İtaliya Azərbaycanın müdafiə sənayesinə böyük maraq göstərir

 

Martın 5-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev İtaliya Müdafiə Nazirliyinin müdafiə və milli silahlandırma üzrə baş katibi, general-leytenant Nikolo Falsapernanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, görüşdə Y.Musayev iki ölkə arasında mövcud əməkdaşlıqdan danışıb, İtaliyanın Azərbaycanın Avropadakı ən böyük iqtisadi tərəfdaşlarından biri olduğunu vurğulayıb. Nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və mövcud vəziyyətdə müdafiə sənayesinin Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verib. Y.Musayev MSN-in fəaliyyət istiqamətləri və bu sahədə əldə olunan uğurlardan danışıb. Bildirib ki, qısa zamanda fəaliyyətə başlayan nazirlik hazırda hərbi təyinatlı məmulatların yaradılması və istehsalı ilə yanaşı, qurulmuş hərbi-texniki əməkdaşlıq sayəsində məhsulların ixracını da həyata keçirir. İxrac imkanlarının genişləndirilməsi üçün beynəlxalq sərgilərdə iştirak xüsusi əhəmiyyət daşıyır.

Ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən N.Falsaperna iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, bu istiqamətdə əlaqələrin inkişafı və reallaşdırılacaq birgə layihələrin hər iki ölkənin təhlükəsizliyinə xidmət edəcəyini bildirib.

Söhbət zamanı iki ölkə arasında mövcud əlaqələrdən məmnunluq ifadə olunub. Bu münasibətlərin hərbi-texniki sahədə əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyi əminliklə vurğulanıb.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari və digər şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2019.- 6 mart.- S.5.