Mədəniyyətimizə qayğı həm də milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir

 

 Dövlət başçısına minnətdarlıq

 

Ölkəmizin mədəniyyət sahəsindəki inkişaf özünü müxtəlif formalarda göstərir. Bu, ilk növbədə sürətli iqtisadi inkişafla sıx bağlıdır. Məhz maddi-texniki bazanın müasir tələblər səviyyəsində yenidən qurulması fonunda ölkədə fəaliyyət göstərən 25 dövlət teatrının və digər kollektivlərin, həmçinin 219 muzeyin, 35 rəsm qalereyasının, 3200-dək kitabxana-informasiya sahəsinin, 100-dən çox yüksək təmirli mədəniyyət sarayının, bölgələrdə yaradılan, hər biri geniş istirahət parkına malik olan Heydər Əliyev adına mərkəzlərin qaynar həyatında da müşahidə olunur.

Azərbaycan Prezidentinin ölkənin mədəni həyatındakı mövcud durumu dəyərləndirərək, dövlət büdcəsindən bu sahənin inkişafına ayırdığı maddi vəsait eyni zamanda xalqımızın bu sahədəki sənətkarlarını sevindirir, ruhlandırır. Onlar həm də bunun məsuliyyətini bilir və öz üzərlərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlməyə səy göstərirlər.

Mart ayının 1-də dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə mədəniyyətin inkişafı ilə bağlı məsələlər öz aktuallığı ilə diqqəti cəlb etdi. Çünki ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin həmin görüşdə qaldırdığı məsələlər ümummilli əhəmiyyət daşıyırdı.

Cənab Prezidentin görüşdüyü mədəniyyət və incəsənət xadimlərinin arasında mən də var idim. Görüşdən aldığım təəssürat zəngindir. Orada son illər muğamla bağlı keçirilən müsabiqələr haqqında fikrimi bildirdim. Dedim ki, növbəti muğam müsabiqəmiz yaxınlarda başlayacaq. Həddindən çox insan bununla bağlı zəng edib maraqlanır. Müsabiqədə iştirak etmək istəklərini bildirirlər. Çox böyük layihədir. Bu layihənin müəllifi ölkəmizin birinci xanımı Mehriban Əliyevadır. Sağ olsun ki, muğama belə diqqət yetirir. Deməyim odur ki, muğam müsabiqələrinin keçirilməsi bu sənətin inkişafına çox böyük töhfədir. Yəni gənclərin araya-ərsəyə gəlməsi, onların püxtələşib xanəndə kimi formalaşması mühüm məsələdir. Bu yaxınlarda Ağdamda möhtəşəm Muğam Mərkəzi tikildi. Açılışda cənab Prezident, Mehriban xanım da iştirak etdilər. Bu, bir daha göstərir ki, dövlətimiz və onun başçısı milli mədəniyyətimizin inkişafına da böyük qiymət verir.

Onu da deməliyəm ki, dövlətimizin başçısı, eləcə də birinci xanım mədəniyyət və incəsənətimizin inkişafında xidmətləri olan sənətkarların problemləri ilə daim məşğul olublar. Mənim də bir problemim var idi. Mehriban xanım Əliyevanın köməyi ilə aradan qaldırıldı. Buna görə də ona təşəkkürümü bildirirəm.

Cənab Prezidentə xalqımızın xeyir-duası, alqışları tükənməzdir. Məni bir sənət adamı və ağsaqqal kimi dövlət başçısı tərəfindən bütün sahələr üzrə qəbul edilən fərman və sərəncamlar çox sevindirir. Bu, mədəniyyət və incəsənətə çox böyük xidmətdir.

 

Arif BABAYEV,

xalq artisti

 

Azərbaycan.- 2019.- 8 mart.- S.1; 6.