Kitaba münasibətdə Heydər Əliyev örnəyi

 

Xalqların, millətlərin tarixində elə şəxsiyyətlər var ki, onların adları və əməlləri əsrlər boyu yaşayır, böyük hörmət və ehtiramla anılır. Azərbaycanın böyük oğlu, ulu öndər məhz belə şəxsiyyətlərdəndir. Tanrı bu insanları həmin xalqlara xilaskar kimi göndərir! Heydər Əliyev də ən qanlı-qadalı günlərdə milləti məhv olmaqdan qurtardı, bu gün bütün dünyada söz sahibi olan, müstəqil siyasət yeridən Azərbaycan dövlətini qurdu və xalqına əmanət etdi.

Ulu öndərin siyasi kursu hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir.

Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına, kitaba, mütaliəyə və kitabxana işinə həmişə böyük diqqət və qayğı ilə yanaşırdı. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edirdi. Ulu öndər daim insanları kitabla həmsöhbət olmağa çağırır, həyatda kamil vətəndaş kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləyirdi.

Məhz bu dəyər və diqqətin nəticəsi olaraq Heydər Əliyev Azərbaycan üçün çox ağır olan 1995-1997-ci illərdə 4 dəfə M.F.Axundzadə adına Dövlət Kitabxanasında olmuş və həmin kitabxananın işləri ilə yaxından maraqlanmışdır. Bu səfərlər Milli Kitabxananın fəaliyyətində böyük dönüşlərlə yadda qalmış və onun inkişafında əhəmiyyətli rol oynamışdır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, hazırda özünün sürətli inkişafı və modernləşmə dövrünü yaşayan Azərbaycan Milli Kitabxanasının yenidənqurma konsepsiyasının əsası da XX əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. İlk dəfə Milli Kitabxanaya gələrək onun problemləri ilə maraqlanan ulu öndər bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırmışdı.

Ulu öndər Heydər Əliyev 1995-ci il iyun ayının 3-də Milli Kitabxanada keçirilən "Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabının təqdimat mərasimində iştirak etmişdir. O zaman M.F.Axundzadə adına Dövlət Kitabxanasının fəaliyyətini və orada çalışan insanların əməyini yüksək qiymətləndirən ulu öndər demişdir: "Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan M.F.Axundzadə adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir... Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanayaburada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”. Bu fikirlər Heydər Əliyevin kitaba, kitabxanaya bir elm məbədi, bilik xəzinəsi kimi böyük dəyər verdiyini bir daha göstərdi.

Ümummilli lider kitabxana fondunun yeni ədəbiyyatla komplektləşdirilməsi ilə maraqlandı və bu işin çox vacib olduğunu söylədi. Ulu öndər kitabxanaya çox az sayda yeni ədəbiyyatın daxil olduğunu görərək dedi: "Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun”. O, öz şəxsi kitabxanasından 300 nüsxəyədək qiymətli kitabı Milli Kitabxanaya hədiyyə etdi. Bununla da ulu öndər böyük və şərəfli bir ənənəyə başlanğıc vermiş oldu. Heydər Əliyev kitabxanadakı çıxışı zamanı bu məsələyə də toxundu: "Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər”. Doğrudan da, xalqımızın böyük oğlunun bu dahiyanə çağırışı cavabsız qalmadı. Görkəmli alimlərimiz və ziyalılarımız, mərhum akademiklərimiz Ziya BünyadovBudaq Budaqov, xalq yazıçısı Elçin, teatrşünas-alim Ədalət Vəliyev və başqaları Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli sayda kitablar bağışladılar.

Heydər Əliyev M.F.Axundzadə adına Milli Kitabxanaya növbəti dəfə 1997-ci il noyabrın 5-də "Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimi zamanı gəldi. O vaxt ulu öndər kitabxanamızın fondundakı xarici ədəbiyyatlarla da maraqlandı və məlum oldu ki, bir neçə ildir Milli Kitabxananın fonduna xarici dillərdə yeni ədəbiyyat verilmir. Diqqəti bu məsələyə çəkən ulu öndər oradaca Baş nazirə göstəriş verdi ki, Milli Kitabxanaya xarici dillərdə yeni ədəbiyyatın alınması məqsədilə 5 min dollar əlavə vəsait ayrılsın və bu vəsait hər il üçün nəzərdə tutulsun. Ulu öndərin bu göstərişinə müvafiq olaraq Nazirlər Kabineti həmin gün dərhal bu barədə müvafiq qərar qəbul etdi və həmin ildən başlayaraq hər il kitabxanaya xarici ədəbiyyat və xarici dövri nəşrlər almaq üçün 5 min dollar həcmində vəsait ayrıldı. O zaman bu, çox böyük məbləğ hesab olunurdu.

Ulu öndərin öz şəxsi kitabxanasından bağışladığı kitablar bu gün Milli Kitabxananın Nadir kitablarkitabxana muzeyi şöbəsində böyük qayğı ilə mühafizə olunur və ən qiymətli kolleksiya kimi oxuculara, gənclərə, kitabxananın qonaqlarına, bura ekskursiyaya gələn məktəblilərə, universitet tələbələrinə nümayiş etdirilir.

Həmin kitabların içərisində incəsənətə, mədəniyyətə, arxitekturaya, Azərbaycan tarixinə, coğrafiyasına, Türkiyə və Cənubi Azərbaycan ədəbiyyatına, ədəbiyyatşünaslığa, milli adət və ənənələrimizə, kənd təsərrüfatına, islam dininə və digər dinlərə, dünya ölkələrinin tarixinə, ictimai həyatına, Qarabağın tarixinə, Azərbaycan, rusdünya klassiklərinin, eləcə də müasir yazıçıların əsərlərinə, uşaq ədəbiyyatı nümunələrinə dair dəyərli nəşrlər var. Bütün bunlar ulu öndərin mütaliə dairəsinin genişliyinə bariz nümunədir. Digər tərəfdən, bu böyük şəxsiyyətin bütün elmlərə marağını göstərir. Ulu öndərin elmlərə vaqif olduğunun hər birimiz dəfələrlə şahidi olmuşuqbir sıra xarici jurnalistlərin ona verdikləri "Siz hər bir sahənin mütəxəssisi ilə onların özü kimi mühakimə yürüdə bilirsinizbu qabiliyyət Sizdə haradandır?” sualına Heydər Əliyev cavab verirdi ki, hər sahəyə dair çoxlu sayda kitab oxumaq və zəngin həyat təcrübəsinə malik olmaq lazımdır. Doğrudan da, bu kitablara, onların geniş tematikasına və həmin kitabların içərisində aparılan qeydlərə nəzər yetirərkən dahi şəxsiyyətin bu fikrinə tam əmin olursan. Yaxşı bir deyim var: "Nə oxuduğunu de, mən deyim sən kimsən”. Bu deyim kitabın, mütaliənin ulu öndərin həyatında oynadığı rola əyani misal ola bilər.

Ümummilli liderin Milli Kitabxanaya bağışladığı kitabları vərəqləyərkən və orada Heydər Əliyevin öz əli ilə apardığı qeydlərlə tanış olarkən bu dahi şəxsiyyətin mütaliə qabiliyyətinə və məsələlərə müdaxiləsinə valeh olmamaq mümkün deyil. Tarixi hadisələrə tarixçi kimi, ədəbiyyat məsələlərinə ədəbiyyatşünas alim kimi münasibət göstərmək, incəsənət əsərlərinə və arxitekturaya böyük zərgər dəqiqliyi ilə yanaşmaq, Nizami, Füzuli, Sabir, Cəlil Məmmədquluzadə, Şəhriyar, Məmməd Araz başqa şair, yazıçı və dramaturqlarımızın əsərlərinə yaradıcı yanaşaraq müəyyən qeydlər etməsi, yazdığı fikirlər ulu öndərin sadəcə mütaliəçi deyil, həm də geniş təxəyyülə malik şəxsiyyət olmasına dəlalət edir.

Bu qiymətli kolleksiyada diqqəti çəkən bir kitab da var ki, o da ulu öndərə müqəddəs Həcc ziyarəti zamanı bağışlanan "Qurani Kərim”dir. Dahi Heydər Əliyev onun üçün çox əziz olan bu kitabı da Milli Kitabxanaya bağışlayarkən demişdir ki, "...Orada - islam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxəsini bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də Dövlət Kitabxanasına verirəm”. Bu faktın özüulu öndərin Milli Kitabxanaya müqəddəs bir elm və mənəviyyat məbədi kimi yanaşmasının bariz nümunəsidir.

Ulu öndərin bağışladığı qiymətli kitablar bu fenomen şəxsiyyətin yubileyləri münasibətilə keçirilən tədbirlərdə böyük fəxrlə nümayiş etdirilir və gənclərə onlar haqqında böyük məhəbbətlə danışılır.

2016-cı ildə Aprel döyüşlərindən sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə həmin kolleksiya ilk dəfə cəbhə bölgəsində - Tərtər rayonundakı Gənclər Mərkəzində - Tərtər Rayon İcra Hakimiyyəti ilə Milli Kitabxananın birgə təşkil etdiyi sərgi-konfransda nümayiş etdirildi. Bunun davamı kimi, həmin il bu kolleksiya ulu öndərin 93 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə - Milli Kitabxananın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə keçirdiyi "Kitabxanaşünaslıq elmi və təcrübəsi: gələcəyə çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda, həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin Milli Kitabxana ilə birgə keçirdiyi sərgi-konfrans çərçivəsində nümayiş olunmuşdur. Sonrakı illərdə bu kolleksiya Zərifə Əliyeva adına Müasir Təhsil Kompleksində, Polis Akademiyasında, ADPU-nun nəzdində Pedaqoji Kollecdə, Dövlət Gömrük Akademiyasında və Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən sərgi-konfranslarda nümayiş etdirilmişdir.

Bu tədbirlərdə gənclər, yeniyetmələr ulu öndər Heydər Əliyevin mütaliə etdiyi kitablara böyük maraqla baxır, çoxlu suallar verir və həmin kitablarda etdiyi qeydlərlə tanış olurdular.

Heydər Əliyevin adı, ideyaları və əməlləri həmişə yaşayacaq. İllər keçdikcə bu dahi insanın böyüklüyü, möhtəşəmliyi qədirbilən xalqımız tərəfindən daim qiymətləndiriləcək və əbədiləşdiriləcəkdir.

 

Kərim TAHİROV,

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru,

əməkdar mədəniyyət işçisi, professor

 

Azərbaycan.- 2019.- 15 iyun.- S. 5.