Vəzifələri kosmik yüksəkliyə
qaldırarkən
Moskvada nəşr olunan "İnjenernaya qazeta”nın aprel nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Arif Paşayevin "Vəzifələri kosmik yüksəkliyə qaldırarkən” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi yolunu seçib və qeyri-neft seqmentinin möhkəmləndirilməsi ölkəmiz üçün prioritet olub. Azərbaycan Mühəndislik Akademiyası bunu nəzərə alaraq bütün qüvvələrini qeyri-neft sənayesinin inkişafına, aqrar sektorun sənayeləşməsinə və dirçəldilməsinə yönəldib. Akademiya ölkənin davamlı inkişafı strategiyasının işlənib hazırlanmasına və təkmilləşdirilməsinə xüsusi diqqət yetirir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Telekommunikasiya peyki orbitə çıxarılıb, hazırda bu peykin köməyi ilə 154-dən çox telekanalın və 30 radiostansiyanın verilişləri yayımlanır.
2018-ci ilin sentyabr ayında Azərbaycan Fransanın "Arianespace” şirkəti ilə birlikdə növbəti "Azerspace-2” peykini orbitə çıxarıb. Bu peyk artıq orbitdə olan "Azerspace-1” peykinin əhatə dairəsini genişləndirməklə bərabər, onun üçün ehtiyat rolu yerinə yetirir, bu da əhaliyə daha etibarlı xidmətlər göstərməyə imkan verir. Bu peykin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir. Mühəndislik Akademiyası bu proqramın həyata keçirilməsində fəal iştirak edir və kosmos üzrə şuraya rəhbərlik edir.
Neftlə çirklənmə parametrlərinin qiymətləndirilməsi üçün yüksək ayırdetmə qabiliyyətli "RADARSAT-2” kosmik radiolokasiya sistemindən istifadə edilməsi əsasında Xəzər dənizinin Azərbaycan sektoru akvatoriyasında neft sızmaları parametrlərinin aşkar edilməsi üzrə işlər davam etdirilir.
Akademiyanın Rəyasət Heyətinin qərarı ilə Milli Aviasiya Akademiyası bazasında müasir avadanlıq, cihazlar və alətlərlə təchiz olunmuş texnopark yaradılıb, bu texnopark tələbələrin və magistrlərin sərəncamına verilib.
2018-ci ildə energetika sahəsində
tarixi hadisələr baş verib. Belə hadisələrdən
biri "Azəri-Çıraq-Günəşli”
yatağına dair kontraktın müddətinin 2050-ci ilə qədər
uzadılmasıdır. Azərbaycan
Dövlət Neft Şirkəti - SOCAR digər tərəfdaşları
ilə birlikdə bu layihədə operator qismində
iştirak edir. Layihədə Azərbaycan
Mühəndislik Akademiyasının üzvləri də fəal
iştirak edirlər. Bu layihə neft
hasilatını hələ uzun illər ərzində sabit səviyyədə
saxlamağa imkan verəcək. "Cənub
qaz dəhlizi”nin, habelə TANAP və TAP qlobal layihələrinin
həyata keçirilməsi uğurla davam edir.
Marşrutların şaxələndirilməsi
və Böyük İpək yolu üzərində yerləşən
ölkələrlə iqtisadi əlaqələrin genişlənməsi
baxımından nəqliyyat müstəqilliyini, o cümlədən
Avropa qitəsinin müstəqilliyini təmin edən daha bir genişmiqyaslı
transregional layihə Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu layihə
bizə ən yaxın qonşu ölkələr arasında
münasibətləri dərinləşdirməyə və
möhkəmlətməyə kömək edəcək.
Bu layihənin sayəsində biz bir sıra
problemləri həll edə biləcəyik. Məsələn, Avropaya qatarla getmək
mümkün olacaq, iki günə İstanbula çata biləcəyik.
Bu layihə həyata keçiriləndən
sonra Pekindən Londona 12 günə çatmaq imkanı
yaranacaq. Mühəndislik Akademiyası
üzvlərinin də iştirak edəcəyi bu tarixi layihənin
reallaşdırılması Azərbaycanı beynəlxalq nəqliyyat
mərkəzlərindən birinə çevirəcək.
Bizim akademiyanın üzvləri "Şimal-Cənub
nəqliyyat dəhlizi”nin reallaşması sahəsində də
mühüm addımlar atırlar. Bu layihə
İran sərhədinə qədər dəmir yolunun
tikintisini təmin edəcək.
Son bir neçə ildə
Azərbaycan hökuməti ölkədə sürət
qatarları konsepsiyasını fəal şəkildə
reallaşdırır. Sovet dövründən miras qalmış
dəmir yolu infrastrukturu artıq dövrümüzün tələblərinə
cavab vermir və onun əsaslı şəkildə modernləşdirilməsinə
ehtiyac var. Sürətli marşrutun istifadəyə verilməsi
nəticəsində artıq Bakı ilə Sumqayıt
arasında əsas avtomobil magistralında avtomobillərin
axını, yollarda tıxacların sayı azalıb. Nisbətən qısa müddət ərzində
elektrik qatarından istifadə edən sərnişinlərin
sayı iki milyonu aşıb. Hər
gün 6 mindən çox insan bu elektrik qatarından istifadə
edir, bu isə o deməkdir ki, insanlar layiqli alternativin
üstünlüyünü və rahatlığını
düzgün qiymətləndiriblər.
Qəbələ son illərdə
Azərbaycanın inkişaf etmiş turizm mərkəzinə
çevrilib.
Bu istiqamətdə turist axını istər
qışda, istərsə də yayda azalmır. 2019-cu
ilin sonunda Bakının mərkəzindən Qəbələ
aeroportuna qədər dəmir yolu istifadəyə veriləndən
sonra bu məsafəni 2,5 saata qət etmək
mümkün olacaq. Bu marşrut üzrə hərəkət
edəcək, 367 sərnişin tutumu olan ikimərtəbəli
"Ştadler” dəmir yolu ekspreslərinin sürəti saatda
120-140 kilometrə çatacaq. "Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Bakı-Gəncə sürətli dəmir yolu marşrutu
yaradır. Bu layihəni 2019-cu ilin sonuna qədər
tamamlamaq planlaşdırılır. Bütün
bunlar logistika məsələsinin həllini
aktuallaşdırıb. Bu istiqamətə
turistlərlə yanaşı, yerli sakinlər də
üstünlük verir. Bütün bu
layihələrin reallaşdırılmasında Azərbaycan
Mühəndislik Akademiyasının üzvləri çox fəal
iştirak edirlər.
Yeni Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində
Hollandiyanın "Royal Haskoning” şirkəti ilə birlikdə
bərə terminalı da açılıb. Bizim
akademiyanın üzvləri bu layihədə də iştirak
ediblər. Limanın yükaşırma həcminin
ildə 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər
olması nəzərdə tutulur. Layihəyə
əsasən, limanda logistika mərkəzinin yaradılması
da böyük əhəmiyyət kəsb edir. Bu mərkəz Azərbaycanın Qərb ilə
Şərq arasında yükaşırma məntəqəsinə
çevrilməsinə imkan verəcək.
Sənaye innovasiya
texnologiyalarının tətbiq edilməsi sahəsində
akademiyada ayrı-ayrı birlik və müəssisələrin
sifarişi ilə praktika üçün əhəmiyyətli
məsələlər yerinə yetirilir. Məsələn,
"Aqreqat” İstehsal Birliyinin sifarişi ilə gücü
2000 vatta qədər olan aviasiya qızdırıcıları
üçün termostabilizasiya və qəza ayırma
qurğusu yaradılıb. Azərbaycan Mühəndislik
Akademiyası çərçivəsində "İqlim”
Elm-İstehsal Müəssisəsinin sifarişi ilə
çoxdamarlı sıxacların avtomatik yoxlanması və
elektromontaj sınaqları üçün daha mükəmməl
qurğunun yaradılması başa çatdırılıb.
Suyun ilkin tərkibi mürəkkəb
və çox çirkli olduğu yaşayış məntəqələri
üçün içməli suyun təmizlənməsi
üzrə modul qurğusunun yeni avtomatik idarəetmə
blokunun yaradılması da davam etdirilir. Bu qurğu
modulun işini məsafədən simsiz müşahidə və
idarə etməyə imkan verəcək.
Akademiyanın alim və mühəndisləri
neft-kimya texnologiyaları sahəsində neft-qaz mədənlərinin
tərkibində kükürd-hidrat və karbon qazı olan lay sularında metalın qorunması
üçün korroziya ingibitorları yaradıblar. Bu ingibitorların yaradılması zamanı neft-kimya
sintezi üçün xammal mənbələri qismində təbii
və sintetik üzvi turşulardan istifadə edilib.
Akademiyada ozonlaşdırma
texnologiyası və xüsusi təyinatlı müvafiq
avadanlıq yaradılıb. Bu avadanlıqdan aviasiyada,
təbabətdə, kənd təsərrüfatında və
ölkə iqtisadiyyatının digər sahələrində
istifadə edilir.
Aqrosənaye sektorunda ölkənin ərzaq
təhlükəsizliyinin təmin edilməsi məqsədilə
kənd təsərrüfatının inkişafı sahəsində
quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinin
yetişdirilməsi, düzənlik və dağətəyi
quraqlıq zonalarda və Azərbaycan Respublikasının
eniş-yoxuşlu torpaqlarında eroziyaya qarşı
mübarizə və sudan istifadə
proqramlarını xüsusi qeyd etmək lazımdır. Azərbaycan bu istiqamətdə Rusiya Federasiyası ilə
birlikdə kənd təsərrüfatının
inkişafına dair dövlətlərarası proqram
hazırlayır. Bizim akademiya N.İ.Vavilovun genetik
resurslara aid elmi irsinin inkişaf etdirilməsi üzrə birgə
iş aparır.
Toxumların səpin keyfiyyətini
yüksəltmək məqsədilə biz morfoloji göstərici
əsasında ozonlu mühitdə kənd təsərrüfatı
bitkiləri toxumlarının səpinqabağı
stimullaşdırılmasının səmərəli
dozasını müəyyən etmək metodunu təklif
etmişik və toxumun sortundan asılı olaraq avtomatik idarə
edilən doza hesablayan qurğunun eksperimental nümunəsini
yaratmışıq.
2018-ci ilin iyun ayında
Bakıda Dünya Əqli Mülkiyyət Təşkilatı və
Avrasiya Patent Təşkilatı tərəfindən
"Əqli mülkiyyətin innovasiyalı iqtisadiyyata töhfəsi”
mövzusunda beynəlxalq konfrans keçirilib. Bizim
akademiyanın həmin konfransa təqdim etdiyi işlər
müsbət qiymətləndirilib.
Beynəlxalq əməkdaşlıq
sahəsində bizim akademiya bir sıra milli və beynəlxalq
akademiyalar və mühəndis cəmiyyətləri ilə əlaqələri
və səmərəli əməkdaşlığı
nizamlamağa səy göstərir. Azərbaycan Mühəndislik
Akademiyası Beynəlxalq Mühəndislik Akademiyası ilə
birlikdə Sloveniya, Belarus, Gürcüstan və
Qırğızıstanın mühəndis akademiyaları ilə
üçtərəfli müqavilələr imzalayıb.
İslam Ölkələri
Mühəndislik İnstitutları Federasiyasının
(İÖMİF) tərkib hissəsi kimi biz Azərbaycan
Mühəndislik Akademiyası ilə İÖMİF və
onun üzvləri arasında əməkdaşlığı
genişləndiririk.
Bizim akademiyanın üzvləri il ərzində 4 konfrans, çoxsaylı dəyirmi
masalar, seminarlar və ustad dərsləri təşkil edib, bir
sıra konqreslərdə, beynəlxalq və regional elmi
forumlarda, simpozium və konfranslarda iştirak ediblər.
Üzərində iş gedən
bütün layihələrə ölkənin aparıcı
elmi potensialı, o cümlədən Milli Elmlər Akademiyası,
aparıcı ali məktəblər və
onların intellektual-innovasiyalı klasteri, Azərbaycan Mühəndislik
Akademiyasının da aid olduğu elmi mərkəzlər və
təşkilatlar cəlb edilir.
Bizim mühəndislər
birliyinin fikrincə, təhsildə əsas resurs məhz
istedadlı və hazırlıqlı insanlar olmalıdır.
Milli Aviasiya Akademiyasında hər il aviakosmik problemlərin həllində gənclərin
kreativ potensialının üzə
çıxarılmasına və inkişaf etdirilməsinə
həsr olunmuş "Fevral mütaliələri”
keçirilir. Bu mütaliələrin təşkilatçıları
Təhsil Nazirliyi, "Azərbaycan Hava Yolları” QSC (AZAL),
Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik
Akademiyası və "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətidir.
"Fevral mütaliələri-2018” çərçivəsində
"Aviakosmik problemlərin həllində gənclərin
yaradıcı potensialı” mövzusunda III Beynəlxalq
elmi-praktiki gənclər konfransı keçirilib. Konfransın işində Rusiya, ABŞ, İngiltərə
və Qazaxıstandan gəlmiş xarici qonaqlar iştirak ediblər.
Gənclər arasında riyaziyyat və fizika,
müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində
aparıcı mütəxəssislərin ustad dərsləri,
"dəyirmi masa”lar keçirilir.
Ötən il bizim akademiyanın üzvləri onlarca kitab, monoqrafiya, o cümlədən "Aviasiya materialşünaslığı”, "Mezomexanika və plastiklik fizikası”, "Synergetics and Fractals in Tribology”, "Materiallar müqaviməti” adlı kitablar, "Mühəndislik fəlsəfəsi” traktatı və bir sıra başqa əsərlər nəşr ediblər. Ümumilikdə 60-a yaxın elmi məqalə dərc edilib, 5 patent, o cümlədən Avrasiya patenti alınıb. Akademiyanın üzvləri, o cümlədən xarici alimlər mühəndis cəmiyyətinin inkişafına verdikləri böyük töhfəyə görə Mühəndislik Akademiyasının beş qızıl "Mühəndis rəşadəti” medalı ilə təltif ediliblər. Akademiyanın üç üzvü mühəndislik tədqiqatlarının tətbiqinə görə üç nominasiya üzrə akademiyanın "İlin mühəndisi” fəxri adına layiq görülüb, onlara diplom və xatirə medalları təqdim edilib. Akademiya üzvlərinin xidmətləri dövlət, hökumət və ictimai təşkilatlar tərəfindən qeyd edilib: akademiyanın 6 üzvü orden və medallarla təltif edilib, 1 nəfər əməkdar mühəndis, 2 nəfər əməkdar müəllim fəxri adlarına layiq görülüb, 3 nəfərə "İlin mühəndisi” fəxri adının diplomları və xatirə medalları təqdim edilib.
Akademiyanın elmi orqanı - "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” adlı beynəlxalq elmi-texniki jurnal 10 il ərzində Azərbaycanın və xarici ölkələrin elmi həyatında fəal iştirak edir. Jurnal bütün dünya alimlərinin araşdırdığı problemlərin vəziyyətinə böyük əhəmiyyət verir. "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalı internet şəbəkəsində inteqrasiya edilmiş elmi resursun hüquqi sahibidir. Buraya Rusiya Elmi Sitatgətirmə İndeksi (RESİ) daxildir. Bu indeksin əmsalı jurnalın reytinqini müəyyən edir.
2018-ci il bir sıra yeni layihələrin iştirakçısı kimi Azərbaycan Mühəndislik Akademiyası üçün səmərəli il, iqtisadi artımın bərpası, iri infrastruktur layihələrinin reallaşdırılması, genişmiqyaslı regional və beynəlxalq sammitlərin keçirilməsi ili olub.
Arif PAŞAYEV,
Azərbaycan Mühəndislik Akademiyasının
prezidenti, akademik
Azərbaycan.-
2019.-1 may.- S.7.