Bir qızıl və üç bürünc medal şansı

 

Minsk - 2019 II Avropa Oyunları

 

Güləş ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından da ön sıralarda dayanır. Bu, həm tarixi-ənənəvi köklərlə, həm də bu gün ölkəmizdə idmana, o cümlədən güləşə olan münasibətlə bağlıdır. Güləş Azərbaycanda hər vaxt ənənəsini qoruyub. Azərbaycan güləş məktəbinin yetirmələri olan olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi idmançılar sayılırlar. Yəni pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər.

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında medal gözlənilən idman növlərindən biri də güləşdir. Dünən "Minsk-2019”da güləş yarışlarına start verilib. İlk olaraq mübarizəyə sərbəst güləşçilər başlayıblar. Pəhləvanımızın hər biri yarışa 1/8 final mərhələsindən qoşulub.

57 kq çəki dərəcəsində çıxış edən Mahir Əmiraslanov mübarizəyə boqarıstanlı Georgi Vangelova qarşı görüşlə başlayıb. Gərgin mübarizədən 6:5 hesablı qələbə ilə ayrılan pəhləvanımızın 1/4 finaldakı rəqibi Vladimir Yeqorov (Şimali Makedoniya) olub. Təmsilçimiz qələbə seriyasını davam etdirərək rəqibini 4:0 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda Mahirin rəqibi Rusiya təmsilçisi Zavur Uğuyev olub. Rəqibinə qalib gələn Mahir çempionluq üçün həlledici görüşdə bu gün serbiyalı Stevan Miçiç ilə qarşılaşacaq.

74 kq çəki dərəcəsində yarışan Hacımurad Hacıyevin 1/4 final yolunu Türkiyə güləşçisi Soner Demirtaş kəsib - 3:4. Rəqibi finala qədər yoluna davam etdiyi üçün Hacımurad təsəlliverici görüşlərə qatılmaq hüququ qazanıb. "Bürünc yolunda onun ilk rəqibi bu gün yunanıstanlı Kirillos Binenpaum olacaq.

86 kq çəki dərəcəsində yarışan Aleksandr Qostiyev ilk görüşündə Belarus təmsilçisi Denis Balaura göz açmağa imkan verməyib - 7:1. Onun növbəti mərhələdəki rəqibi gürcüstanlı Sandro Aminaşvili olub. Güləşçimiz bu mərhələdə də ənənəsinə sadiq qalaraq rəqibini 6:2 hesabı ilə məğlub edib. Təmsilçimizin final yolunda rəqibi Dauren Kuruqliyev (Rusiya) olub. Aleksandr bu gün bürünc medal uğrunda güləşəcək.

125 kq çəki dərəcəsində yarışan Camaləddin Məhəmmədov 1/8 finalda Belarus güləşçisi Vitali Pyasnyakdan üstün olub - 6:0. Dörddəbir finalda macarıstanlı Daniel Ligetini çətinliklə mübarizədən kənarlaşdıran (6:5) Camaləddin yarımfinalda gürcüstanlı Givi Matkaraşvili ilə üz-üzə gəlib. Rəqibinə 2:4 hesabı ilə məğlub olan idmançımız bu gün bürünc medal uğrunda mübarizə aparacaq.

 

Üç boksçumuz 1/4 finalda

 

Dünən II Avropa Oyunlarında boks yarışlarının beşinci gününə start verilib. "Uruçye Arena”nın rinqinə əvvəlcə 60 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular çıxıb. Onlar 1/8 final mərhələsində qüvvələrini sınayıblar. Azərbaycan yığmasının üzvü Cavid Çələbiyev də növbəti döyüşünü keçirib. Dünya çempionumuz Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan təmsilçimiz 1/4 finala yüksəlib.

Sonra 81 kq çəki dərəcəsində çıxış edən boksçular 1/4 finala çıxmaq uğrunda yarışıblar. Azərbaycan yığmasının üzvü Alfonso Dominqes belaruslu Mixail Dauhalyavetslə üz-üzə gəlib. 5:0 hesabı ilə qalib gələn təmsilçimiz növbəti mərhələyə yüksəlib.

Alfonso Dominqes (81 kq), Cavid Çələbiyev (60 kq) və Lorenso Sotomayor (69 kq) bu gün yarımfinala çıxmaq uğrunda mübarizə aparacaqlar.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 26 iyun.- S.11.