Respublika Yaradıcılıq Festivalının qalibləri mükafatlandırılıb

 

İyunun 10-da Beynəlxalq Muğam Mərkəzində 2018-2019-cu tədris ilində məktəblilərin Respublika Yaradıcılıq Festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesindəki rəsm sərgisi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov xüsusi fəallığı ilə fərqlənən istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların gələcəkdə ixtisas və peşə seçiminə kömək göstərilməsi, eləcə də ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi baxımından müsabiqələrin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, festivalda respublikanın 598 ümumtəhsil məktəbindən 5 min 306 məktəbli iştirak edib.

Nazir müavini Respublika Yaradıcılıq Festivalı ilə bağlı fikirlərini bildirib, qalibləri təbrik edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev müsabiqənin məktəblilərin ekoloji düşüncə tərzi və ekoloji mədəniyyətinin formalaşması, ətraf mühitin mühafizəsi, ekoloji təcrübə sahəsində fəaliyyətlərinin artırılmasında xüsusi rol oynayacağını qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev festivalın məktəblilərin Azərbaycan xalq yaradıcılığı dəyərlərinə, dünya mədəniyyətinin ən yaxşı nümunələrinə marağının artırılması, onlarda mənəvi dəyərlərin formalaşması baxımından müsbət təsir göstərəcəyini bildirib.

Sonra festival qaliblərinin qiymətləndirilməsi nəticəsində dram, dekorativ-tətbiqi sənət və təsviri incəsənət, ekologiya nominasiyaları üzrə I, II və III yerlərə layiq görülmüş məktəblilərə diplom və hədiyyələr təqdim olunub.

Festival Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilib.

Festivalın keçirilməsində məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlarda ixtisas və peşə seçim imkanlarını təmin edən bacarıqlar aşılanması, ümumtəhsil məktəblərinin sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

 

Azərbaycan.- 2019.- 11 iyun.- S.5.