Nadir kitablar

 

Milli sərvətimiz

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 1962-ci ildə yaradılan Nadir kitablar bölməsi 2013-cü ildə şöbə statusu almışdır. Hazırda Nadir kitablar muzey şöbəsi kimi fəaliyyətini davam etdirir.

Dilindən, əlifbasından, nəşr yerindən asılı olmayaraq xalqların minillik elm və mədəniyyət tarixini əhatə edən 5 000 kitab şöbənin nadir xəzinəsidir. Bu xəzinənin ən qədim nəşri 1573-cü ildə latın və yunan dillərində nəşr olunmuş "Homerlə Hesiodun mübahisəsi”, 1595-ci ildə alman dilində nəşr edilmiş "Türklər haqqında 10 nəsihət” kitablarıdır. Qotik ədəbiyyatla yanaşı, dünya mədəniyyəti xəzinəsini zənginləşdirən Azərbaycanın dahi filosof şairləri Xaqani Şirvaninin "Külliyyati-Xaqani”, Nizami Gəncəvinin "Xəmsə” (1845), Məhəmməd Füzulinin "Leyli və Məcnun” (1858) daşbasma nəşrləri də yer almışdır.

Orta əsrlər dövrünün ən məşhur təbiblərindən olan İbn Sinanın ərəb dilində "Qanun ət-Tibb” (1878), fars ədəbiyyatının görkəmli şəxsiyyətləri Firdovsi, Ömər Xəyyam, Sədi Şirazi, Hafiz Şirazi kimi dühaların da daşbasma nəşrləri qorunur. Şöbənin fondunda müəlliflərin sağlıqlarında nəşr olunmuş ədəbiyyat kolleksiyası da nümayiş etdirilir. Bu kolleksiyaya dahi rus şairi A.S.Puşkinin "Puqaçov üsyanının tarixi” (1834), görkəmli Azərbaycan şairi və ictimai xadimi Abbasqulu ağa Bakıxanovun "Kratkaya qrammatika persidskoqo yazıka” (1841), rus şərqşünaslıq elminin banisi Mirzə Kazım bəyin "Müxtəsərül-vikayət...” (1845), Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin "Komedii” (1853) kitabları daxildir.

Şöbənin fondunda həmçinin Rusiya imperiyasında Azərbaycan dilində ərəb qrafikası ilə 1779-cu ildə nəşr olunmuş "Məzidi-izzət və müqəddəs cənublu mübaliğə ilə hökmdari-padşahi-əzəmi-imperatoriçə Yekaterina saniyə həzrətlərinin cəmi Rusiyyə imperiyasında əyalətlərin nizam və tərtibi üçün icad və imla olunmuş qanuni-cədiddir” kitabı saxlanılır.

Şöbənin fondunda miniatür kitab kolleksiyası da nümayiş etdirilir. Bu kolleksiyanın ən kiçik formatlı kitablarından M.Y.Lermontovun "Parus” (2012, 20x16mm) və V.Bakaldinin "Moy Baku” (2013, 22x17mm) kitablarını göstərə bilərik.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 3 mart.- S.7.