Azərbaycan MDB-nin iştirakçı dövlətlərinin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında təmsil olunub

 

Azərbaycanın Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclasında iştirak etmək üçün Özbəkistan Respublikasında ikigünlük səfərdə olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev DİNŞ üzvlərini qəbul edib.

Dövlət başçısı Şuranın terrorizm, ekstremizm, narkotrafik, mütəşəkkil cinayətkarlıq və insan alveri ilə mübarizədə geniş və əhatəli apardığını, qurumun MDB məkanında təcrübə və informasiya mübadiləsinin aparılması istiqamətində də səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

Görüşdə əlaqələrin daha da genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi, kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mayın 31-də Daşkənddə Daxili İşlər Nazirləri Şurasının iclası işə başlayıb.

Tədbirdə çıxış edən Özbəkistan Respublikasının Daxili İşlər naziri, general-leytenant Pulat Bobojonov DİNŞ-in iclasına uğurlar arzulayıb.

Şuranın sədri, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, son bir ildə Birlik iştirakçısı olan ölkələrin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər uğurla davam etdirilib. MDB-nin İcraiyyə Komitəsi, bu qurumun xüsusiləşdirilmiş sahələrarası orqanları ilə əlaqələrin möhkəmləndirilməsinə, eləcə də DİNŞ-in Bakı iclasının qərarlarının və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib.

Sonra MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə uyğun olaraq, Şuraya rəhbərlik Özbəkistan Respublikasının Daxili İşlər nazirinə həvalə olunub.

İclasın gündəliyində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirlərinin 2030-cu ilədək əməkdaşlıq Konsepsiyası, daxili işlər orqanları tərəfindən kompleks razılaşdırılmış və birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin vahid qaydalarını reqlamentləşdirən sənəd, MDB məkanında terrorizm, ekstremizm, narkotiklərin və silahların qeyri-qanuni dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın qarşısının alınması istiqamətində müzakirələr aparılıb.

MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizəyə dair dövlətlərarası proqramların yerinə yetirilməsinin gedişi barədə çıxış edən nazir Ramil Usubov gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzün reallıqları ilə səsləşən vəzifələrə uyğun olduğunu qeyd edib, müzakirələrin əməkdaşlığın daha da intensivləşməsinə və genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini bildirib. Nazir deyib ki, ötən illər ərzində Birliyin üzvü olan ölkələrin Daxili İşlər nazirliklərinin aidiyyəti qurumları tərəfindən sıx işbirliyi nəticəsində minlərlə ağır cinayətin üstü açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiya olunub.

Ramil Usubov son illər ölkəmizdə cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizənin müsbət nəticələri, ümumilikdə cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması, azalma tendensiyası, dövlətlərarası axtarışa verilən təqsirləndirilən şəxslərin tutulması, əlverişli kriminogen durum, ictimai asayişin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, beynəlxalq terrorçuluqtransmilli mütəşəkkil cinayətkarlığın yeni təhdid və çağırışlarına birgə səylərlə cavab verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Dostluqkonstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

İştirakçılar Şuranın iclasının işinə verdiyi yüksək qiymətə görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə, habelə tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə bu ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

İclasın yekununda keçirilən mətbuat konfransında nümayəndə heyətlərinin rəhbərləri jurnalistlərin suallarını cavablandırıblar.

 

Azərbaycan.- 2019.- 2 iyun.- S.6.