Forum çərçivəsində bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi mövzusunda müzakirələr aparılıb

 

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyalardan biri də "Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi üçün daha böyük mənəvi yaxınlaşma istiqamətində irəliləyək” mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, sessiyaya moderatorluq edən İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru İdris Cəzairi qeyd edib ki, bərabər vətəndaşlıq hüquqları aktuallıq kəsb edir. BMT-nin Baş katibi bu məsələyə xüsusi diqqət yetirir.

Sessiyada çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, ölkəmizdə dinindən və irqindən asılı olmayaraq hər kəsin hüquqları bərabər qorunur. Azərbaycanda hüquqla yanaşı, insanların haqları mənəvi baxımdan da qorunur. 2017-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycanda yaşayan bütün dinlərin və millətlərin mənəviyyatlarının qorunması, o cümlədən təbliği üçün nəzərdə tutulub.

Anna Lind Fondunun icraçı direktoru səfir Nabil Əl-Şərif bildirib ki, rəhbərlik etdiyi qurum 2005-ci ildən fəaliyyət göstərir. Fondun 42 ölkəni əhatə etdiyini deyən Nabil Əl-Şərif qeyd edib ki, qurum 2500 vətəndaş cəmiyyəti təşkilatı ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

İcraçı direktor deyib ki, bəzən dini zəmində münaqişələr mətbuatda insanların fikirləri düzgün verilmədiyi üçün yaranır. Lakin fondun keçirdiyi sorğulardan məlum olur ki, insanlar bir-birilərinə qarşı müsbət fikirdədirlər. Fondun əsas fəaliyyət prinsiplərindən birinin də gənclərlə işləmək olduğunu deyən səfir əlavə edib ki, gənclər ekstremist qüvvələrin təsirinə daha tez düşür. Bu səbəbdən onların qorunmasına daha çox ehtiyac var.

Siyasət, Vəkillik və İdarəetmə İnstitutunun sədri Syed Munir Khasru qeyd edib ki, bəzi dövlətlər bərabərlik məsələsində tədbirləri gücləndirib. Həmin dövlətlər miqrantlara, azlıqlara qarşı dəstəklərini artırıblar. Lakin dünyanın böyük dövlətləri bəzən bu bərabərliyi pozur.

Syed Munir Khasru bildirib ki, dünyada belə bir fikir var ki, guya müsəlman ölkələrində bərabərliklə bağlı görülmür. Azərbaycanın nümunəsi bu cür fikirlərin tamamilə yalan olduğunu sübut edir. Bu ölkədə fərqli dinlərin və mədəniyyətlərin nümayəndələri sərbəst yaşayırlar.

BMT-nin dininkişaf üzrə müəssisələrarası işçi qrupunun koordinatoru və Əhali Fondunun baş məsləhətçisi Azza Kərəm bildirib ki, Azərbaycan hökuməti bu cür önəmli məsələlərin müzakirəsi üçün geniş dialoq platforması yaradıb. Müzakirəsi aparılan məsələlərin əksəriyyəti bu gün dünyanı narahat edən problemlərdir. Bəzi ölkələrdə nəinki vətəndaşlıq bərabərliyi problemi var, həmin ölkələrdə insanların hüquqları belə yoxdur. Ona görə də bu məsələnin müzakirəsi olduqca təqdirəlayiqdir.

Dünya Kilsələr Şurasının Dinlərarası dialoq üzrə proqram icraçısı Peniel Rackumar qeyd edib ki, dünyada geniş yayılan ksenofobiyaterrora qarşı birgə mübarizəni gücləndirmək lazımdır. Bu problemin kökündə qeyri-bərabərlik durur. Bu sahədə dialoqun təşkili siyasətçilərlə yanaşı, dini icmaların da üzərinə məsuliyyət qoyur.

Peniel Rackumar bildirib ki, fərqli dinlərdən olan insanların fikirləri bəzən təhrif olunur, bu da münaqişələrin yaranmasına yol açır.

Sessiya müzakirələrlə davam edib.

 

Azərbaycan.- 2019.-4 may.- S.7.