Prezidentin tapşırıqları məsuliyyətlə icra olunur

 

"Prezident İlham Əliyev paytaxtın qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı qarşıya ciddi tapşırıq qoyub. Bu tapşırıq əsasında Bakı şəhəri və onun qəsəbələrinin inkişafı ilə xüsusi proqram hazırlanır”.

Bu fikirləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonu Maştağa qəsəbəsinin sakinləri ilə görüşdə səsləndirib. Prezidentin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığı çərçivəsində reallaşan bu tədbirdə Eldar Əzizov vurğulayıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə Bakının inkişafı, gözəlləşdirilməsi, müasir infrastrukturunun yaradılması üçün mühüm işlər həyata keçirilir. Paytaxtın inkişaf strategiyasına uyğun şəkildə aparılan quruculuq işləri Bakının bütün rayonlarını əhatə edib.

Bakı Şəhər İcra hakimiyyətinin başçısı kimi əhali ilə ilk görüşünü Mastağa qəsəbəsində keçirən Eldar Əzizov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamların, qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində paytaxtda və onun qəsəbələrində xeyli sayda yeni məktəb, uşaq bağçası, tibb müəssisələri inşa edilib, köhnələri isə əsaslı təmir olunub. Bakı şəhərində həyata keçirilən "Abad məhəllə” layihəsi çərçivəsində son 6 ay ərzində 50-dən çox məhəllə əsaslı təmir edilib. Bununla yanaşı, paytaxtda çoxmənzilli binaların dam örtükləri, girişləri, fasadları əsaslı təmir olunur və bu işlər hazırda da davam etdirilir: "Əhalinin sosial təminatının gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən bu işlər bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır”.

Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı şəhər və Sabunçu rayonu təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri, Maştağa qəsəbə sakinləri, eləcə də Nardaran qəsəbəsindən gəlmiş ağsaqqallar da iştirak ediblər.

Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyevin qəsəbədə görülmüş işlərlə bağlı hesabatı da dinlənilib. Hesabatda son illər bütün ölkə ərazisində olduğu kimi, qəsəbədə də təhsil, səhiyyə, sənaye və digər sahələrdə mühüm nailiyyətlərin əldə edildiyi öz əksini tapıb.

"Açıq mikrofon” formatında sakinlərin fəallığı ilə keçən görüşdə çıxış edən 35 nəfər qəsəbə sakini Bakı şəhərində, eyni zamanda, Maştağa qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Sual və təkliflərini də səsləndirən maştağalılar qəsəbədə və Savalan massivində yeni qəbiristanlığın salınması, ATS və poçt məntəqəsinin tikilməsi, qəsəbədə bankomatların sayının artırılması xahişini ediblər. Bildirilib ki, qəsəbədə məhəllədaxili küçələrin işiqlandırılması, daxili yolların təmiri və asfaltlaşdırılması, qadınlar üçün iş yerlərinin açılması zərurəti yaranıb. Həmçinin qəsəbədə su problemi, sənədsiz evlərin rəsmiləşdirilməsi, internet və mobil rabitənin çox zəif olması sakinləri narahat edən məsələlər sırasındadır. Əhalinin sayının artması isə bəzi məktəblərdə şagird sıxlığının yaranmasına səbəb olub. Ona görə də yeni məktəb və ya məktəb binaları üçün əlavə korpusun tikilməsinə ehtiyac var.

Bütün təklif və xahişlər diqqətlə dinlənilib və verilən suallarla, müraciətlərlə bağlı yerindəcə müvafiq tapşırıqlar verilib.

Bu kimi görüşlərin digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2019.- 5 mart.- S.3.