Üzeyir bəyin əmanəti

 

Azərbaycan Bəstəkarlar İttifaqının yaranmasından 85 il ötür

 

Azərbaycan musiqinin beşiyidir, laylası, saz havaları, muğamları ilə...

Təsadüfi deyil ki, minilliklərin, əsrlərin yaddaşından cilalana-cilalana günümüzə süzülüb gələn milli musiqimiz ecazkarlığı, ruha qida verən avazı ilə indi də dünyanı heyran edir, musiqi xəzinəsini öz nadir inciləri ilə zənginləşdirir.

Qədim ənənələr üzərində köklənən musiqi mədəniyyətimiz dahi Üzeyir bəy Hacıbəylinin misilsiz fəaliyyəti ilə yeni mərhələyə qədəm qoyub. Bu mərhələ Avropa anlamlı bəstəkar yaradıcılığının meydana gəlməsi ilə bağlı idi. İlk bəstəkarımız Üzeyir bəy Hacıbəylinin 1908-ci ildə səhnəyə qoyulmuş "Leyli və Məcnun” operası ilə intibahı başlayan musiqimiz daha sonra opera, balet, operetta, simfoniyas. kimi janrların yaranmasına təkan verdi.

Üzeyir bəy Azərbaycan musiqisinin zirvəsinə cığır açdı və sonradan bu izi xeyli istedadlı gənc uğurla davam etdirdi. Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Səid Rüstəmov, Tofiq Quliyev, Arif Məlikov, Vasif Adıgözəlov, Firəngiz Əlizadə kimi dünyamiqyaslı nəhənglər yetişdi. Və bu musiqi dahilərinin formalaşmasında 85 yaşı tamam olan Azərbaycan Bəstəkarlar İttifaqının müstəsna rolu oldu.

 

Musiqinin əlamətdar günü

 

1933-cü ilin iyun ayında Bəstəkarlar İttifaqının 15 nəfərdən ibarət Təşkilat Bürosu yaradılır. Yeni quruma rəhbərlik milliyyətcə rus olan Sergey Paniyevə həvalə olunur. Peterburq saray kapellasında musiqi təhsili görmüş Sergey Paniyev 1907-ci ildən etibarən Tiflis və Bakıda yaşayırdı, əsasən teatrlarda işləyərək dram tamaşalarına musiqi tərtibatı verməklə məşğul olurdu. Təşkilat Bürosunun 1934-cü il iyun ayının 17-də keçirilmiş iclasında Bəstəkarlar İttifaqının təsis yığıncağının çağırılmasına qərar verilir. 1934-cü il iyunun 30-da 17 nəfərin - Ə.Bədəlbəyli, Z.Hacıbəyli, Niyazinin və digərlərinin iştirakı ilə ümumi yığıncaq keçirilir. Daha sonra ittifaqın işinə Üzeyir bəy Hacıbəyli və M.Maqomayev də cəlb olunur.

 

İttifaqın baxçasaraylı ilk sədri...

 

Bəstəkarlar İttifaqının əsasən başqa millətlərin təmsil olunduğu ilk yığıncağında isə təşkilatın sədri vəzifəsinə Baxçasarayda doğulmuş, mənşəcə Krım tatarı olan 31 yaşlı Asan Refatov seçilir. O, ali musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında almışdı. Təftiş komissiyasının sədri vəzifəsi isə gələcəyin böyük dirijoru və bəstəkarı, 22 yaşlı gənc Niyaziyə həvalə olunur.

Ü.Hacıbəylinin Bəstəkarlar İttifaqında ilk iştirakı 1934-cü il dekabrın 12-də çağırılmış yığıncağın protokolundan aydın olur. Həmin yığıncaqda mətbuat səhifələrində musiqiyə aid qeyri-peşəkar, savadsız jurnalist yazılarının yer alması məsələsi müzakirə olunur və Bəstəkarlar İttifaqında tənqid və musiqişünaslıq bölməsinin yaradılması məsələsi zəruri sayılır. Bölməyə Ü.Hacıbəylinin rəhbərlik etməsi qərara alınır. 1935-ci il iyunun 23-də ümumi yığıncağın qərarı ilə yeni sədr və onun müavinləri seçilir. A.Refatovun fəaliyyəti passiv qiymətləndirilir və onun yerinə yuxarı instansiyaların təklifi ilə Əli Kərimov təyin olunur. Üzeyir bəy onun müavini, eyni zamanda "Musiqişünaslıq və tənqid bölməsi”nin rəhbəri kimi fəaliyyətini davam etdirir.

 

Üzeyir bəy mürəkkəb və ziddiyyətli dövrdə ittifaqa rəhbərlik edir

 

1937-ci il fevralın 15-də Bəstəkarlar İttifaqında növbəti hesabat-seçki toplantısı keçirilir. Təşkilata sədr seçilən Üzeyir Hacıbəyli çox mürəkkəb və ziddiyyətli şəraitdə ona başçılıq edir. Üzeyir bəyin sədrliyi ilə 1937-ci il martın 10-da Azərbaycan Bəstəkarlar İttifaqının ümumi iclasında 3 yaradıcılıq növü üzrə 34 nəfər üzv təsdiq olunur. Bura 17 bəstəkar, 7 musiqi xadimi, 3 xalq improvizəçisi, 7 ifaçı daxil edilir. ABİ-nin fəliyyətinə gənclərin cəlb olunması ilə milli kadrların çəkisi xeyli artır. İttifaqın "Gənclər bölməsi”ndə Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov, Səid Rüstəmov, Tofiq Quliyev kimi istedadlı bəstəkarlar fəal iştirak edirlər.

1948-ci ildə Üzeyir bəyin vəfatı ilə Bəstəkarlar İttifaqının tarixində müstəsna əhəmiyyətə malik böyük bir epoxa - Hacıbəyli epoxası başa çatır. Yarandığı ilk illərdə cəmi bir neçə milli kadrın təmsil olunduğu ittifaqda 1948-ci ilin əvvəlində 55 üzv - 45 bəstəkar və 10 musiqişünas vardı. Ən başlıca nailiyyət isə bu üzvlərin böyük əksəriyyətinin - 33 nəfərin azərbaycanlı olması idi. Üzeyir bəy özündən sonra milli musiqi mədəniyyətini irəliyə doğru aparmaq iqtidarına malik, ona sidq ürəkdən xidmət etməyi bacaran çox istedadlı və güclü bəstəkar ordusunu yetişdirməyə nail olur.

 

1990-cı ildə Azərbaycan dilində keçirilən ilk qurultay

 

1948-ci ildə ittifaqın sədri vəzifəsinə Ü.Hacıbəylinin tələbəsi, bir çox mahnıların bəstəkarı, Xalq çalğı alətləri ansamblının bədii rəhbəri Səid Rüstəmov seçilir. Daha sonra, 1953-cü ildən 1982-ci ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqı tarixində 30 illik böyük bir mərhələ məhz Qara Qarayevin adı ilə bağlı olur. O, bu təşkilatı SSRİ Bəstəkarlar İttifaqının ən qabaqcıl qurumları səviyyəsinə yüksəldə bilir.

1956-cı ilin martında Bakıda Azərbaycan bəstəkarları özlərinin ilk qurultayını keçirirlər. 1990-cı ilin fevralında isə ölkədəki qarışıq vəziyyətə baxmayaraq, bəstəkarlar VII qurultaya toplaşırlar. İlk dəfə Azərbaycan bəstəkarlarının qurultayı konsert proqramları olmadan, yəni musiqisiz keçir və diqqət yalnız təşkilati məsələlər üzərində cəmləşdirilir. Həmin qurultay ana dilində, yəni təşkilatın tarixində ilk dəfə Azərbaycan dilində aparılır.

Təşkilatın növbəti qurultayı isə uzun fasilədən sonra 2007-ci ildə keçirilir. Qurultayın yekunu olaraq İdarə Heyəti seçilir, xalq artisti, professor Firəngiz Əlizadə sədr, xalq artistləri Aqşin Əlizadə, Ramiz Zöhrabov və əməkdar incəsənət xadimi Eldar Mansurov katib seçilir.

 

Bəstəkarlar İttifaqının tarixində ən böyük hadisələrdən biri

 

Bəstəkarlar İttifaqının tarixində ən böyük hadisələrdən biri Prezident İlham Əliyevin sərəncamı ilə ittifaqın binasının əsaslı təmir və yenidənqurulması olub. 2009-cu il sentyabrın 1-də binanın açılış mərasimində Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva iştirak edib. Əsası 1912-ci ildə qoyulan üçmərtəbəli memarlıq abidəsində yüksək səviyyədə təmir və yenidənqurma işləri aparılıb.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı musiqi layihələrində Bəstəkarlar İttifaqının fəaliyyəti genişdir. Qurumun təsis etdiyi "İpək yolu” Beynəlxalq Musiqi Festivalı qədim tarixə və zəngin musiqi ənənələrinə malik Şəki şəhərində keçirilir. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Mstislav Rostropoviç, Qara Qarayev adına, eləcə də Qəbələ Beynəlxalq Musiqi festivallarında da müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir bəy Hacıbəylinin xatirəsi daim yad edilir.

Azərbaycan peşəkar musiqisi təşəkkül tapdığı zaman ərzində dünya musiqi xəzinəsinə ölməz əsərlər bəxş edib və Azərbaycan bəstəkarları XXI əsrə böyük sərvətlə, musiqi xəzinəsi ilə daxil olublar. Azərbaycan Bəstəkarlar İttifaqı öz missiyasını bu gündavam etdirir. Peşəkar musiqiçılərimizin neçə-neçə nəsillərinin formalaşmasında, musiqi xəzinəmizin yeni-yeni əsərlərlə zənginləşməsində, mədəniyyətimizin bütün dünyada təbliğində ayrı-ayrı sənətkarların fərdi istedad və bacarığını qeyd etməklə bərabər, bu insanları doğma, isti bir ocaq kimi öz ətrafında cəmləyən Azərbaycan Bəstəkarlar İttifaqının müstəsna rolu danılmazdır.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 30 iyun.- S.8.