Taleyimdən müharibə keçdi

 

4 iyun Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

 

Arıq, cılız bir qızcığaz vardı...

Oyuncağı taxta silah...

Yuxuları qorxulu...

Nağılları almasız...

Nəsibi aclıq...

Arzuları ölməmək...

Müharibə uşağı...

 

* * *

 

İlk xatırladığı o idi ki, oynamaq, gülmək, bəzən hay-küy salmaq istəyirdi, amma qorxurdu...

Ən çox qorxduğu isə bomba ilə bağlı təsəvvür idi. Tez-tez eşidirdi ki, harasa bomba düşüb yerlə yeksan edib, yandırıb, hamını öldürüb. Bu zaman gözlərini yumub çarəsizcə dəhşətli partlayışdan qaçmağın yollarını axtarırdı... Hər dəfəsində də atılan bombaların dağıntıları altında qalırdı...

Amma o, ölmək istəmirdi, çıxış yolunu uşaq təxəyyülü və fantaziyasına sığınmaqda görür, xəyal edirdi ki, bombalar atılan zaman quşların qanadından yapışaraq göylərə qalxacaqona heç bir şey olmayacaq...

 

* * *

 

Evlərinin yaxınlığındakı təpənin üzərinə çıxıb rayona gedən yola baxırdı, görürdü ki, qadınlar, kişilər, qocalar, uşaqlar əllərində bayraq həyəcanlı halda harasa gedirlər...

Böyüklərin danışıqlarından anladığı qədərilə onlar mitinqlərə toplaşırdılar. Mitinqinolduğunu isə bilmirdi. Deyəsən, 1988-ci il idi...

Həyətdə uşaqlarla oynayırdı və ətrafında böyüklərin vaysına-vaysına danışdıqlarının istər-istəməz şahidi olurdu. Onlar deyirdi ki, erməni vertolyotunun pəri Kəlbəcərdə stadionda futbol oynayan 8 uşağı doğrayıb...

Elə ondaca ölüm xofu çökmüşdü canına...

Oynamaqdan da qorxurdu, daha bilirdi ki, uşaqlar oynayanda öldürülürlər, ölürlər...

 

* * *

 

Qaş-qabağından zəhrimar tökülən qarlı və şaxtalı bir yanvar günü idi, məktəbə getmişdi. Amma nədənsə heç kəs siniflərə girməmiş, məktəbin həyətinə toplaşmışdı, hamı ağlayırdı, hamı yasda idi... O isə təəccüblə ətrafa baxır, nə baş verdiyini anlaya bilmirdi. Birdən gözləri həyətdə qalanmış ocağa sataşdı - nə isə bişirirdilər... Və evə dönən zaman onun da əlində yuxaya bükülmüş bir büküm halva var idi...

O günlərdən yaddaşına övladının fotosunu bağrına basaraq ağı deyən bir ağsaçlı ananın təsviri həkk olunmuşdu...

Radioda isə yanğılı, ürəkparçalayan "Zəminxarə” inləyirdi...

1990-cı il idi...

 

* * *

 

Bir gün kəndlərinə iki-üç ailə gəldi, onlara qaçqın deyirdilər.

Görürdü ki, bütün kənd sakinləri onlara qayğı ilə yanaşır, kömək edir. O da kömək göstərmək istəyirdi və siniflərində oxumağa gələn qaçqın qıza hesablama çöplərindən bir dəstini hədiyyə etmişdi. Yeni gələnlərin məskunlaşdıqları evin qarşısından keçəndə maraqla onlara baxır, kədərlərinin nə olduğunu anlamağa çalışırdı və uşaq fəhmi ilə hiss edirdi ki, dərdləri böyükdürheç bir köməkliklə bu yükü azaltmaq olmur...

Bunlar Ağdaban soyqırımından canlarını zor-bəla qurtaran insanlar idi...

 

* * *

 

Onun heç gəlinciyi yox idi, yalnız taxtadan bir silahı var idi, uşaqlarla "dava-davaoynayırdılar. Böyüklərsə elə hey tapşırırdı ki, uzağa getməyin, yad adamlarla danışmayın, kənddə şübhəli insan görüblər. Buna görə daha meşəyə, çölə, düzə gedib ürəklərincə oynaya bilmirdilər...

Bir dəfə isə oynadıqları zaman kəndin içi ilə hərbi maşınlarda Milli Ordunun əsgərlərinin keçib getdiyini görmüşdülər. Çox sevinmişdilər, sevinclə qışqırır, bağırır, əsgərləri salamlayır, qaçıb alma bağlarından alma dərib onlara verirdilər. Daha sonra yığışıb əsgər paltarına, papağına, əsl silahlara tamaşa etmiş, əllərini vurmuş, giliz hədiyyə almışdılar.

 

* * *

 

1993-cü ilin mart ayının axırları idi o, Novruz tətilindən sonra məktəbə getməyə hazırlaşırdı. Atası bacısı rayonun mərkəzinə məktəb bazarlığına getmişdilər, həvəslə yeni çantasını, ayaqqabısını gözləyirdi. Onlar isə bazarlıqdan çox təşvişlə qayıtmışdılar. Danışırdılar ki, Kəlbəcəri raket atəşinə tutublar.

Səhərə yaxın gözlərini güclə açaraq onu oyadan anasının həyəcanlı üzünə təəccüblə baxmağa başladı. Atası təlaşla otaqda var-gəl edərək edəcəyini bilməyən qərarsız adamlar kimi vurnuxurdu. Bayırdan səs-küy eşidilirdi. Xəbər gəmişdi ki, artıq ermənilər Kəlbəcərə yaxınlaşır, tez yığışıb kəndi tərk etmək lazımdır, yoxsa...

4-5 ailə kənd sakinlərindən birinin yük maşınına yığışır yol alırlar Murova sarı...

 

* * *

 

Amma atası digər kişilərlə bərabər kənddə qalmışdı. Onlar məşəqqətli əzablı 10-12 saatdan sonra Gəncəyə çatmışdılar. Qadınların, uşaqların ah-naləsi yeri-göyü inlədirdi. Atasındansa xəbər yox idi. Anası, nənəsi saçlarını yolur, dizlərinə döyürdülər, deyirdilər ki, yəqin o, ya öldürülüb, ya da əsir düşüb...

Yalnız üç gündən sonra atası birtəhər gəlib onları tapmışdı. Danışırdı ki, artıq silahlı ermənilər kəndə daxil olanda məcbur olub atla oradan çıxa bilmiş dağlarla keçərək Gəncəyə gəlmişdi. Yaşlı əmisinə isə qədər yalvarsalar da, o, Kəlbəcəri tərk etməyəcəyini demiş orada qalmışdı...

1993-cü ilin apreli idi...

 

* * *

 

Hər gün bir ocağa şəhid atəşi düşürdü. Elə bir ailə yox idi ki, yaxınını itirməsin... Anaların taqəti, bacıların heyi kəsilmişdi, atalar da ağlayırdı...

Uşaqlarsa...

Çarəsizcə bir-birinə qısılmışdılar, için-için ağlamışdılar, bir andaca böyümüşdülər...

O uşaqları dərd böyütmüşdü...

 

* * *

 

Artıq onun onun kimi on minlərlə uşağın adı Arzudan, Lalədən, Sevincdən, Azərdən, Yasəməndən çevrilib sadəcə "qaçqınolmuşdu. Qəfildən düşdüyü bu dəhşətli vəziyyətə görə isə kimi, nəyi günahlandıracağını bilmirdi. Bilmirdi ki, evlərində qalan çantasına, itirdiyi müəllimlərinə, dostlarına, yoxsa amansız yoxluğa, aclığa ağlasın. Gözünü çörək təknəsindən ayıra bilmirdi, girəvə düşən kimi daha bir parça çörək kəsib yemək idi yeganə qayəsi...

o, tək deyildi. Xocalının, Şuşanın, Laçının, Ağdamın, Cəbrayılın, Zəngilanın ağrısı kiçik çiyinlərini əzən uşaqlar çox idi ətrafında...

Bir dəfə "gizlən-qaçoynayanda əsirlikdən gəlmiş həmyaşıdının uzun-uzadı öskürməsi gizləndikləri yeri ələ vermişdi. Bərk hirslənmişdilər, amma balaca qızın ağzına tutduğu dəsmalın qıpqırmızı qanla dolmasını gördükdə edəcəklərini bilməmiş, təqsirkarcasına susmuşdular...

 

* * *

 

Yağışlı bir gün idi, məktəbdən evə dönəndə gördü ki, Kəlbəcərdə əsir düşən atasının əmisini buraxıblar. Erməni əsirliyində 70-dən yuxarı yaşı olan qoca kişiyə elə əzab vermişdilər ki, ağlını itirmişdi. Körpə uşaq kimi tək qalmaqdan qorxurdu, gözünə qarabasmalar görünürdü, qışqırırdı. Çox qısa müddətə ağlı üstünə gələndə isə əsirlikdə ermənilərin hansı vəhşiliklər törətməsindən danışır, insanlara necə zülm çəkdirdiklərini anladırdı. Həm deyirdi ki, onu əsirlikdən buraxmazdan az əvvəl qanına dizel yanacağı vurublar. Heç bir ay keçməmiş bu günahsız qoca onun gözləri önündə əzabla can vermişdi...

 

* * *

 

Beləcə, bir-birini izləyən acı dolu anlar ömrünə hopurdu...

Zaman keçirdi, amma onun, digər qaçqın məcburi köçkün uşaqların qəlbində dərin iz salmış dəhşətli anlar silinmək bilmirdi onları tərk etmirdi. Birinin ana-atası, birinin xəyalları, birinin uşaq dünyası yox olmuşdu...

İndi istəsələr , fotolarda belə o dünyanı geri gətirə bilmirdilər. Sanki onların sevincini, xoşbəxtliyini özündə əks etdirən anları da düşmən əsiri idi...

Özləri hiss etmədən müharibə qətrə-qətrə, zərrə-zərrə iliklərinə işləmiş, bu qanın, qadanın bir parçasına çevrilmişdilər...

Bu uşaqların hamısı bir-birinə oxşayırdı - taleləri, nisgilləri, qarşılaşdıqları haqsızlıqlar, gözlərindəki qəhər anı, aclıqları, əşyasız vaqon, çadır, yataqxana evləri, geyindikləri yardım ayaqqabıları ilə...

Hər birinin gözündə bir ömrə sığmayacaq o qədər əzab həkk olunmuşdu ki...

Onlar müharibənin uşaqları idi...

həmin uşaqlardan biri elə mən özüm idim...

İllər sürətlə bir-birini əvəz edib. Amma müharibənin uşaqları üçün sadəcə zamanın özü keçib. Onların ürəyində qövr eləyən, baxışlarına həkk olunan o ağrı-acını silməyə zamanın belə gücü yetməyib...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 4 iyun.- S.10.