Publisistika ilə maraqlananlar üçün yeni dərs vəsaiti

 

"Publisistika elmi və bədii ədəbiyatın qovşağında yerləşdiyinə görə siyasət, estetika, jurnalistika, bədii ədəbiyyat, incəsənət, sosiologiya, psixologiya, informatika kimi elm sahələri ilə sıx bağlı olur. Ancaq daha çox ictimai-siyasi fəaliyyət sahəsini əhatə etdiyinə görə publisistikanın elmi xüsusiyyətləri, publisist-jurnalist peşəsinə tələblər məhz ictimai-siyasi bilik və görüşlər aspektindən formalaşır. Jurnalistin ictimai-siyasi görüşləri onun publisistik yaradıcılığının nüvəsini təşkil edir”.

Bu fikirlər Əliş Ağamirzəyevin "Publisistikanın nəzəri əsasları” dərs vəsaitində əksini tapıb. "Mütərcim” nəşriyyatında yaxın vaxtlarda çapdan çıxan kitabda publisistikanın nəzəri əsasları - obyekti, məqsəd və vəzifələri, əsas funksiyaları, tədqiqat metodları, digər fəaliyyət növləri ilə oxşar və fərqli cəhətləri geniş şərh edilib.

Dərs vəsaitində publisistikanın təşəkkülü və keçdiyi tarixi inkişaf yolundan geniş söz açılıb. Müəllif termin kimi publisistikanın XIX əsrdə yarandığını, uzun müddət sosial ədəbiyyat mənasında işlədildiyini, hazırda isə daha çoxşaxəli məna daşıdığını qeyd edib. Bildirib ki, publisistikanın öz tarixi başlanğıcını hansı dövrdən götürməsi barədə müxtəlif fikirlər mövcuddur. Belə hesab edilir ki, ən qədim dövrlərin mətnlərinə də publisistika nöqteyi-nəzərindən yanaşmaq olar. Əliş Ağamirzəyev yazır ki, peşəkar yaradıcılıq kimi daha sonrakı dövrlərdə meydana çıxsa da, publisistikanın formalaşması prosesi uzun bir tarixi inkişaf yolu keçmiş, müxtəlif dövrlərdə ictimai-siyasi proseslərin, dövlət və cəmiyyət münasibətlərinin və ünsiyyət problemlərinin fonunda inkişaf edərək spesifik xüsusiyyətlər qazanıb.

"Publisistikanın nəzəri əsasları”nda yaradıcılıq nailiyyətinin xüsusi növü kimi, eyni zamanda, sosial fəaliyyət sahəsi kimi publisistikanın özünəməxsus cəhətləri, xarakterik xüsusiyyətləri, qnesoloji aspektləri, üslubu haqqında məlumat verilib. Publisistikanın janr müxtəlifliyi qeyd edilib, üç əsas qrupu - informasiya, analitik və bədii publisistik janrlar müəyyənləşdirilib, ayrı-ayrı janrların əsas spesifik əlamətləri izah olunub.

Son iki əsrin bəşəriyyət tarixində elmi-texniki tərəqqi, inqilablar, sosial sıçrayışlar, ictimai həyatın, ünsiyyətin mürəkkəbləşməsi, informasiya axınının hədsiz sürətlənməsi kimi xüsusiyyətlərlə xarakerizə olunduğunu nəzərə çarpdıran müəllif yazır ki, hazırda cəmiyyətin təlabatları, jurnalistikada trendlər dəyişsə də, müasir elm publisistikaya obyektiv təlabatın hələ də davam etdiyini və hətta ona daha çox ehtiyac duyulduğunu təsdiq edir: "Bugünkü mürəkkəb kütləvi kommunikasiya sistemində publisistik mətn xüsusi yer tutur. O, müəlliflə geniş oxucu (dinləyici, tamaşaçı) auditoriyası arasında aktual sosial informasiya mübadiləsində müxtəlif mövqeləri, təsəvvürləri ortaya qoymaqla mətni, onun dinamikasını aktuallaşdırır. Publisistik mətnin imkanları auditoriyaya operativbirbaşa təsir göstərməyə şərait yaradır. Publisistika təkcə müəlliflə auditoriyaya deyil, elə oxucular, tamaşaçı və dinləyicilər arasındakı münasibətlərə, qarşılıqlı əlaqələrə də təsir göstərir”.

Publisistikanın tarixinin, formalaşmasının, geniş imkanlarının, ictimai rəyə təsirinin hərtərəfli araşdırıldığı bu dərs vəsaitindən ali məktəblərin jurnalistika ixtisası üzrə təhsil alan magistrant və tələbələri, həmçinin publisistika ilə maraqlananlar faydalana bilərlər.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2019.- 6 mart.- S.7.