Həsrətə son...

 

Tədbir Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuşdur

 

Martın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqi zalında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Həsrətə son” adlı proqram təqdim olunub. Tədbir F.Şubertin "Qu quşunun nəğməsi” adlı vokal məcmuəsinin kontratenorun ifasında dünya premyerası ilə açılıb.

Belə ki, məcmuə dünyada kontratenorun ifasında ilk dəfə olaraq səsləndirilib. Kontratenor respublikanın ilk kontratenor səs tembrinə malik opera müğənnisi, əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov olmuş, fortepianoda isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Günel Bəkirova ifa etmişdir.

F.Şubertin "Qu quşunun nəğməsi” adlı vokal məcmuəsinin bəstələnmə tarixi bir çox maraqlı faktları özündə birləşdirir. Görkəmli Avstriya bəstəkarı F.Şubert çox qısa ömür sürmüşdür. Cəmi 31 il yaşamasına baxmayaraq, bir çox janrlarda əsərlər bəstələmişdir.

F.Şubertin "Qu quşunun nəğməsi” vokal məcmuəsinə 14 mahnı daxildir. Əsərlər bəstəkarın ölümündən bir neçə ay əvvəl bəstələnmişdir. F.Şubertin ölümündən sonra T.Haslinqer onu məcmuə şəklində birləşdirmişdir. Burada dramaturji prinsip əsasında mahnılar növbələşməmişdir. Mahnıları bir-birinə bağlayan səbəb yaranma tarixi və onların insanın daxili faciəsi ilə bağlı olmasıdır. Mahnılarda insanın elindən, obasından uzaqlaşması, çəkdiyi işgəncələr, vüsala yetməyən arzularından bəhs olunur.

Əsərlərin dramaturji xətti dərin və əzablı olduğu üçün 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmişdir. Həmvətənlərimizin xain yadellilər tərəfindən çəkdikləri işgəncə və əzabları "Qu quşunun nəğməsi” ilə dinləyicilər daha aydın hiss etdilər.

Kontratenor İlham Nəzərov qeyd edib ki, bir azərbaycanlı olaraq minlərlə kontratenor arasında bu əsərin ilk ifaçısı olmaq böyük fəxr və məsuliyyətdir.

Vokal məcmuə ifaçılıq baxımından musiqiçi qarşısında bir çox ifaçılıq çətinlikləri qoyur. Əsərin kontratenor üçün nəzərdə tutulmaması ifanı daha da mürəkkəbləşdirən məqamlardan biridir. Bu, ifaçıdan ustalıq və peşəkarlıq tələb edir. Konsertdə maraqlı məqamlardan biri də məcmuəyə daxil olan mahnıların bir mövzu əsasında birləşdirilməsi olub. Mahnıların sözlərini İ.Nəzərovun özünəməxsus şəkildə yüksək bədii zövqlə Azərbaycan dilinə tərcümə etməsi dinləyicilərin böyük marağına səbəb olub. Həmçinin tamaşaçıların konsert boyu tükənməyən diqqət və dəstəyində Səmray Əliyevanın da bədii qiraəti xüsusi rol oynayıb.

 

Azərbaycan.- 2019.-29 mart.- S.7.