Rəştdə İran Prezidenti Administrasiyasının rəhbəri ilə müzakirələr  aparılıb

 

İran İslam Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb.

Görüşdə vurğulanıb ki, Azərbaycan və İran prezidentləri uğurlu xarici siyasət apararaq regionda dostluğumehriban qonşuluğu əsas tuturlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və İran beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında fəal iştirak edirlər.

İqtisadiyyat naziri Şahin Mustafayev son illərdə Azərbaycan və İran dövlət başçılarının görüşlərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani  arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndirilməsində mühüm rolunu vurğulayıb. Nazir Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli həlqəsi olan Qəzvin-Rəşt dəmir yolunun açılışını qeyd edərək, bunun Azərbaycan və İran, eləcə də region ölkələri üçün əhəmiyyətini diqqətə çatdırıb.

Son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində bir çox işlərin görüldüyünü qeyd edən İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi əlaqələrin inkişafı perspektivlərinə dair fikirlərini bildirib, Qəzvin-Rəşt dəmir yolunun və Rəşt-Astara dəmiryolunun tikintisi layihəsinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, Nəqliyyat, Rabitə və Yüksək Texologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov iştirak ediblər.

 

Azərbaycan.- 2019.- 8 mart.- S.5.