edən pəhləvanımız həlledici mərhələdə türkiyəli Umut Çobanla güləşib. Rəqibini böyük üstünlüklə məğlub edən Fərid Avropa Gənclərinin XV Yay Olimpiya Festivalının qalibi olub.
Yunan-roma güləşində
48 kq çəkidə yarışan Qurban Qurbanov isə
mübarizəyə 1/8 final mərhələsindən
qoşulub. Polşalı Kaçper Karaskieviçlə
güləşdən qalib ayrılan idmançımız
daha sonra türkiyəli Emin Çakırı mübarizədən
kənarlaşdıraraq yarımfinala yüksəlib. Q. Qurbanov finala gedən yolda
Maksim Stupakeviçdən (Belarus) üstün olub. Həlledici görüşdə güləşçimizin
rəqibi gürcüstanlı Xviça Abuladze olub. Rəqibinə aman verməyən Qurban qalib gələrək
ölkəmizin hesabına daha bir qızıl medal
yazdırıb.
60 kq çəkidə
xalça üzərinə çıxan yunan-roma güləşçimiz
Həsrət Cəfərov 1/8 finalda litvalı Donatas Rindeikislə
görüşdən qalib ayrılıb. 1/4 finalda
Mikita Muraşkanı (Belarus) 13:5 hesabı ilə məğlub
edən Həsrət yarımfinalda Andrea Settiyə (İtaliya)
də qalib gələrək finala yüksəlib. Həlledici
görüşdə rusiyalı Maqomed Qiqiyevlə
qarşılaşmadan qalib ayrılan Həsrət
"Bakı-2019”un qızıl medalına
yiyələnib.
Yunan-roma güləşində
51 kq çəkidə yarışan Elmir Əliyev 1/8 finalda
Norveç təmsilçisi Kristofer Anderseni sıradan
çıxarıb. 1/4 finalda o, Rumıniya
idmançısı Denis-Florin Mihaydan güclü olub. Yarımfinalda gürcüstanlı Nukri Benidzeyə
"tuşe” ilə qalib gələn həmyerlimiz
adını finala yazdırıb. O, çempionluq
üçün Sanya Yakovlevlə (Ukrayna) münasibətinə
aydınlıq gətirib və 10:0 hesabı ilə inamlı qələbə
qazanaraq qızıl medala sahib olub.
Yunan-roma güləşindəki
digər təmsilçimiz Xasay Həsənli (65 kq) ilk mərhələdə
Yunanıstan idmançısı Fotios Bukisi məğlub etməkdə
çətinlik çəkməyib. Müvafiq olaraq
finlandiyalı Kasperi Kauhanenə və İsveçrədən
olan güləşçi David Loherə də aman verməyən
Xasay adını yarımfinala yazdırıb. Həlledici
mərhələyə çıxmaq üçün Ukrayna
güləşçisi Marian Qolubovski ilə gərgin
mübarizə şəraitində keçən
görüşdən də qalib ayrılan təmsilçimiz
qızıl medal uğrunda Deni Nakayevlə (Almaniya)
qarşılaşıb. Görüşü
qalib başa vuran təmsilçimiz "Bakı-2019”un
qızıl medalını qazanıb.
Sərbəst güləşçimiz
Əbülfəz Nəsirov (55 kq) da "Bakı-2019”u medalla
başa vurub.
Təmsilçimiz finala gedən yolda
britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bejani
Barsonidzeni, rusiyalı Maqomedemi Eltemirovu məğlubiyyətə
uğradıb. Həlledici mərhələdə
italiyalı Simone Vinçenzo Pirodduya uduzan pəhlavanımız
gümüş medalla kifayətlənməli olub.
60 kq çəki dərəcəsində
yarışan Sabir Cəfərov 1/8 finalda macarıstanlı
Marsel Deli ilə güləşib. Görüşü
vaxtından əvvəl qalib başa vuran
idmançımız dörddəbir finalda belaruslu Anatoli
Xramika üzərində 12:1 hesabı ilə qələbə
qazanaraq yarımfinala yüksəlib. Finala
gedən yolda bolqarıstanlı İvan Stoyanovu da mübarizədən
kənarlaşdıran pəhləvanımız həlledici mərhələdə
rusiyalı Fyodor Baltuyevlə güləşib. Rəqibin üstünlüyü ilə keçən
görüş həmyerlimizin 3:7 hesablı məğlubiyyəti
ilə başa çatıb.
Qadın güləşçilərin
yarışında 46 kq çəkidə təmsilçimiz
Gültəkin Şirinova 1/8 finalda finlandiyalı Jutta Ala-Ranta
ilə qarşılaşmadan qalib ayrılaraq 1/4 finala yüksəlib. Yarımfinala
gedən yolda həmyerlimiz Belarusu təmsil edən Tatyana
Pertsavanı da 6:1 hesabı ilə məğlub edərək
yarımfinala yüksəlib. G. Şirinova
bu mərhələdə Fanni Viquronı (Fransa) da üstələyərək
adını finala yazdırıb. Güləşçimiz
həlledici qarşılaşmada Georgiana-Lavinia Antuka
(Rumıniya) ilə münasibətinə aydınlıq gətirib.
Lakin idmançımız uduzaraq festivalı
gümüş medalla başa vurub.
61 kq çəkidə
güləşən Mərziyə Sadıqova 1/8 finalda
ukraynalı Manola Skobelska ilə qarşılaşıb. Görüşü
qalib başa vuran idmançımız ardıcıl olaraq
Alina Kasabyeva (Rusiya) və Elmas Çeliki (Türkiyə) məğlub
edərək finala vəsiqə qazanıb. Finalda italiyalı Aurora Russo ilə
qarşılaşan təmsilçimiz uduzaraq gümüş
medala yiyələnib.
Qadın güləşçilərin
mübarizəsində Elnurə Məmmədova (53 kq) gərgin
keçən qarşılaşmada macarıstanlı Flora
Vizidən üstün olub. Daha sonra Ukrayna və
Rumıniya idmançıları üzərində əzmkar
qələbə qazanan Elnurə finala adlayıb. Həlledici mərhələdə rəqib
rusiyalı Polina Lukina olub. Görüşdə
uduzan təmsilçimiz festivalı gümüş medalla
başa vurub.
Sərbəst güləşçilərin
mübarizəsində 48 kq çəki dərəcəsində
yarışan Mircavad Nəbiyev 1/8 finalda rusiyalı Maqomedamin
Bekbulatovla qarşılaşıb. Gərgin keçən
görüşün yekununda mərhələ adlayan tərəf
Rusiya idmançısı olub. Rusiyalı
güləşçi finala yüksəldiyindən təmsilçimiz
təsəlliverici görüşə qatılıb.
Şükrü Korpeni (Türkiyə) 10:0 hesabı ilə məğlub
edən M. Nəbiyev bürünc medal üçün Tomas
Fişerlə (İsveçrə) qarşılaşıb. Qələbə qazanan təmsilçimiz fəxri
kürsünün üçüncü pilləsinə
qalxıb.
Yunan-roma güləşində
ölkə hesabına daha bir medalı Nihad Məmmədli (55
kq) yazdırıb. Olivye Şkripçaka (Polşa) ilə
görüşdən tam üstünlüklə ayrılaraq
adını 1/4 finala yazdıran təmsilçimiz bu mərhələdə
gürcü Romeo Beridzeyə uduzub. Təsəlliverici
görüşdə fransalı Driss Nifriyə qalib gələn
güləşçimiz 3-cü yer uğrunda mübarizə
aparmaq imkanı əldə edib. Bürünc medal
uğrunda görüşdə türkiyəli Ateş Bekirə
9:0 hesabı ilə qalib gələn Nihad
üçüncü yeri tutub.
65 kq çəkidə
mübarizə aparan Nigar Mirzəzadə isə yarışa
almaniyalı Mari Trautmana qalib gəlməklə
başlayıb. Ancaq 1/4 finalda güləşçimiz
türkiyəli Nesrin Başa uduzub. Rəqibi
finala yüksəldiyindən həmyerlimiz təsəlliverici
görüşə qatılıb və Lusi Makqratla
(Böyük Britaniya) güləşdən qalib ayrılaraq
3-cü yer uğrunda qarşılaşmada polşalı Zofia
Polovçiki məğlub edərək festivalın
bürünc medalına yiyələnib.
Cüdoçularımız
medal estafetini davam etdirdilər
Pəhləvanlarımızla
yanaşı, medal estafetini cüdoçularımız da davam
etdirməklə 3 yarış günündə 2
qızıl, 1 gümüş və 3 bürünc medal
qazanıblar. Heydər Əliyev adına İdman Sarayında
keçirilən, 40 ölkədən 297 cüdoçunun
qatıldığı yarışda Azərbaycan 4 qız və
8 oğlan idmançı ilə təmsil olunub.
Qızıl medalı ölkəmizin
aktivinə Turan Bayramov (60 kq) və Hüseyn Məmmədov
(+90 kq), gümüş medalı Vüqar Talıbov (73 kq),
bürünc medalları Şükran Zamanlı (55 kq),
Gülşən Bəşirova (44 kq) və Məhərrəm
İmamverdiyev (81 kq) yazdırıblar.
60 kq çəki dərəcəsində
çıxış edən Turan Bayramov debütdə Adam
Saferi (Avstriya) 20 saniyəyə ippona salıb. O, ardınca Mikos Tontinidisi də
məğlub etməyə cəmi 13 saniyə vaxt sərf edib.
Cüdoçumuz finala gedən
yolda türkiyəli Muhammed Demirellə üz-üzə gəlib
və tatamidən qalib ayrılıb. Həlledici mərhələdə
rəqib rusiyalı Rizvan Maqomadov olub. Maraqlı
idman mübarizəsi şəraitində keçən
görüşdən qalib ayrılan Turan "Bakı-2019”un
qalibi olub.
Kişilərin +90 kq çəki
dərəcəsində mübarizəsində Hüseyn Məmmədov
1/8 finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ipponla
qalib gələrək 1/4 finala yüksəlib. O, bu mərhələdə
yunanıstanlı Aristotelis Aris Leonidisi vazari xalı ilə məğlub
edərək yarımfinala adlayıb. Hüseyn
finala gedən yolda moldovalı Alin Baqrinlə qarşılaşıb
və ipponla qalib gəlib. Həlledici mərhələdə
cüdoçumuz rusiyalı Axmed Maqomedovla
qarşılaşmadan qalib ayrılaraq festivalı
qızıl medalla başa vurub.
Oğlanların mübarizəsində
73 kq çəkidə yarışan Vüqar Talıbov 1/8
finalda belaruslu Denis Yavseyenkanı, 1/4 finalda Adam Kopeçkunu
(Çexiya) məğlub edib. Festivalda millinin
bayraqdarı olan cüdoçu finala gedən yolda türkiyəli
Musa Şimşəklə qarşılaşıb. Bu dəfə 27 saniyəyə ipponla qalib gələn
idmançı həlledici görüşdə italiyalı
Luici Sentraççio ilə güləşib. Rəqibinə ipponla uduzan Vüqar
"Bakı-2019”da gümüş medal qazanıb.
Qadınların
yarışında 55 kq çəkidə mübarizə
aparan Şükran Zamanlı mübarizəyə
portuqaliyalı Migel Gaqodan üzərində qələbə
ilə başlayıb. Lakin idmançımız uğurun
davamını gətirə bilməyib və ikinci cəhdində
macarıstanlı Bense Farkaşa uduzub. Buna
baxmayaraq, təsəlliverici görüşlərə
qatılan həmyerlimiz almaniyalı David İckes və
hollandiyalı Laurens Vilmsdən güclü olub. Bürünc medal uğrunda görüşdə
Şükran ukraynalı Vladislav Kolobovla
qarşılaşmadan qalib ayrılaraq turniri 3-cü pillədə
başa vurub.
44 kq çəkidə
qüvvəsini sınayan Gülşən Bəşirova da
Mariya Qonzalesə (İspaniya) qalib gəldikdən sonra
Anastasiya Balabana (Bolqarıstan) məğlub olub. Təsəlliverici
qarşılaşma isə Gülşənin xeyrinə
yekunlaşıb. O, polşalı Natalya Stoklosanı
mübarizədən kənarlaşdırıb. Cüdoçumuz 3-cü yer uğrunda hollandiyalı
Joşlin Supusepa ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən
idmançımız bürünc medala sahib olub.
Digər təmsilçilərimizdən
Məhərrəm İmamverdiyev (81 kq) 1/16 finalda
rumıniyalı Vlad Topalaya (Rumıniya) ipponla qalib gəlsə
də, növbəti mərhələdə ukraynalı Timur
Valiyevə məğlub olub. Təmsilçimiz təsəlliverici
görüşlərdə Karl Battendən (İsveç) və
Samuel Retdən (Slovakiya) üstün olmaqla, bürünc medal
qazanmaq şansı əldə edib. Üçüncü
yer uğrunda israilli İftaç Badaşla üz-üzə
gələn Məhərrəm qalib gələrək turnirin
bürünc medalına yiyələnib.
Səməd Məmmədlidən
gümüş medal
Gimnastika
yarışlarında isə Azərbaycan atleti Səməd Məmmədli
XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman
gimnastikası yarışlarında gümüş medal
qazanıb.
Gimnastımız dəstəli at yarışlarında
uğurla çıxış edərək 13,600 xal toplayaraq
bu nəticəyə nail olub.
Xatırladaq ki, Milli Gimnastika
Arenasında keçirilən yarışlarda Avropanın 37
ölkəsinin idmançıları mübarizə
aparıblar.
Sonda qeyd edək ki, Rusiya
idmançıları komanda hesabında birinci yeri tutublar - 66 medal (28 qızıl, 17 gümüş, 21
bürünc). Böyük Britaniya yığması 25 medalla
(11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci,
Türkiyə isə 27 medalla (11 qızıl, 6
gümüş, 10 bürünc) üçüncü yerdə
qərarlaşıb.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.-30 iyul.- S.4.