Hər ilməsi bir çiçəkdir

 

5 may Xalçaçı Günüdür

 

Mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun uğurla reallaşdırdığı möhtəşəm missiya bu torpağa, bu xalqa, Azərbaycana bağlı hər kəsin könlündə bir məmnunluq yaradır. Qədim xalçaçılıq sənətinin müasir dövrün xüsusiyyətlərinə uyğun bir yaradıcılıqla yaşadılması da Heydər Əliyev Fondunun fəaliyyətində mühüm istiqamətlərdən biridir. Əsrarəngiz Azərbaycan təbiətinin gözəlliklərini, qədim el adətlərini, döyüş səhnələrini özündə əks etdirən milli xalçalarımız bu gün dünyanın ən möhtəşəm muzeylərini bəzəyir.

Azərbaycan xalçaçılıq sənətinin dünya şöhrəti qazanmasında Qarabağ məktəbinin də rolu böyükdür. Qarabağda toxunan xalçalar nəfis çeşniləri, milli kaloriti ilə seçilir, sənətsevərləri heyran edir.

Hankor qonşularımızın mənfur işğalçılıq siyasəti Qarabağ xalçalarını da məcburi köçkün həyatı yaşamağa məhkum etdi. Ağdam Ermənistan silahlı qüvvələri tərəfindən odlara qalanıb viran qoyulandan sonra doğma yuvasından didərgin salınan rayon əhalisi respublikanın bölgələrinə səpələndilər. Ağdam xalça kombinatı isə fəaliyyətini Bərdədə davam etdirməli oldu. Dövlətin qayğısı ilə Ağdam rayonu ərazisində hər cür infrastruktura malik çox sayda yeni yaşayış qəsəbələri salındı. Ölkənin ayrı-ayrı bölgələrində yük vaqonlarında, çadırlarda, qarğı-qamışdan tikilmiş komalarda məskunlaşan ağdamlılar mərhələ-mərhələ doğma rayona köçürülüb rahat mənzillərə qovuşdular. Keçən il növbə Ağdam xalça kombinatına da çatdı. Quzanlı qəsəbəsində "Azərxalça” ASC-nin Ağdam filialının açılış mərasimində Prezident İlham Əliyev və Birinici vitse-prezident Mehriban xanım Əliyeva da iştirak etdilər. Bu, Qarabağ xalçaçılıq sənətinin inkişafında yeni dövrün başlanması idi.

Bu günlərdə "Azərxalça” ASC-nin Ağdam filialında olduq. Emalatxana rəisi Ceyran Əliyeva xalçaçılıq sənətinin inkişafına dövlət qayğısından, yaradılan nümunəvi şəraitdən minnətdarlıqla danışdı:

- Xalçaçılıq müdrik nənələrimizin iti zəkası, mahir əlləriylə yaradılmış milli sənətimizdir. Məkrli ermənilər talan etdikləri Qarabağ xalçalarını bəzən dünyaya erməni sənətkarlığının nümunələri kimi təqdim edirlər. Ancaq unudurlar ki, Qarabağ xalçalarını ancaq qarabağlılar toxuya bilərlər. Uzun bir fasilə olsa da, şükür ki, Ağdamın xalçaçı qız-gəlinləri yenidən hana qarşısında əyləşib hərarətli ürəkləri, mahir əlləriylə qiymətli sənət əsərləri yaradırlar. Ətrabə Xəlilova, Həcər Hümbətova, Bəxtigül Haqverdiyeva və Sürəyya Cəfərova bu işdə daha çox fərqlənirlər. Fabrikin açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bizə xeyir-dua verdilər, xoş arzularını çatdırdılar. Məkrli və hiyləgər ermənilərin bizimlə savaşı yalınız hərbi sahə ilə məhdudlaşmır. Onlar mədəniyyətimizə, incəsənətimizə, adət-ənənələrimizə, hətta milli mətbəximizə qarşı elan edilməmiş müharibə aparırlar. Bu gerçəyi hər kəs qəbul etməli və ona qarşı mübarizədə gücünü, bacarığını əsirgəməməlidir. Bizim toxuduğumuz xalçalar da Azərbaycan brendi kimi bir çox dünya ölkələrinə ixrac olunur. Biz bu xalçalara təkcə gəlir mənbəyi kimi baxmırıq. Onlar dünyanı heyran qoyan Azərbaycan sənətkarlığının nümunəsi kimi böyük dəyərə malikdir.

Ceyran xanım qeyd etdi ki, xalçaçıların səmərəli çalışmaları üçün müəssisədə normal şərait yaradılmışdır. İşçilərə xidmət edən xüsusi avtobus var.

Öyrəndik ki, indiyədək fabrikdə 223 ədəd xalça toxunmuşdur. Əsasən Qarabağ çeşnilərinə üstünlük verilsə də, Təbriz, Quba, QazaxŞirvan xalça çeşnilərindən yaradıcılqla istifadə olunur.

Xalçaların al-əlvan naxışları Qarabağın füsunkar təbiəti ilə ahəngdarlıq təşkil edir. Hər ilmə bir çiçək, hər naxış təbiətin mənzərəsidir. Qızlar şirin arzularını, vətənə, yurda sonsuz sevgidən doğan kövrək duyğularını əlvan iplərlə ilmə-ilmə xalçalara köçürürlər.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.-5 may.- S.11.