Eyni xislətlilər

 

Erməni terrorçu-daşnak qüvvələri faşizmin xidmətində

 

XX əsrin 30-cu illərinin sonunda dünya iqtisadi böhranının dərinləşməsi fonunda A.Hitler Almaniyada hakimiyyətə gəldi. Bununla da erməni liderləri onlarla işbirliyi quraraq SSRİ-yə qarşı faşistlərlə əməkdaşlığa başladılar. SSRİ-ni sevməyən və Türkiyə Cümhuriyyətinə düşmən münasibət bəsləyən ermənilər Hitlerin sadiq quluna çevrilmək üçün dəridən-qabıqdan çıxırdılar. Bundan istifadə edən alman-faşist gestaposunun şefi Henrix Müller 1938-ci ilin oktyabrında qondarma mühəndis Krauze adıyla Bakıya gələrək "Daşnaksütyun” partiyasının üzvlərini "beşinci kolona” cəlb edir. SS qruppenfüreri H.Müllerin "…Bakıya gəlişindən sonra erməni milli təşkilatı "Daşnaksütyun”un casusları məlumatları faşist Almaniyasına ötürməyə başlayırlar.

Müller Henrix (28.04.1900, Münhen-may 1945, Berlin) gizli dövlət polisinin (gestaponun) rəhbəri, SS qruppenfüreri və polis general-leytenantı olmuşdur.

H.Müller 1917-ci il iyun ayının 11-də könüllü surətdə aviasiya qrupuna daxil olmuş, 1918-ci ilin aprelindən Qərb cəbhəsində döyüşmüşdür. Döyüşlərdə fərqləndiyi üçün 1-ci və 2-ci dərəcəli "Dəmir xaç”la təltif olunmuşdur. 1919-cu ildə ordudan tərxis olunan H.Müller dekabrın 1-də Münhendə polisdə xidmətə daxil olmuş, 1920-ci il oktyabrın 10-da Münhen polis idarəsində təhlükəsizlik xidmətinə keçirilmişdir.

Müller tezliklə gestapoda karyera qura bilmiş, 1934-cü il aprelin 20-də SS-ə daxil olmuş və SS şturmfüreri rütbəsində SD Baş İdarəsində kommunistlər, marksistlər, həmkarlar təşkilatları və digər müxalifət qrupları ilə mübarizə aparmış, 1935-ci ildə Almaniya Kommunist Partiyası üzvlərinin kütləvi həbsinə rəhbərlik etmişdir.

H.Müller 1936-cı il iyulun 1-də gestaponun Bavariya siyasi polisinin 2-ci şöbəsinə rəis təyin olunmuş, Bavariya siyasi polisi ilə SD-nin birləşməsindən sonra gestaponun rəhbəri olmuşdur.

H.Müller 1939-cu ildə Hitlerin Polşaya müharibə elan etməsi üçün Leyvitsdə radiostansiyaya hücumun təşkilinə, həmçinin Hitlerə 20 iyul 1944-cü il sui-qəsdinin iflasa uğramasından sonra genişmiqyaslı həbslərə də rəhbərlik etmişdir.

Məlumatlara görə, Müller İmperiya dəftərxanasında intihar etmişdir. V.Şelenberqin belə bir versiyası da var ki, Müller hələ müharibə dövründə K.Şolts vasitəsilə sovet kəşfiyyatı ilə əlaqə yaratmış, müharibədən sonra SSRİ-də gizlənmişdir. 1958-ci ildə Müllerin dəfn edildiyi güman olunan yerdə abidəsi qoyulmuşdur. Ancaq 1963-cü ilin sentyabrında cəsədin eksqumasiyası keçirilərkən Müller olduğu təsdiq olunmamışdır. (Zalesskiy K.A. Kto estğ kto vo Vtoroy Mirovoy voyne Qermaniə i soözniki /K.A.Zalesskiy. M.: Veçe, 2010, 464 s., s. 110)

Əslində, ermənilərin Türkiyə dövlətinə olan düşmən münasibəti faşistlərin ermənilərlə əlaqə yaratmasının əsas səbəbi idi. Hitler Almaniyasının siyasi əlaqələndiricisi, siyasətçi Alfred Rozenberq yazmışdı: "Almaniyanın Qafqazda siyasətinin, həmçinin onların cənub qonşularının məqsədi siyasi və hərbi arenada hakimiyyətə keçməkdir "(Gduard Abramən. Kavkazüı v Abvere. M., 2006, s. 43). İşğal olunacaq ərazilərin Alfred Rozenberq tərəfindən tərtib olunmuş yeni xəritəsi Türkiyə dövlətinin ərazilərini də əhatə edirdi. Faşistlər ermənilərin türklərə olan nifrətini bildikləri üçün bundan ağılla istifadə etməyə səy göstərirdilər. Bu səbəbdən də Reyxin nümayəndələri ermənilərə açıq müraciət ünvanlayaraq birgə hərəkət üçün imkanları haqqında dəqiq məlumat verməyi, sonra arzularını bildirməyi tələb etmişlər.

1941-ci ildə Hitler Almaniyası SSRİ-yə qarşı müharibəyə başlayanda ermənilər məkrli planlarını həyata keçirmək üçün fürsət yarandığını fikirləşdilər. Onlar "gələcək gün üçün” 1919-cu ildə daşnak hökumətinin başçısı olmuş Xatisyanı tapıb Adolf Hitlerə təqdim etdilər və ermənilərin almanların sadiq dostu, ədalət uğrunda mübarizə aparan xalq olduqlarını bildirdilər.

 

Kimdir Xatisyan?

 

Xatisov (Xatisyan) Aleksandr İvanoviç erməni çinovniki ailəsində dünyaya gəlmiş, 1891-ci ildə Tiflis gimnaziyasını bitirmiş, Moskva və Xarkov universitetlərinin tibb fakültələrində oxumuş, 1897-ci ildə universiteti bitirərək həkim ixtisası almışdır. 1898-ci ildə təhsilini davam etdirmək üçün xaricə gedən Xatisyan İtaliya, Fransa və Almaniyada olmuş, Paris və Berlində bir neçə kitab və kitabçalarını nəşr etdirmişdir.

A.İ.Xatisyan 1900-cü ildə Tiflisə qayıtmış, 1905-ci il inqilabında iştirak etmiş, "Daşnaksütyun” partiyasına üzv olmuşdur. 1914-cü ildə çar Rusiyasında daşnaklara amnistiya elan olunduğu üçün A.İ.Xatisyan Qafqaz ordusunun baş komandanı Vorontsov-Daşkovun, Tiflisin erməni yepiskopu Ter-Movsesyan və həkim Akop Zavriev isə erməni könüllü drujinalarının təşkili məsələləri üzrə məsləhətçi olmuşlar. A.İ.Xatisyan ətrafına daşnak kadrları cəlb edərək erməni qaçqınlarına kömək göstərmişdir.

A.Xatisyan fevral inqilabından sonra 1917-ci ilin oktyabrınadək Erməni Milli Bürosuna, 1917-ci ilin mart-aprelində erməni siyasi partiyalarının müşavirəsinə sədrlik etmiş, 1917-ci ilin iyununda Tiflisdə keçirilən Cənubi Qafqaz kəndlilərinin qurultayında, 1917-ci ilin sentyabr-oktyabar aylarında çağırılan Erməni Milli Müşavirəsində (Şərq ermənilərinin qurultayında) və Erməni Milli Şurasının yaradılmasında iştirak etmiş, 1918-ci ilin aprelində Cənubi Qafqaz Demokratik Federativ Respublikası yarananda maliyyə və ərzaq naziri, həmçinin Cənubi Qafqaz Seymi hökumətinin himayəetmə naziri olmuşdur. O, 1919-cu ilin oktyabrında Ararat Respublikasının xarici işlər naziri, 1919-cu ilin avqustundan 1920-ci ilin may ayına kimi Ararat Respublikasının baş naziri olmuşdur.

A.Xatisyan mühacirətdə Parisdə yaşamışdır. Erməni və rus ictimai təşkilatlarının işində və 1923-cü ildə çağırılan Lozanna konfransında iştirak edən A.Xatisyan Millətlər Liqasında erməni xalqının maraqlarının təmsilçisi olmuşdur. Masson təşkilatı "Şimal ulduzu” (1924-1931), "Azad Rusiya” (1931-1937) şöbələrinin üzvü olan A.Xatisyan 1940-cı ildə Hitler qoşunları Fransanı işğal edəndə Portuqaliyaya gedərək Portda yaşamış, 1944-cü ildə almanlarla əməkdaşlıq etməsi barədə donos əsasında yerli hakimiyyət orqanları tərəfindən həbs olunsa da, himayədarlarının köməyi sayəsində "sübutlar yetərli olmadığından” sərbəst buraxılmışdır (https://ru.wikiprdia/orq|wiki/).

Qeyd olunduğu kimi, müharibə başlayanda faşistlərin qalib gələcəyini düşünən ermənilər yaltaqlıqla III Reyx rəhbərliyinə yol tapmağa cəhd etdilər. Bu yaltaqlanma prosesində general Dro (Drastamat Kanayan) xüsusi fərqlənirdi. Bu həmin Dro idi ki, 1918-1920-ci illərdə Zəngəzurda və Naxçıvan diyarında silahsız azərbaycanlılara hücum etmiş, əliyalın əhalini qətlə yetirmişdir.

Erməni tarixçisi Eduard Abramyan "Kafkazüı v Abvere” kitabında etiraf edir ki, erməni məsələsi Hitler Almaniyası üçün xarici işğal siyasətlərini reallaşdırmaq vasitəsi olmuşdur. Buna görə də Reyx ermənilərlə əlaqəyə dair Almaniyada olan erməni mühacirlərlə yığıncaqlar keçirir, onlardan SSRİ-yə və Türkiyə dövlətinə qarşı istifadə etməyi planlaşdırırdı. Berlin ermənilərə SSRİ-yə qarşı müqəddəs müharibəyə hazırlaşmağı tövsiyə edirdi.

Daşnak hökuməti dağıldıqdan sonra gizlənən A.Xatisyan 1942-ci ildə Hitlerin xidmətinə girir. Uzun illər Ermənistan SSR-də müxtəlif rəhbər vəzifələrdə işləmiş mərhum T.Musayev yazır ki, "Hitler onu (Xatisyanı-M.Ə.) Qafqaza - Rostov vilayətində ermənilərin çoxluq təşkil etdiyi Armavir şəhərinə göndərir ki, erməniləri səfərbər edib Sovet dövlətinin məğlub olmasına yaxından kömək etsin, Qafqazı Hitler zəbt edən kimi Zaqafqaziya üzrə qubernator olub, Zaqafqaziyada qalıb... azərbaycanlıların kökünü kəsə bilsin.

Daşnak hökuməti başçısı olmuş Xatisyanın Rostov vilayətinin ən çox erməni yaşayan Armavir şəhərinə gətirilib orada yerləşdirilməsi və onun planları barədə 1942-ci il iyul-avqust aylarında "Pravda” qəzeti öz nömrələrinin birində karikatura vermişdir. Karikaturada Hitler A.Xatisyanı maşa ilə zibil vedrəsindən çıxarıb ona vədlər edir”. (Talıb Musayev. Ermənilər və faciələrimiz. (XX əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilmiş faciələr) Bakı, 2008, s.214-215)

Faşistlərin qulbeçələri olan Dro Kanayan II Dünya müharibəsi zamanı Qaregin Njde ilə birlikdə faşistlərin tərəfində döyüşür və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edir. Dro kəşfiyyat və təxribat məqsədləri üçün Simferopolda yerləşən "Dromedar” təşkilatı tərəfindən koordinasiya edilən erməni qrupları yaradır və rəhbərlik edir.

Quldur başçısı Dro ləqəbi ilə tanınan cinayətkar general Drastamat Kanayan Martirosoviç 1884-cü il mayın 31-də İrəvan quberniyasının Sürməli qəzasında dünyaya gəlmişdir. Dro gimnaziyada təhsilini bitirdikdən sonra Pyatiqorsk şəhərində hərbi təhsil almış, 1903-cü ildə "Daşnaksütyun” partiyasına daxil olmuşdur. 1905-ci ildə Bakıda başlanan erməni-azərbaycanlı qırğınında Bakı qubernatoru Nakaşidzeyə qarşı sui-qəsddə iştirak etmiş və onun faytonuna bomba atmışdır. Partlayış nəticəsində qubernator həlak olmuşdur. Bundan sonra Qafqaza qaçan Kanayan-Dro İranda və Osmanlı dövlətində yaşamış, Şərqi Anadoludakı erməni dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olmuşdur.

Dro I Dünya müharibəsində Rusiya İmperiyasının ordusunda yerləşdirilən Erməni Könüllü Alayında xidmət etmişdir. Qars və Ərzurum cəbhələrində osmanlılara qarşı vuruşan Dro 1918-ci ildə Ararat Respublikasında Müdafiə Nazirliyinə gətirilmişdir. Dro 1918-ci ildə dəstələri ilə İğdır üzərinə hücum edərkən Mələkli-Daşburun arasında İrəvan gimnaziyasından və İğdırdan uşaqlıq dostu olan İğdır Milli Cümhuriyyəti rəhbəri Əli Əkbər Tufanın komandanlığındakı türk milis dəstələri tərəfindən məğlub edilmişdir. Əsir düşməkdən son anda qurtulan Dro bölgəyə gəlmiş 6 min nəfərlik ingilis dəstələrindən silah alaraq 1920-ci il oktyabrın 28-də yenidən hücum edir.

Dro 1920-ci il noyabr ayının 30-da Gümrü müqaviləsini imzalayan erməni heyətində olmuşdur. 1920-ci il dekabrın 1-də Sovet Rusiyası Ararat Respublikasını işğal edəndə İrana qaçan Dro sonra Almaniyaya getmişdir.

General Drastamat Kanayan (Dro) 15 dekabr 1942-ci ildə faşistlərin nəzarətində Erməni Milli Komitəsini qurmuşdur. Bu komitə II Dünya müharibəsi zamanı ermənilərin SSRİ əleyhdarı və alman tərəfdarı təbliğatının mərkəzinə çevrilmişdir.

1944-cü ilin fevralında Rozenberqin əmri ilə Birləşmiş Erməni Qərargahı yaradılır. 1943-cü il aprelin sonunda erməni hərbi qrupu müstəqil status qazanır. Qrupa Dronun köməkçisi Kuro (Nikolay Tarxanyan) rəhbər təyin edilir, qrupun qərargah rəisi Tiqran Baqdasaryan olur. Kəşfiyyat və təxribat hərəkətlərində məsuliyyəti Misak Torlakyan öz boynuna götürür. "AG-114” casus qrupu da daşnak Ermənistanın (1918-1920) keçmiş ordusunun mənsublarından ibarət idi.

Daşnak lideri Dro Kanayanın 1942-ci ildə anti-sovet fəaliyyəti haqqında SSRİ DTK-nin 4-cü idarəsinin 17 dekabr 1942-ci il tarixli məlumatında bildirilirdi ki, almanların istifadə etdiyi erməni daşnak dairəsində məşhur olan Kanayan Drastamat Martirosoviç Dro ləqəbi ilə tanınırdı. Dro daşnak Ermənistanın keçmiş hərbi naziridir, 1925-ci ilə qədər SSRİ-də, sonra Rumıniyada yaşamışdır. Sonuncuda onun şəxsi mühafizəsində döyüş qrupu olmuşdur. Almaniya SSRİ-yə hücum edənə qədər Dro faşistlərlə əlaqə yaratmağa cəhd etmiş, müharibənin əvvəlində Almaniyaya gəlmiş, erməni kəşfiyyatçı kadrların yaradılması ilə fəal məşğul olmuşdur. (Abramən G. Kafkazüı v Abvere. M., 2006, s.245)

1942-ci ilin dekabrında general Drastamat Kanayan və erməni yazıçısı Garo Gevorkyan Henrix Himmlerin qəbulunda olur və ona pastor Lepsiusun "Erməni xalqının ölümcül yürüşü” kitabını təqdim edirlər. Himmlerin və general Dronun (Drastamat Kanayanın) çağırışı ilə 30 minə qədər erməni alman ordusuna qatılır və döyüşlərdə iştirak edir.

İkinci Dünya müharibəsi illərində Dro alman ordusunda (Vermaxtda) ermənilərdən təşkil olunan 812-ci taborun rəhbəri təyin edilir. Almanlar Krım və Şimali Qafqazı işğal etmək istəyəndə Qafqaz cəbhəsində vuruşan Dro günahkar elan edilsə də, sonradan bağışlanılır. Bundan sonra Beyrutda ticarət işlərinə başlayır, lakin xəstələndiyi üçün ticarət işini dayandırmağa məcbur olan Dro ABŞ-a aparılır, 1956-cı ildə Bostonda dünyasını dəyişir. Dronun nəşi 2000-ci ildə ABŞ-dan Ermənistana gətirilmişdir.

Dro Kanayanın məsləkdaşı və azərbaycanlıların düşməni olan Qaregin Njde (əsl adı Qaregin Yeğişe Ter-Harutyünyan) 1886-cı il yanvar ayının 1-də İrəvan quberniyasının Naxçıvan qəzasının Güznüt kəndində (indiki Babək rayonu) anadan olmuş, Azərbaycan torpağının nemətləri ilə böyümüşdür. Naxçıvan şəhərində rus məktəbini bitirən Qaregin Tiflis rus gimnaziyasında təhsilini davam etdirmiş, 17 yaşında Erməni Liberal Hərəkatına qatılmış, qısa bir müddətdən sonra təhsilini davam etdirmək üçün Sankt-Peterburqa getmişdir.

1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olan Qaregin 1904-cü ildə təhsilini yarımçıq qoyaraq erməni millətçilərinə qoşulmuş, Osmanlı İmperiyası və çar Rusiyasına qarşı olan Erməni Beynəlxalq hərəkatına daxil olmaq üçün Cənubi Qafqaza geri dönmüşdür. 1906-cı ildə Bolqarıstana gedən Njde 1907-ci ildə əsgəri hazırlığını tamamlamışdır.

1908-ci ildə "Daşnaksütyun”a daxil olaraq NJDE (Əbədi cəlayi vətən) ləqəbini almış Qaregin Yeprem Xan və Mustafa Sebastianla bərabər "Gənc türklər” inqilabında iştirak edir. 1909-cu ildə Cənubi Qafqaza geri dönəndə Njde ruslar tərəfində tutulur və 3 il həbsdə yatır. 1912-ci ildə general Andranik Ozanyan ilə bərabər Trakiya və Makedoniyanın azadlığı üçün Balkan vuruşlarında Osmanlı İmperiyasına qarşı bolqar ordusunun "Makedon-Adriyanapol Könüllü dəstələri” adı altında erməni taboru yaradır. Drastamat Kanayanın (Dronun) başçılıq etdiyi erməni könüllü dəstəsinin komandir müavini təyin olunan Njde 1915-ci ilin mayında 3-cü dərəcəli "Müqəddəs Vladimir”, 4-cü dərəcəli "Müqəddəs Anna” ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərəcəli "Georgi xaçı” ilə təltif olunmuşdur.

İkinci Balkan müharibəsində yaralanan Njde Bolqarıstanın "Cəsarət xaçı” ilə mükafatlandırılmışdır.

Birinci Dünya müharibəsi başlamamışdan əvvəl çar Rusiyası dövləti tərəfindən elan edilən əfvdən sonra Njde Osmanlı İmperiyasına qarşı vuruşmaq üçün rus ordusu tərəfindən könüllü erməni dəstələri hazırlamaq məqsədilə Cənubi Qafqaza göndərilir. Birinci Dünya müharibəsi başlayanda Rusiya İmperiyasının Sofiyadakı səfirliyinə gələn Qaregin Njde öz xidmətlərini təklif etmişdir.

Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ermənistan respublikasının ordu quruculuğu məsələləri ilə də məşğul olmuşdur.

1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilən Njdenin qarşısına əraziləri azərbaycanlılardan təmizləmək vəzifəsi qoyulur. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr azərbaycanlılar yaşayan kəndləri yandırır, əhalisini qətlə yetirir və evlərindən qovurlar. Njdenin başçılıq etdiyi dəstələr Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədirlər. Onun dəstələri 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ordusu ilə döyüşlərdə iştirak edir.

1920-ci ilin aprelində Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Njde sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Mehri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə qırmızı ordunu sıxışdırıb çıxara bilir. 1920-ci dekabrın 25-də Njde və silahdaşları Zəngəzurda "Dağlıq Erməni Respublikası”nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan qırmızı ordunun əsas qüvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.

Qaregin Njde özünü yaratdığı oyuncaq respublikanın "ali baş komandan”ı elan etmişdir. Lakin iyulun ilk günlərində hücuma keçən sovet qoşunları erməni dəstələrini darmadağın edir və Njde öz dəstələrinin qalıqları ilə İrana qaçır.

Qafqazdan qaçandan sonra Njde Bolqarıstana gəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. 1933-cü ilin yayında ABŞ-a köçən Njde Tanderqyana türk səfiri Muxtar bəyin öldürülməsində kömək edir. ABŞ-da Njde "Tsexarkon” hərəkatını təsis edir və 1937-ci ildə "Daşnaksüytun”un sıralarından ayrılaraq faşist Almaniyası ilə əlaqələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

Razılaşmaya görə, Türkiyə dövlətinə qarşı hücumda ermənilər Hitler Almaniyası üçün 100 min adam toplamalı idi. Bütün bu məsələlər detalları ilə erməni-alman razılaşmasında -”Gertrud” planında əksini tapmışdır. Əvəzində ermənilərə Şərqi Anadolu və Kilikiya vəd olunmuşdu. (Bulanova O. Armənskaə pomoşğ fahistskoy Qermanii. Qaz. "Gxo”, 2017, 20 may, ¹86)

Daşnakların nasistlərə əhəmiyyətli xidmətlərindən biri də sovet arxa cəbhəsində və işğal bölgələrində təbliğat fəaliyyətləri idi. Bu qrupların birinin başında məşhur daşnak lideri S.Cəlabyanın SS zabiti olan oğlu Nikolay Gevorkyan (uydurulmuş adı "Doktor Sikorskiy”, "Gevorkov”) dururdu. İşğal bölgələrində onlar erməni əhalisi arasına agentlərini yerləşdirərək kəşfiyyat fəaliyyəti göstərirdilər.

Almanlara görə ermənilər millət olaraq kəşfiyyatçılığı yaxşı bacarırdı. Qafqazda almanlar onların verdiyi məlumatlardan yararlanırdılar. Yəhudilərin aşkar edilməsində və almanlara təhvil verilməsində ermənilərin "çox böyük xidməti” olmuşdur. Onlar əsirləri testdən keçirərək yəhudi olduğunu təsbit edirdilər. Özünü erməni olaraq təqdim edən və bununla ölümdən xilas olmaq istəyən yəhudi əsirə ermənicə kitab və ya İncili verərək gerçək milliyyətlərini öyrənir və onların erməni deyil, yəhudi olduğunu bildirirdilər.

Erməniləri almanlar tərəfinə cəlb etmək, onları Hitlerə xidmətə çağırmaq məqsədilə Almaniyada "Hayastan” qəzeti nəşr olunurdu. Qəzetin bütün redaksiya heyəti ermənilərdən təşkil olunmuşdu. Qəzet Hitler Almaniyası tərəfindən maliyyələşdirilir və III Reyxin təbliğat naziri Göbbelsin birbaşa nəzarətində idi.

 

(Ardı var)

 

Mais ƏMRAHOV,

AMEA-nın A.A.Bakıxanov adına arix İnstitutunun əməkdaşı,

tarix üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2019.- 31 iyul.- S. 5.