3 milyon insana bəxş edilən sevinc

 

Dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqın böyük etimad göstərərək mandat verdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai maraqları doğrultmağa çalışır, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanır.

 

Hər bir addımını xalqın mənafeyinə uyğun atan lider

 

Bütün bunlar 15 il ərzində Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinin əsasını təşkil edir.

Hər bir addımını xalqın mənafeyinə uyğun atması, xalqına sədaqətli xidmət cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb. Təkcə bu ilin 2 ayı ərzində böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar, iqtisadi və struktur islahatları, regionlara səfəri zamanı rəsmi protokoldan kənara çıxaraq vətəndaşların problemləri ilə maraqlanması, səbirlə onları dinləməsi, arzu-istəklərini nəzərə alması, hətta yeri gələndə onunla görüşə gələnlərlə birlikdə "Azərbaycan” mahnısını oxuması İlham Əliyevin Prezident kimi öhdəliklərə sadiqliyinin, dövlət başçısı kimi qayğıkeşliyinin, səmimiliyinin bariz təcəssümüdür.

Məhz bu amilləri nəzərə alaraq dövlət başçısı hər dəfə xalqla görüşündə haqlı olaraq bu fikirləri səsləndirir: "Mən verdiyim sözlərə həmişə əməl etmişəm. Həmişə xalqın dəstəyinə arxalanmışam, mənə güc verən xalqın mənə olan inamıdır” .

 

Şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə Prezident qayğısı

 

Hər zaman vətəndaşına qayğı ilə yanaşan, sosial problemlərinin həllini prioritet vəzifə kimi görən və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirən Prezident yanvar və fevral aylarında xalqın sosial rifahının yüksəldilməsi istiqamətində çox ciddi addımlar atdı.

Bu, bir həqiqətdir ki, Azərbaycanda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə dünyada analoqu olmayan bir dövlət yanaşması mövcuddur. Bu kateqoriyaya aid olan insanlara hər zaman böyük diqqət göstərən Prezident İlham Əliyev yanvar ayında şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmələrin verilməsi barədə sənəd imzaladı. Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ var. İndiyədək 4291 şəhidin 5966 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3981 şəhidin 5474 vərəsəsinə ödəniş edilib.

Bunun ardınca dövlət başçısı həm Qarabağ, həm də Əfqanıstan müharibəsi şəhidlərinin ailələrinə verilən müavinətləri 300 manatadək artırdı. Prezidentin aylıq təqaüdünü alan 12 mindən çox şəhid ailəsinin təqaüdü yüksəldi.

Həmçinin məcburi köçkünlərə verilən aylıq müavinətlər 50 faiz artırıldı. Hazırda məcburi köçkünlərdən 81 min 476 nəfəri 22 manat, 415 min 81 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır. Aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcək.

 

Böyük sosial islahatlar paketinin ilkin təzahürləri

 

Ötən il etdiyi çıxışlarda 2019-cu ilin böyük sosial islahatlar ili kimi tarixə düşəcəyi anonsunu verən Prezidentin fevral ayında böyük sosial islahatlar paketinin ilkin təzahürləri reallaşdı. Dövlət başçısı bir-birinin ardınca minimum əməkhaqqının, minimum pensiyanın, təqaüdlərin, müavinətlərin artırılması, digər ödənişlərin verilməsi istiqamətində fərman və sərəncamlar imzaladı.

Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə etdi. Minimum əməkhaqqının məbləğinin artırılması 600 minədək insanı əhatə edir ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olub.

Prezidentin martın 9-da imzaladığı "Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncama əsasən dövlət qulluqçularının aylıq vəzifə maaşında "165” rəqəmləri "200” rəqəmləri ilə əvəz edildi. Həmçinin "185”, "175”, "170” və "165” rəqəmləri müvafiq olaraq "215”, "210”, "205” və "200” rəqəmləri ilə əvəz olundu.

Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat, bu ilin 10 ayı ərzində isə 335 milyon manat əlavə vəsait ayrılacaq.

 

Artan sosial müavinətlər 600 min insana şamil olundu

 

Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması ilə bağlı sərəncam təxminən 600 min insana şamil olundu. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır. Beləliklə, I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən ümumilikdə 300 manat ödəniləcək.

Minimum pensiya məbləğinin artırılması isə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz və s. artımlar edilir. Artımın edilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək.

 

Problemli kreditlərin həlli istiqamətində verilən inqilabi qərar

 

Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı fərman təxminən 350-400 min insanı, tələbələrin təqaüdlərinin artırılması isə 100 mindən çox tələbənin sevincinə səbəb oldu.

Digər sosialyönümlü addımlardan biri isə Prezidentin əhalinin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı fərman oldu. Dünyada analoqu olmayan bu sənəd 1 milyona yaxın insanın problemini həll edərək vətəndaşlarla banklar arasındakı narazılıqlara son qoydu.

Ümumiyyətlə, Prezident İlham Əliyevin böyük sosial paketi təqribən 3 milyona yaxın insanı əhatə edir. Bu fərman və sərəncamlar dövlətin öz vətəndaşının yanında, bütün problemlərinin həllində daim iştirakçı və yardımçı olduğunu göstərdi. Bu, bir daha Azərbaycan dövlətinin iqtisadi qüdrətini, cənab İlham Əliyevin dönməz iradəsini ortaya qoydu.

Martın 1-də isə Prezident incəsənət xadimləri ilə görüşüb onların problemlərini dinlədi və görüşdən sonra bu istiqamətdə ciddi tapşırıqlar verdi.

Göründüyü kimi, ilin əvvəlindən ölkəmizdə sosial sahədə qəbul olunmuş qərarlar, keçirilən görüşlər, atılan addımlar öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır. Çünki qısa müddət ərzində bu qədər sosialyönümlü qərarların verilməsi dünyada görünməmiş bir hadisədir. Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə ölkə Prezidentinin cəsarətli və inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür.

 

Xalqa sədaqətli lider örnəyi

 

Ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman Prezident İlham Əliyevin apardığı siyasətin başlıca prioritetləri olub. Dövlət başçısının ötən 15 ili əhatə edən fəaliyyətinin təhlili göstərir ki, o, sosial məsələlərin həllinə həmişə xüsusi maraqla yanaşıb, aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına davamlı dəstək göstərib. İmzaladığı fərman və sərəncamlar əsasında pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması ilə bağlı mühüm addımlar atılıb.

Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Təkcə bir fakta nəzər yetirsək, bunu aydın şəkildə görə bilərik. Heç bir ölkədə təbii fəlakət nəticəsində sakinlər üçün qəzalı duruma düşən evlər sökülüb yerində cəmi 1 ay ərzində pulsuz mənzil tikilmir. Yalnız sığortalanmış evlərə görə məyyən miqdarda kompensasiyalar ödənilir. Amma cənab İlham Əliyev respublikamızın şimal bölgəsində baş verən zəlzələ nəticəsində qəzalı duruma düşmüş evlərin hamısını sökdürüb yerində daha möhtəşəm ev tikdirir.

Atılan addımlar Prezident İlham Əliyevin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Görünən odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq. Ona görə də əminliklə deyə bilərik ki, 2019-cu il Azərbaycan tarixinə ən böyük sosial islahatlar ili kimi yazılacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 13 mart.- S. 1; 4