Diplomatik korpusun nümayəndələri vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə məlumatlandırılıb

 

Martın 4-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər və Vergilər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə edilmiş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə diplomatik korpus nümayəndələri vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılıb.

Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov ölkədə aparılan iqtisadi islahatlar, xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti, vergi islahatları, onların məqsəd və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, qarşıdakı dövrdə ölkə iqtisadiyyatının qarşısında duran əsas iqtisadi vəzifələr ixracyönümlü qeyri-neft sənayesinin yaradılması, xammala bağlı olmayan inkişaf mexanizmlərinin qurulması, biznes mühitinin və sahibkarlığın inkişafının stimullaşdırılmasıdır. Bu hədəflərə nail olmaq üçün vergi qanunvericiliyində, vergi inzibatçılığında və bilavasitə idarəetmə sistemində köklü islahatlar aparılır.

Nazir 2018-ci ildə dövlət-biznes münasibətlərində yeni yanaşmaların sərgiləndiyini, “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması üçün yeni iqtisadi mexanizmlərin tətbiq edildiyini diqqətə çatdırıb. M.Cabbarov vergi islahatlarının əsas prinsipləri sırasında proqnozlaşdırılmasının mümkünlüyünü, şəffaflıq və bərabərliyə əsaslanmasını qeyd edib.

O, islahatların biznesin könüllü əməletmə səviyyəsinin və fiskal gəlirlərin artmasına müsbət təsir göstərdiyini də vurğulayıb. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərin ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbediciliyinin artırılması, biznes aparılması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılması məqsədini daşıdığı qeyd edilib.

Sonra Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı tədbir iştirakçıları üçün geniş təqdimat keçirilib, diplomatik korpus nümayəndələrinin sualları cavablandırılıb.

 

Azərbaycan.- 2019.- 5 mart.- S.5.