Azərbaycanın Baş naziri Macarıstanın xarici işlər və ticarət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

 

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 29-da ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfərlərini xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin strateji xarakter daşıdığını vurğuladı. Azərbaycan ilə Macarıstanın tarixi köklərə əsaslanan sıx münasibətlərinin olduğunu deyən Novruz Məmmədov ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyatın müxtəlif istiqamətlərində, energetika, turizm, kənd təsərrüfatı, İKT və humanitar sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırdı.

Baş nazir Macarıstanın Azərbaycan-Ermənistan münaqişəsində ölkəmizin ədalətli mövqeyini daim müdafiə etdiyinə görə minnətdarlığını bildirdi.

Novruz Məmmədov Peter Siyartonun Azərbaycana səfəri çərçivəsində bu gün Azərbaycan Dillər Universitetində açılacaq Macar Dili və Mədəniyyəti Mərkəzinin iki ölkə arasında humanitar əməkdaşlığa töhfə verəcəyini qeyd etdi.

Ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün kifayət qədər imkanların olduğunu vurğulayan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto dedi ki, Azərbaycana hər səfərində paytaxtımızda gördüyü inkişaf onda dərin təəssürat yaradır. Avropanın, o cümlədən Macarıstanın enerji mənbələrinin şaxələndirilməsinin vacibliyindən söz açan Peter Siyarto Cənub Qaz Dəhlizinin önəminə toxundubu layihənin reallaşdırılmasında Azərbaycanın rolunu yüksək qiymətləndirdi. Qonaq Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu ilə təmsil olunduğunu xatırladaraq, tarixi köklərlə bağlı olduğu türkdilli ölkələrlə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını dedi.

Görüşdə iqtisadi, energetika, investisiya qoyuluşu, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2019.- 30 mart.- S.2.