Teatrımızın məhək daşı

 

Cəfər Cabbarlı - 120

 

O, ilk səhnə əsərini - "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” adlı pyesini 1915-ci ildə, 3 saylı ali ibtidai məktəbdə oxuduğu zaman yazdı. On altı yaşlı Cəfər Cabbarlı cəmiyyətdəki ədalətsizliyə, haqsızlıqlara qəzəbini bu əsərdə əks etdirdi. Elə həmin il başqa bir pyesini - "Solğun çiçəklər”i qələmə aldı. Bu əsərdə müəllifin ictimai quruluşa etirazları ifadəsini tapdı. Pyes ilk dəfə 1916-cı ildə İsmailiyyə sarayında səhnəyə qoyuldu.

Hər iki əsərdə müəllifin nə yaşının azlığı, nə də ilk qələm təcrübələri olduğu hiss edilirdi. Cəfər Cabbarlı pyeslərində həyat həqiqətlərini, problemlərin, fəlakətlərin əsl səbəblərini və səbəbkarlarını ustalıqla göstərməyə müvəffəq olmuşdu.

 

Erkən gələn və heç vaxt getməyən şöhrət

 

Qısa vaxtda dramaturq kimi tanınıb şöhrətlənən Cəfər Cabbarlının ilk tarixi pyesi "Nəsrəddin şah”dır. XIX əsrin sonlarında İranda baş verən ictimai-siyasi hadisələrdən bəhs edir. "Nəsrəddin şahilk dəfə 1919-cu ildə Aşqabadda tamaşaya qoyuldu.

XX əsrin ikinci onilliyinin müxtəlif tarixi hadisələrindən bəhs edən "Trablis müharibəsi və ya Ulduz” və "Ədirnə fəthi” pyeslərini 1917-ci ildə qələmə aldı. 1918-1919-cu illərdə isə "Bakı müharibəsi” dramını yazıb. "Ədirnə fəthi” faciəsi 1917-ci ilin 15 dekabrında Abbas Mirzə Şərifzadənin təqdimatında nümayiş etdirildi. On səkkiz yaşlı Bakı Politexnik məktəbinin tələbəsinin "Trablis müharibəsi və ya Ulduz” əsəri isə Novruz bayramı ərəfəsində, 1918-ci il martın 10-da Bakıda, İsmailiyyə sarayında tamaşaya qoyuldu.

Dramaturq 1919-cu ildə "Aydın”, 1921-ci ildə isə "Oqtay Eloğlu” pyeslərini yazdı. Həmin əsərlər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyuldu.

Cəfər Cabbarlının "Bakı müharibəsi” əsərində 1918-ci ilin martında Bakıda erməni daşnaklarının azərbaycanlılara etdikləri zülm və işgəncələr, Nuru Paşanın başçılığı ilə xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsi təsvir olunur. Həmin əsər 1919-cu il sentyabrın 16-da Abbas Murzə Şərifzadənin rəhbərliyi ilə "Türk ocağı”nda (Türk Dövlət Dram Teatrı) tamaşaya qoyuldu. Amma təəssüf ki, əsər sonradan yoxa çıxdı. "Trablis müharibəsi və ya Ulduz”, "Ədirnə fəthi” pyesləri də türklərin yadellilərə qarşı rəşadətli mübarizələrindən, türklərin qəhrəmanlığından, cəsurluğundan bəhs etdiyi üçün sovet tənqidçiləri tərəfindən "pantürkist”, "panislamist” əsərlər siyahısına daxil edildi, repertuardan çıxarıldı, uzun illər həmin pyeslər səhnəyə həsrət qaldı.

 

Təlatümlü illər...

 

1920-ci illər Cəfər Cabbarlının ömrünün ən təlatümlü çağları oldu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak etmiş bu gənc 1922-1923-cü illərdə iki dəfə həbs edildi, işgəncələrə məruz qaldı. Dramaturqun qızı Gülarə Cabbarlı danışırdı: "Atamı həmişə pantürkizmdə günahlandıraraq onu həbs etmək üçün məqam axtarmışlar.

1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırmışlar. Orada 2-3 ay əzab-əziyyətlər vermişlər. Atamın "Ədirnə fəthi” və "Ulduz” ("Trablis müharibəsi”) əsərlərində Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr vermişlər”.

Ancaq heç bir təhlükə Cəfər Cabbarlını yaradıcılıqdan ayıra bilmədi. O, "Od gəlini” əsərini xalq qəhrəmanı Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr etdi. 1925-ci ilin ortalarında əsərin ilk variantı hazır oldu. Müəllif pyesi üzərində üç il işlədikdən sonra teatra verdi. Sovet dövrünün tənqidçiləri iddia etdilər ki, "Od gəlini” ateist ruhlu əsərdir və əsas qəhrəman dinə qarşı mübarizə aparır. "Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Od gəlini”ni Cəfər "Çeka” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə də məmləkət xaricində səs salmış bir hadisəyə görə "müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini talayıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini gəbul etməyə məcbur edirlər.

Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb” və "islam” sözləri yerinə "rus” və "kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir”.

"Od gəlini” 1928-ci ildə rejissor Aleksandr Tuqanovun quruluşunda tamaşaya qoyuldu.

Dramaturq 1922-1923-cü illərdən üzərində işlədiyi "Araz çayı” mənzum faciəsini səhnəyə qoymaq üçün Dövlət Dram Teatrına verdi. Ancaq "Araz çayı”nın taleyi uğurlu olmadı. Nə əsər, nə də özü haqqında müfəssəl məlumat qaldı.

Cəfər Cabbarlı 1927-ci ildə qadın azadlığından bəhs edən "Sevilpyesini yazdı. "Sevil” 1928-ci ildə tamaşaya qoyuldu. 1931-ci ildə isə dramaturqun "Almazpyesi tamaşaçılara təqdim olundu.

 

Yeri görünən adam

 

O, 1930-cu ildə Türk Dövlət Dram Teatrında bədii hissə müdirirejissor vəzifəsində işləməyə başladı. "1905-ci ildə” pyesini 1931-ci ildə tamamladı. Türk Dövlət Dram Teatrı həmin il teatr mövsümünü bu pyeslə açdı. Əsərin quruluşçu rejissoru Lyütse işi yarımçıq qoyub getdiyi üçün quruluş üzərində Cabbarlı özü işlədi.

1932-ci ildə "Dönüş” əsəri ilə eyni vaxtda Cəfər Cabbarlı "Yaşarpyesi üzərində də işləyirdi. "Yaşar” həmin ilin dekabrında səhnələşdirildi. Bu, böyük dramaturqun son tamamlanmış əsəri oldu.

Həyat yoldaşı Sona xanımın xatirələrindən bəlli olur ki, bədxahları sonunda Cəfər Cabbarlını sevdiyi teatrdan uzaqlaşmağa nail olublar. Onların əsassız iddialarına Cabbarlı Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə ünvanladığı məktubunda belə cavab verirdi: "Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-ci ildə”, "Almaz”, "Yaşar”, "Sevil” pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar”.

Bundan sonra o, Bakı kino fabrikində daimi işə keçdi. Cabbarlı kino sahəsində çox ciddi fəaliyyət göstərdi. Bu sahəni canlandırdı. Onu teatrdan ayırmaq istəyənlər, yalandan hay-küy salanlar, fitnə-fəsada əl atanlar isə Cəfər Cabbarlının gedişi ilə Azərbaycan teatrında yaranmış boşluğu doldura bilmədilər...

 

Z.FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 22 iyun.- S.7.