Dövlət Neft Fondu - bugündən sabaha etibarlı əmanət

 

Prezident İlham Əliyev: "Neft Azərbaycana rifah, inkişaf, sabitlik, güc gətirir”

 

Hərtərəfli inkişaf edən, iqtisadiyyatı gündən-günə güclənən Azərbaycan indi dünyanın sayılıb-seçilən ölkələri sırasında addımlayır. Ələlxüsus ölkəmizin həyata keçirdiyi neft-qazixrac layihələri beynəlxalq aləmdə diqqət mərkəzindədir. Ən önəmlisi də budur ki, Azərbaycan dövləti həmin layihələrin reallaşması nəticəsində əldə olunan gəlirlərdən səmərəli şəkildə istifadə edərək digər sahələrdə mühüm işlər həyata keçirir, dünyanın hər yerinə yollar çəkir, dəhlizlər açır, körpülər salır.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə dediyi sözlər yada düşür: "Azərbaycanın böyük neftqaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir”. Təbiətin bizə böyük səxavətlə bəxş etdiyi sərvətin məhz bu ali məqsədlərə yönəldilməsi üçün ulu öndər Azərbaycan Respublikası Dövlət Neft Fondunu (ARDNF) yaratmışdır. Bu qurum artıq 20 ildir Azərbaycana şərəflə, saflıq-şəffaflıqla xidmət edir.

Bütün bunlar haqqında danışanda istər-istəməz keçmişə ötəri olsa da nəzər salmaq lazım gəlir. Axı Azərbaycanın adı dünya tarixinə neftin vətəni kimi həkk olunub. İlk dəfə sənaye üsulu ilə neft 1846-cı ildə məhz Bakıda çıxarılıb. Əlbəttə, o zaman belə bir sərvət böyük ölkələrin iri kapitalistlərinin diqqətini çəkməyə bilməzdi. Odur ki, həmin dövrlərdə neft maqnatları Azərbaycana axışıblar. Nobellər, Mantaşevlər, Rotşildlər torpağımızın qara qızıl "qan”ını sorub aparmaq üçün özlərini oda-közə vurublar.

Azərbaycan neftinin böyük bir hissəsi də Xəzərin dərinliklərində "uyuyurdu” və bu, çoxdan bəlli idi. Lakin primitiv texnika, üstəlik neft krallarının bir-biri ilə rəqabəti bu sərvəti əldə etməyə imkan vermirdi.

Xoşbəxtlikdən Xəzərin dibindəki qara qızıl sərvətini üzə çıxarmaq keçən əsrin ortalarında Azərbaycan neftçilərinin özünə qismət oldu. 1949-cu ildə "Neft Daşları”nda ilk quyu fontan vurdu. Başqa sözlə, dünyada dəniz neftinin erası da Azərbaycandan, Xəzərdən başlandı.

Sovet dönəmində Azərbaycanda böyük həcmdə neft çıxarılırdı. Lakin keçmiş SSRİ-nin planlı təsərrüfatı, ittifaqa daxil olan bütün respublikaların ümumi büdcədən eyni dərəcədə faydalanmasına əsaslanan qaydaları təbiətin bəxş etdiyi bu zənginlikdən xalqımızın lazımınca bəhrələnməsinə aman vermirdi.

Müstəqilliyin ilk illəri isə Azərbaycan üçün çətin keçdi. Ölkəni idarə edənlərin məsuliyyətsizliyi və səriştəsizliyi ucbatından neft-qaz sənayesi də tənəzzülə uğradı. Dönüş isə yalnız ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra baş verdi. 1994-cü ildə dünyanın ən tanınmış neft şirkətləri ilə "Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi üçün saziş imzalandı. Azərbaycan iqtisadiyyatının "qəddini düzəldən”, ölkənin gələcək inkişafına təkan verən bu möhtəşəm kontrakt "Əsrin müqaviləsi” adını aldı. "Əsrin müqaviləsi” ölkəmizin yeni neft-qaz strategiyasının əsasını qoydu və təsdiqlədi ki, müstəqil Azərbaycanın xalqı suveren hüquqlara malikdiröz sərvətinin sahibidir.

Bu sərvətin xalqa davamlı şəkildə xeyir-bərəkət gətirməsi məqsədilə 1999-cu il dekabrın 29-da ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis edilməsi haqqında fərman imzaladı. Bir il sonra - 2000-ci il dekabrın 29-da ulu öndərin növbəti fərmanı ilə ARDNF-nin Əsasnaməsi təsdiq olundu. Bundan yarım il sonra isə daha bir fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edildiqurum əməli fəaliyyətə başladı.

ARDNF-nin fəaliyyəti xeyirxah, məqsədyönlü və uzaqgörən siyasət əsasında qurulub. Qurumun qarşısında çox mühüm vəzifələr dayanır ki, onlardan da ölkədə makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və s. xüsusilə əhəmiyyətli yer tutur. Fondun fəaliyyəti eləcə də ölkənin sosial-iqtisadi tərəqqisi naminə nəhəng ümummilli layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Neft ehtiyatlarının bərpa olunmadığı, yəni hasil edildikcə tükəndiyi hamıya yaxşı məlumdur. Ona görə neft fondunun ən başlıca vəzifələrindən biri gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi, gələcək üçün ehtiyat vəsaitlərin toplanmasıdır.

Qeyd edək ki, bir sıra ölkələrdə də analoji fondlar fəaliyyət göstərir. ARDNF yaradılarkən həmin fondların təcrübəsinə müraciət olunmaqla yanaşı, bugünkü həlli təxirəsalınmaz problemləri nəzərə alan bir model seçilib.

Bu problemlər sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından didərgin salınmış insanların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ən vaciblərindən idi. Beləliklə, fonddan ilk növbədə bu problemin həllinə vəsait yönəldildi.

2017-ci il mayın 31-də 24-cü Beynəlxalq Xəzər NeftQaz Sərgisinin açılışındakı nitqində Prezident İlham Əliyev demişdir: "Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məhz neft fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıbdır. Bu vəsait, əlbəttə, neft əməliyyatlarının gəlirlərindən formalaşır və bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təsdiq edə bilmişik”.

İndi bu qəsəbələrin sayı 100-dən artıqdır. 10 ildən çoxdur çadır şəhərcikləri ləğv olunub. Təkcə keçən il 6 min köçkün ailəsinə mənzillər təqdim edilib.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri layihəsində Azərbaycanın iştirak payını da neft fondu maliyyələşdirdi. 2005-ci ilin mayında Bakı yaxınlığındakı Səngəçal terminalında ilk yükünü qəbul edən BTC 2006-cı ilin iyulunda tam bir sistem kimi işə düşdü. Həmin vaxtdan fasiləsiz və təhlükəsiz işləyən kəmərin özü bu gün artıq təkcə Azərbaycana deyil, bütün regiona xeyir-bərəkət gətirir.

Hazırda BTC ilə "Azəri-Çıraq-Günəşli” nefti və "Şahdəniz” kondensatı ilə yanaşı müəyyən həcmdə Türkmənistan, Qazaxıstan və Rusiya nefti də nəql olunur. Beləliklə, Azərbaycanın tranzit sahəsində etibarlı tərəfdaş kimi nüfuzu artır.

ARDNF-nin maliyyələşdirdiyi hər layihə sıradan bir layihə deyil. Onlar iqtisadiyyatın şaxələndirilməsinə, növbəti layihələrin gerçəkləşməsinə, sosial infrastrukturun genişlənməsinə, bir sözlə, ölkənin davamlı inkişafına xidmət edir. Məsələn, BTC-nin çəkilməsi ilə Azərbaycan, obrazlı desək, beynəlxalq enerji aləminə bir qapı açdı. Sonra bu qapıdan daxil olaraq digər önəmli layihələr həyata keçirdi. "Cənub qaz dəhlizi” kimi nəhəng bir layihənin reallaşmasının təşəbbüsçüsü və lideri kimi çıxış etdi.

Yeri gəlmişkən, neft fondundan "Cənub qaz dəhlizi”nin çəkilişinə də vəsaitlər ayrılıb. Hazırda bu dəhlizin dörd komponentindən üçü - "Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan CQBK (Cənubi Qafqaz Boru Kəməri), Türkiyə ərazisindən keçən TANAP (Transanadolu Qaz Boru Kəməri) artıq gerçəkləşib. Bir ildən çoxdur TANAP-la Türkiyəyə "Şahdəniz”qazı nəql olunur. Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi də sona yaxınlaşır.

"Cənub qaz dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm amil olacaq. Ölkəmizin regiondaAvropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək. Bu layihə Azərbaycana böyük gəlirlər gətirəcək, insanların rifahının yüksəlməsinə təsir göstərəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Cənub qaz dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.

Azərbaycan neftdən və qazdan gələn gəlirləri eyni zamanda nəqliyyat sektoruna yönəltdi. ARDNF-nin vəsaitləri hesabına Bakı-Tbilisi-Qars dəmir yolu kimi əhəmiyyətli bir layihəni maliyyələşdirdi. Bunlar Azərbaycanı nəinki bölgədə, bütün Avrasiya məkanında nəqliyyat mərkəzinə çevirdi. Görülmüş işlər indi ölkəmizin ərazisindən böyük həcmli yüklərin Şərqdən Qərbə, Qərbdən Şərqə daşınmasına imkan verir.

Xoşbəxt o xalqdır ki, vətəninin yeraltı və yerüstü sərvətləri onun bugünkü xoş güzəranına və daha işıqlı sabahına xidmət edir. Azərbaycan dövləti öz əməli fəaliyyətində, həyata keçirdiyi islahatlarda bu məqsədi rəhbər tutur. Odur ki, neft fondundan vəsait ayıraraq Oğuz-Qəbələ-Bakı kəmərini çəkib paytaxta bulaq suyu gətirdi. Samur-Abşeron kanalının rekonstruksiyası nəticəsində tarlalara, əkin sahələrinə bərəkət bəxş etdi, digər çoxsaylı sosialinfrastruktur layihələrini həyata keçirdi.

Neft fondunun vəsaiti xaricdə təhsil alan neçə-neçə azərbaycanlı gəncə dəstək verdi. Bu proses yenə də davam edir. Beləcə, neft gəlirləri təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafına da yardım göstərir. Xalqın güzəranı ildən-ilə daha da yaxşılaşır. Ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 5,4 faizə, işsizlik 5 faizə enib. Bu göstəriciyə dünyanın bir çox, o cümlədən inkişaf etmiş ölkələri qibtə edə bilər. Bir sözlə, Azərbaycan dövləti neft kapitalını insan kapitalına çevirib!

Təsadüfi deyil ki, ölkəmizin sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən dönə-dönə etiraf olunur. Bunu Azərbaycanın adının həmin qurumların reytinq cədvəllərində ildən-ilə daha irəliyə çəkilməsi də təsdiqləyir.

2017-ci il noyabrın 8-də Azərbaycanda 2 milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev demişdir: "Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, neft fonduna gələn gəlirlərlə ölçülmür. Bunun çox genişçox böyük təsiri olubbu günvar. Biz qara qızılı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdikbu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”.

Bütün bu işlərin uğurlu həlli ulu öndər Heydər Əliyevin qurub-yaratdığı və Prezident İlham Əliyevin gündən-günə inkişaf etdirdiyi müstəqil Azərbaycanın Dövlət Neft Fondundan qaynaqlanır.

...Bakının müasir göydələnləri arasında özünəməxsus görkəmi ilə seçilən bir bina da var. İnşaat aləmində "BREEAM Assessmentadlanan qiymətləndirmə dərəcələrinin tələblərinə uyğun olaraq tikilmiş, yaşıllıq və geniş infrastrukturla əhatə edilmiş bir bina. Bu, ARDNF-nin binasıdır. İnteryeri Azərbaycanın Bakı, Şirvan, Təbriz, Gəncə, Naxçıvan, Qarabağ, Quba, İrəvan və Qazax, bir sözlə, 9 xalçaçılıq məktəbinin elementlərini özündə cəmləşdirən dizayn əsasında qurulub.

Bu görkəm, bu tərtibat sanki bir daha xatırladır: Azərbaycan xalqının bütün sərvətləri özünə məxsusdur. İstər maddi, istərsə də qeyri-maddi sərvətləri. Biz bu sərvətlərdən düzgün bəhrələnir, onları qoruya-qoruya, artıra-artıra daha böyük və işıqlı gələcəyə doğru gedirik.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 8 iyun.- S.4.