Forum çərçivəsində keçirilən növbəti sessiya turizmin inkişaf perspektivlərinə həsr olunub

 

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Turizmdə innovativ təşəbbüslərin sosial inteqrasiya və müxtəlifliyi təşviq etməsi” mövzusunda növbəti sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru olan BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter hər zaman aktuallığı ilə seçilən turizm mövzusuna həsr edilən sessiyanın əhəmiyyətini vurğulayıb. O, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

"New Dawn Associatesin baş direktoru Annonsiata Batamuriza Ruandada 1994-cü ildə baş verən soyqırımından ölkəsinin böyük zərər gördüyünü, turizmin tamamilə məhv olduğunu diqqətə çatdırıb. Bildirib ki, buna baxmayaraq, ölkəsi inkişaf edə və ümumi daxili məhsulun həcmini artıra bilib, turizmin inkişafı istiqamətində bir sıra addımlar atılıb. Ruandada qadınların rolundan, gender bərabərliyindən danışan A.Batamuriza ölkəsində bu gün qadın sahibkarların sayının artdığını və onların bir sıra innovativ layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyini diqqətə çatdırıb. O deyib ki, turizmin inkişafı üçün qanunlar qəbul olunmalı və işlək vəziyyətə gətirilməlidir.

Livan Dağ Yolları Assosiasiyasının icraçı direktoru Martin Btaiçö ölkəsinin turizmi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ölkəsinin landşaftının təxminən 70 faizini dağlıq ərazi təşkil edir. "Livanda 2006-cı ildə turizmin inkişafı ilə bağlı yeni bir layihəyə başlanıldı. Ölkənin şimalından cənubunadək uzanan 470 kilometrlik yol 76 şəhərdən keçir. Bu yolla hərəkət edərkən fərqli adətləri, mətbəxi, eləcə də tarixi abidələri görürsünüz. Turistləri cəlb etmək üçün biz, həmçinin yerli icmalarla işləyirik”, - deyə icraçı direktor qeyd edib.

Qaçqın Ərzaq Festivalının həmtəsisçisi Luis Martin Azərbaycanda ilk dəfə olduğunu qeyd edərək dünyada baş verən iğtişaşlar zamanı öz yurdlarından didərgin düşmüş insanların milli mətbəx nümunələrindən söhbət açıb. Bildirib ki, 2016-cı ildən dünyanın bir sıra ölkələrində sosial layihə olan Qaçqın Ərzaq Festivalı təşkil ediblər. Burada məqsəd müxtəlif xalqların milli mətbəx nümunələri ilə tanış olmaqbu təamların insanları necə birləşdirə bilməsi ilə bağlı suala cavab tapmaqdır.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya departamentinin rəhbəri Məhəmməd Muradov ölkəmizdə turizmin inkişafı ilə bağlı görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Vurğulayıb ki, son illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Bunun nəticəsində ötən il Azərbaycana dünyanın müxtəlif ölkələrindən 2,8 milyondan çox turist gəlib. Daha sonra ölkəmizin turistik məkanları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Diqqətə çatdırıb ki, Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddurbu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir.

 

Azərbaycan.- 2019.-3 may.- S.8.