Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunan konfrans keçirilib

 

Mayın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad ediblər.

Sonra “Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı ziyarət olunub.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov konfransda çıxış edərək bildirib ki, bu gün Azərbaycan mətbuatı kifayət qədər inkişaf edən realist, müstəqil, hadisələrə milli maraqlardan baxmağa qadir olan mətbuatdır. O, Azərbaycan mətbuatının dünyanın inkişaf edən mediasının tərkib hissəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda baş verən hadisələr buya digər yolla - istər media, istərsə də sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılır. Bu gün Azərbaycanda 3 milyon insan sosial şəbəkələrdən istifadə edir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycanda söz və mətbuat azadlığı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün söz azadlığının hüdudları o qədər genişdir ki, bu, medianın inkişafı deməkdir. Bu günün jurnalistləri çox xoşbəxtdirlər ki, belə azad şəraiti olan mətbuat orqanlarında çalışırlar. H.Babaoğlu vurğulayıb ki, milli mətbuatımız bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib ki, bu gün informasiya bolluğu şəraitində yalanla həqiqəti ayırd etmək çətin olur. Bu isə qlobal dünyada müəyyən mənfi hallara yol açır. Buna görə də informasiya seçimində diqqətli olmaq lazımdır.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, İdarə Heyətinin üzvü, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Şura sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu və başqaları çıxış edərək Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Konfrans müzakirələrlə davam edib.

 

Azərbaycan.- 2019.- 4 may.- S.11.