Daha yüksək rifaha yol açan sosial siyasət

 

Prezident İlham Əliyevin imzaladığı sərəncamlar bu istiqamətdə həyata keçirilən silsilə tədbirlərin növbəti mərhələsidir

 

İqtisadisosial məsələlərlə bağlı hələ bu il fevralın 25-də keçirilən müşavirədə Prezident İlham Əliyev 2019-cu ilin sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bildirmişdi. "Biz əlavə gəlirləri ilk növbədə vətəndaşların sosial müdafiəsinə yönəltməliyik”. Belə də oldu.

 

Sosial məsələlər daim prioritetdir

 

Ümumiyyətlə, hər bir vətəndaşın etibarlı sosial təminatı Azərbaycan dövlətinin sosial siyasətinin əsas mahiyyətlərindən biridir. Təbii ki, sosial sahədə qarşıya qoyulan hədəflərin dəf edilməsi iqtisadi imkanlardan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan respublikamızın inkişaf reallıqlarından biri iqtisadiyyatdakı irəliləyişin sosial sahəyə təsiridir. İqtisadi islahatlar zamanı da özünü qabarıq göstərən ən önəmli cəhətlərdən biri sosialyönümlülük faktorunun daim ön planda olmasıdır. Bütün bunlar onu göstərir ki, ölkədə reallaşan sosial siyasətin fəlsəfəsi hər bir vətəndaşın yüksək sosial rifahının təmin edilməsidir. Bu ilin fevral ayından başlayaraq həyata keçirilən birinci sosial paket bunun əyani təsdiqi oldu. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar göstərdi ki, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması daim prioritetdir.

Təbii ki, sosial islahatlar paketi birdən-birə meydana çıxmadı. Hələ ötən ilin prezident seçkilərindən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində İlham Əliyev bunun anonsunu vermişdi. Sosial siyasətin daim diqqət mərkəzində olduğunu deyən Prezident növbəti illərdə çox ciddi islahatların aparılacağını və bütün bunların vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracağını bəyan etdi. Artıq keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında geniş işlər aparılmışdı. Bu ilin fevral ayında isə İlham Əliyev təxminən 3 milyon vətəndaşı əhatə edən bir sosial paketi elan etdi. Bu paketdə minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin, tələbə, magistrdoktorantlara verilən təqaüdlərin, məcburi köçkünlərə verilən müavinətlərin artırılması, problemli kreditlərə son qoyulması, yeni inşa olunmuş binalardakı mənzillərin sənədləşdirilməsi kimi vətəndaş məmnunluğuna yol açan məsələlər öz əksini tapdı.

 

İlin ikinci sosial paketi

 

Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev sosial məsələlərə toxunaraq bu sahədə siyasətin ardıcıl şəkildə aparılacağını bəyan etdi: "Bu il maaşlar, pensiyalar artırıldı və bu proses davam etdiriləcək. Mən bildirmişəm, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd edim ki, son 15 il ərzində maaşlarpensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz.

Ona görə bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik. Bu sahədə öz siyasətimizi ardıcıl şəkildə aparacağıq”.

Beləliklə, dövlət başçısının iyunun 18-də imzaladığı 17 sərəncamla ilin əvvəlindən start götürən sosial islahatların ikinci mərhələsi başladı. Bu mərhələdə minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılacaq, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları artırılacaq. Artımlar ümumilikdə 20-50 faiz təşkil edəcək.

İkinci sosial paket çərçivəsində həyata keçiriləcək tədbirlər 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olacaq. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. 750 min nəfərin pensiyasında artım baş verəcək. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq.

Belə ki, orta aylıq əməkhaqqı artımı ilə bağlı proqnoz bu il üçün 15 faizdir. Buna uyğun olaraq 2020-ci ilin 1 yanvar tarixindən bütün pensiyaçıların pensiyası indeksasiya nəticəsində əlavə 15 faiz artacaq. Beləliklə, hazırda 160 manat alan pensiyaçı oktyabrdan 200 manat, yanvardan isə 230 manat pensiya alacaq.

Bir daha xatırladaq ki, bu ilin fevral ayından həyata keçirilən birinci sosial paket 3 milyon vətəndaşın sosial rifahının yüksəldilməsində mühüm rol oynayır. Prezidentin iyunun 18-də imzaladığı sərəncamlar isə 2,1 milyon nəfərin əməkhaqqının pensiyasının artımına əhəmiyyətli dərəcədə təsir göstərəcək. İkinci sosial paketin illik maliyyə çəkisi 2 milyard manatdır. Amma 2019-cu ilin yerdə qalan dövrü üzrə bu istiqamətə 660 milyon manat yönəldiləcək. Sosial paketlər çərçivəsində ayrılacaq vəsaitlər iqtisadi islahatlar nəticəsində qazanılan pullardır. Bu vəsait Dövlət Neft Fondundan ayrılan transfertlər deyil.

Bir məsələni qeyd edək ki, cari ilin əvvəlindən etibarən qəbul olunmuş sosial qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdi. Prezidentin son sərəncamları isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradır.

İkinci sosial paketi təsdiqləməklə Prezident İlham Əliyev "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanırtezisini bir daha təsdiq etdi. Eyni zamanda son sərəncamlar göstərdi ki, 2019-cu il həqiqətən vətəndaşların sosial müdafiəsinin yüksəldilməsi baxımından fərqli ildir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 25 iyun.- S.1; 6.