İstanbulda Çamlıca məscid kompleksinin rəsmi açılış mərasimi olub

 

Mayın 3-də İstanbulda 2013-cü il martın 19-da inşasına başlanılan Çamlıca məscid kompleksinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, eyni vaxtda 65 min dindarın ibadət edə biləcəyi, Türkiyənin ən böyük məscidi olan Çamlıcanın cümə namazından sonra rəsmi açılışı olub.

Yerlixarici dövlət xadimlərinin qatıldığı açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov iştirak edib.

İstanbulun yeni rəmzi olan kompleksdə məscidlə yanaşı, 11 min kvadratmetrlik muzey, 3 min 500 kvadratmetrlik sənət qalereyası, səkkiz sənət atelyesi, 3 min kvadratmetrlik kitabxana, min nəfərlik konfrans salonu da var.

Altıminarəli məscidin Malazgirt zəfəri şərəfinə ucaldılan dörd minarəsinin hündürlüyü 107,1 metr, digər ikisinin ki, isə 90 metrdir. Məscidə xüsusi hazırlanmış 17 min kvadratmetrlik xalı döşənib. Məscidin 5 metr eni, 6,5 metr hündürlüyü və 6 ton ağırlığı olan əsas qapısı türk taxta-əl işi sənətinin ən gözəl nümunələrindən biri hesab edilir.

 

Azərbaycan.- 2019.- 4 may.- S.2.