Xeyirxahlıq missiyası

 

Bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı sağlam əqidəli, xalqa və dövlətə sədaqətli xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlı olub. Bu gün də belədir. Onlar ona görə cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilirlər ki, öz üzərlərinə düşən sosial, siyasi, eləcə də mədəni məsuliyyəti doğru-düzgün dəyərləndirir, bunun nəticəsində isə xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar.

İnsanlara mənəvi saflıq, düzgünlük və ədalət nümunəsi göstərmək, yaxşılıq etmək və yardımçı olmaq kimi fundamental bəşəri dəyərlərin təbliğində istisnasız xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva haqqında söz düşəndə mütləq şəkildə onun xalqın sevimlisi, əzizi olduğu dilə gətirilir.

Məhz bu kimi xeyirxahlığı, humanizmi əməli fəaliyyətində göstərdiyi üçün Mehriban xanım Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib.

Bu gün də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva özünün humanizm siyasəti ilə fəaliyyətini davam etdirir və ölkənin ən həssas təbəqəsi sayılan, sosial problemlərlə baş-başa qalan məcburi köçkünlərin yanında, onların qayğılarını çəkməkdə, problemlərinin həllinə dəstək olmaqdadır.

Aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakı şəhərində, Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan "Qobu Park” yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərlə görüşündə də bütün bu xeyirxahlıq missiyası özünü təsdiqlədi.

Xatırladaq ki, 1993-cü ildən işğal altında olan rayonlardan məcburi köçkünlərin məskunlaşdığı 4 saylı yataqxanada 150-dən çox ailə yaşayır. Onlar dövlətin göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirir, bu dəstəyi hər zaman hiss etdiklərini söylədilər.

Mehriban xanım Əliyeva illərdir yataqxana həyatı keçirən məcburi köçkün ailələrə baş çəkərkən bir daha həssaslıq göstərərək onlara bundan sonra da diqqət və qayğı ilə yanaşılacağını, tezliklə mənzil şəraiti ilə təmin olunacaqlarını bildirdi: "Mən bilirəm ki, siz yararsız binalarda çətin vəziyyətdə yaşayırsınız. İnanın mənə, tapşırığımla yeni yol xəritəsi hazırlanır. Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində 6 min mənzil təhvil veriləcək. İnanın, mənim güc mənbəyim sizsiniz. Mən hər zaman sizin yanınızdayam. Bu, mənim borcumdur”.

Birinci vitse-prezident yataqxananın yerləşdiyi ərazidə Zəngilan rayon 20 saylı orta məktəbdə də oldu. Mehriban xanım 131 şagirdin təhsil aldığı məktəbdə müəllimlərlə görüşdü. Ölkəmizin birinci xanımı o gün Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan "Qobu Park” yaşayış kompleksinə də gəlib qəsəbə sakinlərinin vəziyyəti ilə maraqlandı, müraciətlərini dinlədi və onların həlli istiqamətində tapşırıqlarını verdi.

Xatırlatdı ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri 103 yeni qəsəbə və şəhərciyin salınmasıdır. Burada da ümumilikdə 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunub: "...Şəhərcik təkcə evlərdən ibarət deyil, onu yaratmaq üçün infrastruktur - məktəblər, bağçalar tikilib, su, qaz, işıq xətləri çəkilib, asfalt yollar salınıb. Amma hələ ki, ağır vəziyyətdə yaşayan insanlarımız var və onların həyatının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik. İnşallah, Qarabağ problemiöz həllini gərək sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tapsın, soydaşlarımız doğma torpaqlarına qayıtsın. Hələ ki, bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə, işlə təmin etmək Azərbaycan dövlətinin ən əsas vəzifəsidir. İnanın ki, bu sahədə bütün lazımlı işlər, addımlar atılır... Gözəl, yaxşı, müsbət dinamika var”.

Azərbaycanın Birinci vitse-prezidenti xüsusi olaraq vurğuladı ki, onun fəaliyyətində ən vacib, ən mühüm güc mənbəyi xüsusən məcburi köçkünlərlə ünsiyyətdə olmaqdır: "...Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram. Mənim üçün böyük şərəfdir ki, insanlar mənə dəstək verir, məni sevir, mənə inanır. Sizi əmin etmək istəyirəm ki, mən sizin etimadınızı doğruldacağam”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın xoşməramlı fəaliyyətində mühüm yerlərdən birini də torpaqlarımız uğrunda canından keçən əsgər və zabitlərimizin şərəfini daim uca tutması, onların ailəsinin dövlət qayğısı ilə hərtərəfli əhatə olunmasıdır. Bu yolda sağlamlığını itirmiş vətən oğulları da diqqətdən kənarda qalmayıb. Üç il bundan əvvəl Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu günlərdə yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşərək, onlarla səmimi söhbət etdi.

Söhbət zamanı Birinci vitse-prezident vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğuladı: "Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.

Mehriban xanım Əliyeva hələ Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmazdan illər öncə də xeyirxahlıq missiyası ilə insanlarda özünə dərin rəğbət qazanıb. Həmin insanların sosial mənşəyi, siyasi baxışları və dünyagörüşləri də fərqli, rəngarəng olub. Onların arasında yurdu təcavüzkar Ermənistan tərəfindən darmadağın edilmiş bir milyondan artıq qaçqın və məcburi köçkünün olması da təbiidir. Axı, bu insanlar daha çox sosial yardıma, mənəvi dəstəyə ehtiyacı olanlardır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.-1 may.- S.1; 6.