Forumun üçüncü plenar sessiyası “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzusunda olub

 

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə keçirilən üçüncü plenar sessiya "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru Koventri Universitetinin Sülh, EtimadSosial Münasibətlər Mərkəzinin direktoru, professor Maykl Hardi müasir dövrdə miqrasiyanın qlobal miqyaslı prosesə çevrildiyini vurğulayıb. O qeyd edib ki, miqrantlar və mühacirlər köç etdikləri cəmiyyətlərə yeni ideya və düşüncələrin daşıyıcıları olmaları baxımından müsbət bir funksiya həyata keçirirlər. Buna görə də mədəniyyətlərarası dialoq prosesində miqrasiya müsbət bir tendensiya kimi də nəzərdən keçirilməlidir.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən Monteneqronun daxili işlər naziri Mevludin Nuhodziç ölkəsində miqrasiya proseslərinin nizamlanması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Monteneqro bu prosesləri təkcə siyasiiqtisadi baxımdan deyil, sosial münasibətlər kontekstində də nəzərdən keçirməyə çalışır. Biz miqrasiya proseslərində əsas diqqəti təhlükəsizliyin təmin olunması ilə yanaşı, insan hüquqlarının qorunmasına yönəldirik. Bu məqsədlə ölkədə bütün insanların, o cümlədən əcnəbilərin hüquqlarının müdafiəsini nəzərdə tutan qanun qəbul olunub. Bu, Monteneqronun inklüziv cəmiyyətin qurulması istiqamətində qəti niyyətini əks etdirir. Bu addım, eyni zamanda, Monteneqroda tarixən mövcud olmuş tolerantlıq ənənələrinin göstəricisidir. Təcrübəmiz göstərir ki, tələbələr və gənclər yerli əhali ilə miqrantlar arasında ən səmərəli körpü rolunu oynayır. Bu da gənclərin miqrasiya proseslərinin nizamlanmasında rolunu artırır.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov miqrasiyanın müasir dövrdə ən çox müzakirə edilən aktual məsələlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, hazırda dünyada heç vaxt olmadığı qədər miqrant və qaçqın var. Münaqişələrin artması, inkişaf meyilləri miqrasiya proseslərinin aktuallığını daha da artırır. Miqrasiya fərqli ideyaların, müxtəlif mədəniyyətlərin nümunələrinin yeni cəmiyyətlərə gətirilməsi baxımından müsbət funksiya yerinə yetirir.

Müxtəlif siyasi dairələrdə miqrasiyaya aid fərqli yanaşmaların olduğunu deyən V.Hüseynov bildirib ki, miqrasiya prosesinin tənzimlənməsi üzrə nəzərdə tutulan ehtiyatların əksər hissəsi çox vaxt əsasən hüquq-mühafizə orqanlarına, qeyri-leqal miqrasiyaya ayrıldığı üçün bu sahədə işlərin tənzimlənməsində maneələr yaranır.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin işğal olunduğunu, yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini deyən V.Hüseynov vurğulayıb ki, Azərbaycan adambaşına düşən qaçqın və məcburi köçkünün sayına görə dünyada birincidir. Nüfuzlu mötəbər təşkilatlar bu münaqişənin həlli, doğma yurdlarından didərgin düşmüş insanların geri qayıtması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, bu sənədlərin tələbləri yerinə yetirilmir.

Azərbaycanın miqrasiya sahəsində bütün beynəlxalq konvensiyalara qoşulduğunu, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilikinstitusional bazanın yaradıldığını vurğulayan Xidmət rəisi edib ki, respublikamızda miqrantlar üçün çox gözəl şərait yaradılıb. Miqrantlar Azərbaycanın daimi məskunlaşmaq üçün əlverişli məkan olduğunu qeyd edirlər. Miqrasiyanın transsərhəd problemi olduğunu deyən Xidmət rəisi mühüm məsələlərin müzakirə olunduğu Forumun bu sahədə çətinliklərin həllinə böyük töhfə verəcəyinə əminliyini bildirib.

İtaliya parlamentinin üzvü Maurizio Lupi bildirib ki, qlobal miqyas alan miqrasiya prosesini təkcə bir ölkə idarə edə bilməz. Miqrasiya prosesində təyinat ölkələrini narahat edən məsələ öz qapılarını kimin üzünə açdıqlarını bilməmələridir. Buna görə də təyinat ölkələri, o cümlədən Avropa dövlətləri bu prosesdə son dərəcə ehtiyatlı davranırlar. Lakin unutmaq olmaz ki, miqrasiyaya problem yaradan deyil, bütünləşdirici amil kimi baxmalıyıq.

Türkiyənin Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin prezidenti, professor Akkan Suver qardaş ölkədə miqrasiya sahəsində görülən işlərdən danışıb. Müasir dünyada münaqişələrin və böhranların tarixdə əvvəllər olmadığı qədər qaçqın və miqrant böhranına səbəb olduğunu vurğulayan A.Suver deyib ki, bu gün dünyada ən çox qaçqın qəbul edən ölkə Türkiyədir. Rəsmi məlumatlara əsasən, Türkiyə 3 milyon suriyalı ilə yanaşı, digər ölkələrdən də 400 min insan qəbul edib. Ölkəsində qaçqınların sayının yerli əhalinin sayı ilə bərabər olduğu vilayətlərdə sosial problemlərin gələcəkdə ciddi böhranlara səbəb ola biləcəyini vurğulayan A.Suver bu baxımdan Qərb dövlətlərinin Türkiyə qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, miqrantların yeni cəmiyyətlərə uyğunlaşmağa müqavimət göstərmələri ksenofobiya hallarının artmasına səbəb olur. Bu isə gələcəkdə daha ciddi problemlər yaradacaq.

A.Suver bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Dünya ictimaiyyəti bu ədalətsizliyə qəti fikir bildirməlidir.

Afrika Miqrasiyaİnkişaf Siyasəti Mərkəzində Tədqiqat və Məlumat Mərkəzinin direktoru xanım Linda Ouço miqrasiyanın davamlı və fasiləsiz problem olduğunu diqqətə çatdırıb. Bildirib ki, miqrasiyanın əsas səbəbi siyasi proseslərdir. Miqrasiyanın müsbət tərəflərini də vurğulayan L.Ouça ölkəsi Keniyada qaçqınların qəbulu və onların hüquqlarının təminatı sahəsində görülən işlərdən danışıb. Bildirib ki, miqrasiya inkişaf üçün zəruri amildir. Bu baxımdan miqrantların bilik və bacarıqlarından, onların imkanlarından, yeni ideya və təşəbbüslərindən nə dərəcədə istifadə olunması mühüm əhəmiyyət daşıyır.

Koventri Universitetinin Cənub-Cənub Miqrasiya, Bərabərsizlik və İnkişaf Qlobal layihəsinin rəhbəri xanım Heven Kroli miqrasiyanın müsbət tərəflərindən bəhs edib. Miqrasiyanın bir sıra iqtisadisosial imkanlar yaratdığını qeyd edən H.Kroli deyib ki, 1970-ci illərdə miqrasiya əsasən orta gəlirli ölkələrdən inkişaf etmiş ölkələrə istiqamətlənmişdi. Nəticədə bu, böyük investisiya axını ilə nəticələnmişdi. Lakin müasir dövrdə miqrasiyaya təsir edən amillər və ona yanaşmalar əhəmiyyətli dərəcədə dəyişib. Bu, müxtəlif regionlarda özünü fərqli şəkildə büruzə verir. Avropa ölkələri miqrantlarla bağlı daha çox narahatlıq keçirirlər. Miqrasiyanın inkişafına ölkələr arasındakı bərabərsizliklərin və siyasi münaqişələrin daha çox təsir etdiyini deyən H.Kroli bildirib ki, bu prosesin qarşısını almaq üçün sosial bərabərsizliklər aradan qaldırılmalı, hər kəs üçün bərabər imkanlar yaradılmalı, beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.

Daxili Yerdəyişmənin Monitorinqi Mərkəzinin direktoru xanım Aleksandra Bilak çıxışında hazırda dünyada 65 miqrantın olduğunu bildirib. Qeyd edib ki, onların 25 milyonu qaçqınlardır. Münaqişələrlə yanaşı, təbii fəlakətlərin də miqrasiya proseslərinə mühüm təkan verdiyini deyən A.Bilak bildirib ki, hər il orta hesabla 25 min insan təbii fəlakətlər nəticəsində yaşayış yerlərini dəyişir.

Bundan başqa, münaqişələr nəticəsində doğma yerlərindən didərgin düşən insanlar uzun müddət öz yurdlarına qayıda bilmirlər. Məsələn, Azərbaycanda 27 ildir məcburi köçkünlər doğma yurdlarına qayıda bilmirlər. Bu, onu göstərir ki, münaqişələrin nəticəsində yaranan miqrasiyanın təsirləri daha qalıcıdır. Buna görə də miqrasiyanın tənzimlənməsi və onun ağır nəticələrinin aradan qaldırılması üçün əməkdaşlıq gücləndirilməli, mütəmadi müzakirələr aparılmalıdır. Məhz bu baxımdan Bakı Forumu mühüm bir missiyanı yerinə yetirir.

Çıxışlardan sonra sessiya iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.

 

Azərbaycan.- 2019.-4 may.- S.8.