Azərbaycanın xarici işlər naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

 

Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpur ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını məmnunluqla qeyd edən Hadi Süleymanpur Forumun önəmli mövzuya həsr edildiyini bildirib, tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan tərəfini təbrik edib.

Baş katib ECO çərçivəsində həyata keçirilən islahatlar və gələcək layihələr barədə Azərbaycan tərəfini məlumatlandırıb.

Öz növbəsində, nazir Elmar Məmmədyarov ECO məkanında həyata keçirilən regional iqtisadi layihələrin tərəfimizdən dəstəkləndiyini bildirib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdən danışan nazir ECO-ya üzv dövlətlərin bu layihələrdən faydalanması imkanlarından bəhs edib.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiyakommunikasiya texnologiyaları, nəqliyyat, logistika, bağlılıq və digər sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.

 

Azərbaycan.- 2019.-3 may.- S.9.