99 yaşlı qəhrəman

 

Faşizim üzərində qələbədən 74 il ötür

 

...Havaya yüksələn qatı toz-torpaqdan göz-gözü görmürdü. Hər dəfə bomba atılanda belə olurdu. Tozun yerə yatması üçünsə xeyli vaxt lazım idi. O da hardaydı?! Bombalar, mərmilər, avtomatdan açılan atəşlər səngimək bilmirdi. Səs-küydən az qalırdı qulaq kar olsun. Yaralıların iniltisi isə ərşə qalxırdı...

Toz-dumanın içindən ağır yaralanan əsgərlərdən birinin ölmədiyini, ağrıdan zarıdığını güclə sezdi. Yanındakı digər şəfqət bacısı ilə birlikdə özünü həmin əsgərin yanına yetirdi. O, əsgərin ayağındakı, rəfiqəsi isə başındakı yaraları sarıdı. Bu vaxt daha bir dəhşətli partlayış qopdu.

Mərmi düz yanlarında partlamışdı... Özünə gəlib gözlərini açanda ayağında ağrı hiss elədi. Yaralanıbmış. Rəfiqəsinin həyatını isə xilas etmək mümkün olmadı. Elə gözlərinin önündə can verdi.

Bu itkini, ölümü, ağrını yaşamağa, həzm etməyə macal tapmamış dəhşətli uğultunun içərisindən inilti səsi eşitdi. Ağır yaralı əsgərlərdən biri köməyə çağırırdı. Özü də yaralı olmasına rəğmən, sürünüb ona çatdı. Yarasını sarımaq, ilk tibbi yardım etmək üçün əsgərin yanına, səngərə endi. Güllə gənc əsgərin başından dəymişdi. Çox qan itirmişdi. Elə bu an səngərin üstündən alman tankları keçməyə başladı. Kənardakı daşlar başına tökülsə də, səsini çıxarmadı. Qorxudan dili tutulmuşdu... Həmin gecəni yaralı əsgərlə birgə səngərdə dirigözlü açdı. Gün ağaranda isə sanitarlar döyüş bölgəsinə gəlib, onu və digər yaralıları hospitallara apardılar...

O vəhşət, müsibət dolu tarixin üzərindən 75 ildən çox zaman keçsə də, yaşadıqlarını ömrünün bu çağında belə unutmayıb İkinci Dünya mübaribəsinin azərbaycanlı şəfqət bacısı Fatma Səttarova...

Həyatının müharibə kəsimini xatırladıqca 4 il ərzində gördüyü dəhşətləri, ölümləri, ağrı-acını, zilləti, səfaləti yenidən iliyinə kimi yaşayır sanki. Amma keçdiyi şərəfli ömür yoluna baxıb qürur duyur həm də... Onun tale yolunu "Ömür səhifələri”ndə vərəqləyirik...

 

Səhv düşəndə təvəllüd...

 

Fatma Səttarova 1920-ci il yanvarın 25-də Bakıda əslən İrandan olan tacir Hüseyn kişinin ailəsində dünyaya gəlib. Evin yeganə övladı olub. Özündən əvvəl ailədə iki uşaq doğulsa da, qızılcadan tələf olublar. O, anadan olan il Azərbaycanda qarışıqlıq idi. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğramışdı. Hüseyn kişi də yenidən İrana qayıtmaq niyyətində idi. Elə ona görə də Fatmaya doğum şəhadətnaməsi almırdı. Amma həyat onun niyyət etdiyi yox, heç gözləmədiyi məcraya yön alır.

- 1922-ci ildə SSRİ hökuməti əhalini siyahıya almağa başlayır. Keçmiş Poluxində atamın mülki vardı. Bir gün bizim qapını da döyüblər və məlum olub ki, 2 yaşa çatsam da, "metirkam” yoxdu. Səbəbini soruşublar. Atam cavab verib ki, biz İrana qayıdacağıq, sənədi ordan alacam. Deyiblər, olmaz, uşağa sənəd alınmalıdır. Nəticədə məni 2 il cavanlaşdırıb, "metirkama” 1922-ci il yazıblar. Anam danışırdı ki, onda məni də götürüb faytonla İran konsulluğuna gedib. Deyib, bu uşağı siyahıya aldılar. Ordan da narahatlıq üçün əsas olmadığını bildiriblər. Amma İrana qayıdacağı ümidilə yaşayan atam burda rəhmətə getdi. Anam da tək qayıtmadı İrana. Beləcə, Bakıda böyüyüb boya-başa çatdım.

 

Döyüşə qızlar gedir...

 

1937-ci ildə Bakıdakı Tibb Texnikumuna daxil olur. 1940-cı ildə texnikumu bitirəndə artıq nişanlı idi. Həyat yoldaşı Məhəmməd Səttarov Montin adına maşınqayırma zavodunun direktoru idi. Qonşuluqda yaşayırdı. Fatmanı da elə ordan tanıyırdı. Ailələr razılığa gələndən sonra qıza da "hə” deməkdən başqa bir əlac qalmır. 1941-ci ilin yanvarında toyları olur. 5 aydan sonra isə müharibə başlayır. Və Fatma şəxsi həyatını büküb ürəyinin dərinliyinə qoymalı olur.

- Texnikumda hərbi kafedramız vardı. Oranı bitirəndə bizə diplomla bərabər kiçik leytenant rütbəsi və hərbi bilet verdilər. Hərbi biletin arxasında yazılmışdı ki, müharibə başlasa, ikinci gün Bakı Hərbi Komissarlığında olmalısınız. 1941-ci il iyunun 21-dən 22-ə keçən gecə almanlar hücum etdilər. Səhər obaşdan radio ilə məlumat verildi. İyunun 22-də pasport və hərbi biletlərimizi götürüb, Məhəmmədlə birlikdə İçərişəhərdə, Qoşa Qala qapısında yerləşən Bakı Hərbi Komissarlığına gəldik. Ərizə yazaraq könüllü olaraq cəbhəyə getmək istədiyimizi dedik. Müharibə başlayan günün səhərisi Məhəmmədin direktoru olduğu maşınqayırma zavodu profilini dəyişib, hərbi silah-sursat istehsalına keçdi. Ona görə də Məhəmməd Bakıda qalmalı oldu, mən isə şəfqət bacısı kimi cəbhəyə yollandım. Texnikumu eyni ildə 27 qız bitirmişdi. O qızların hamısı həmin gün komissarlıqda idi. Bizə 2 gün vaxt verdilər. İyunun 24-də əşyalarımızı götürüb döyüşə yollandıq.

 

"Azərbaycanlı əsgəri meşədə dəfn edib, Fatihə oxudum”

 

Beləliklə, 21 yaşlı gənc xanımın döyüş yolu başlayır. Rəngarəng, çeşidli donlarını əsgər formasına, hündürdaban ayaqqabılarını ağır əsgər çəkmələrinə dəyişib, görmədiyi, bilmədiyi, dəhşət dolu, ölüm saçan yeni həyata atılır.

- 1941-ci ilin sentyabrında bizi əsgərlərlə birgə eşelonlarla cəbhəyə, Moskva ətrafındakı şiddətli döyüşlərin olduğu zonaya yola saldılar. Briqadada 2 tibb bacısı və 3 sanitar vardı. Başımıza bombalar yağırdı. Hara baxırdım qan görürdüm. Vəziyyət çox gərgin idi. Yaralılar o qədər çox olurdu ki, sınıq tramvaylarda tibb məntəqələri yaratmışdılar. Yaralıları orada qəbul edir, ilkin yardım göstərirdik. Almanların hər an Moskvanı alacağı gözlənilirdi. Lakin İvan Panfilovun ordusu almanları Moskva ətrafından çıxarmağa müvəffəq oldu.

Bir müddət sonra məni Leninqrada göndərdilər. Dörd ay yarım orda blokadada qaldım. Alman təyyarələri hər tərəfi bombalayırdı. Ayağımda ağır çəkmələr, çiynimdə özümdən ağır çanta bir səngərdən digərinə qaçırdım. Bir də baxırdın ki, yaralılar torpağın üstünə qarışqa kimi səpələnib. Qolu, qıçı qopan kim, ölən kim?! Hər tərəf al-qana boyanırdı. Şəhərə cəmi iki yol vardı: Ladoqa gölü vasitəsilə və havadan. Yaralıları qayıqlarla şəhərdən çıxarırdıq. Bəzən gölə bomba atırdılar, qayıqlar partlayırdı. Dəhşətli mənzərə idi. Ölənləri də meşələrdə, ağacların altında basdırır və havaya atəş açırdılar. Heç vaxt yadımdan çıxmaz, bir azərbaycanlı əsgər başından yaralanmışdı. Can verə-verə qollarımın üstündə öldü. Onu da meşədə dəfn elədik, lakin hansı meşə idi xatırlamıram. Ona Fatihə oxudum, bunu anam öyrətmişdi mənə. Adı Məhərrəm idi. Sənədini vermədilər mənə. Komandir götürdü ki, ölənlərin sənədlərini siyahı ilə evlərinə göndərəcəyik.

 

"Aclıqdan bir dəri-bir sümük qalmışdım”

 

Amma müharibədə əsgərlər təkcə bombardmandan deyil, həm də aclıqdan ölürdülər. Dəhşətli aclıq, səfalət hökm sürürdü. Günlərlə ac qalır, yeməyə bir tikə çörək də tapmırdılar.

- Bir də baxırdın ki, yeridiyi yerdə kimsə aclıqdan yıxılıb öldü. Bizə gündəlik 50 qram qara çörək və jımıx verirdilər. Elə olurdu günlərlə çörək üzünə həsrət qalırdıq. Aclıqdan bir dəri-bir sümük olmuşdum. Tək mən yox, hamı elə idi. İnsanların gözləri bərələ qalmışdı. Aclıq hər şeyə üstün gəlmişdi. Hətta vəziyyət elə bir həddə çatmışdı ki, camaat it, pişik, siçan kəsib, ətini yeyirdi. Artıq ölülərə də daraşırdılar. Müsibət idi... Dəmləməyə çay olmurdu. Qurumuş palıd yarpaqlarını suya atırdıq ki, bir az rəngi çıxsın. Azca saxarin var idi, qənaətlə içirdik. Yuxuya da həsrət idik. Arada 1-2 saat sakitlik olanda ağacın altında oturaqlı gözümüzü yumurduq ki, bir az gözümüzün acısını alaq. Müharibə dəhşətlidi. Qadın üçünsə ikiqat çətindi. Həftələrlə saçımızı yumurduq. Amerika dəmir qabların içində yumurta tozu göndərirdi. Həmin qabların içində su isidib, saçımızı elə bayırdaca yuyurduq. Yayda isə hardasa gölməçə olsa, ora girib, sabunsuz yuyunurduq. Heç dəsmal da yox idi qurulanmağa...

 

Qələbə və yeni həyat...

 

1943-cü ildə sovet ordusu Leninqrad ətrafında blokadanı yarır. Fatma Səttarova bir müddət Stalinqrad döyüşündə tibb bacısı kimi iştirak edir. Bu döyüşdə də almanlara qalib gəlirlər. Ardınca Baltikyanı ölkələrdə, Rumıniya və Macarıstanda gərgin döyüşlərə gedir. Fatma xanım Macarıstanda döyüş zamanı ayağından və qolundan qəlpə yarası alır. Ayağındakı qəlpəni çıxarsalar da, qolundakını indiyə kimi xatirə "saxlayır”. Yaralı olduğuna və çox zəiflədiyinə görə 1945-ci ilin fevralında Fatma Səttarovanı Bakıya göndərirlər. 3 ay sonra, mayın 9-da isə sovet ordusu faşizm üzərində qələbə çalır.

 Mənimlə eyni vaxtda texnikumu bitirib, müharibəyə gedən 27 qızdan 15-i həlak olmuşdu. Hər dəfə cəbhədən qara xəbər gələndə yazıq anam nələr çəkirdi... Hər namazında dua edirdi ki, sağ qayıdım. O vaxt telefon əlaqəsi yox idi. 2-3 aydan bir məktub gələrdi, ya gəlməzdi. Yaralıları qatarla, eşelonlarla yola salanda evə məktub da göndərirdim. Həyat yoldaşımla 4 ildən də çox ayrı qaldıq. Müharibədən qayıdandan sonrakı görüşümüzü dillə təsvir etmək mümkün deyil... Anam isə məni görəndə dəhşətə gəldi, tanımadı. Çox arıqlamışdım. Çəkim 40 kiloqram idi. Arıq, yorğun, zəif və xəstəhal görünürdüm. Toparlanıb özümə gəlməyim aylar çəkdi. Cəbhədə 42 ölçüdə çəkmə geyinirdim, işgəncə çəkirdim elə bil. Amma cəbhədən qayıdandan sonra həyat yoldaşımın hədiyyə etdiyi məxməri paltarımı, sevimli hündürdaban ayaqqabılarımı geyindim və qol-qola şəhəri gəzməyə çıxdıq.

Beləcə, yeni həyata başladım. Dekabr ayında ilk övladım - oğlum Ramiz dünyaya gəldi. Sonra Rakiz, Pərviz. 4-cü övladım Dilarə doğulanda artıq 28 yaşım vardı. Həyat yoldaşım son dərəcə qayğıkeş, səmimi insan idi. Onunla 25 il xoşbəxt həyat sürdüm. O mənə, mən də ona dayaq oldum. Onun ölümündən sonra övladlarımı boya-başa çatdırmaq üçün çox çətinlik çəkdim. 4 uşağı tək böyütmək, təhsil vermək asan deyil. Həyatın daşlı-kəsəkli yollarını keçdim. Amma övladlarımın hamısına ali təhsil verdim. Böyük oğlumun 74 yaşı var, hələ də mənimlə məsləhətləşir.

 

"Heydər Əliyevlə universitet illərindən tanış idik”

 

Fatma xanım deyir ki, qələbədən bir qədər sonra Stalin müharibə iştirakçıları ilə görüşür, söhbət edir. İlk parada qatılırlar. 28 yaşı olanda isə birinci katib Mircəfər Bağırovun qəbulunda olur. Bağırovun göstərişi ilə müharibə iştirakçıları istədikləri ali məktəblərə imtahansız qəbul edilirlər. F.Səttarova indiki Bakı Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin axşam növbəsində, o cümlədən Moskvada Plexanov adına universitetin ticarətin idarə edilməsi fakültəsində qiyabi təhsil alır.

- Müharibədən qayıdan tibb işçilərinin bəziləri Tibb İnstitutunu seçdilər. Amma mən istəmədim. Nə qədər ayaq, qol kəsib torpaqda basdırmaq olardı?! O qədər qan görmüşdüm ki, hətta bint də ürəyimi bulandırırdı. O dəhşətlərdən sonra bir də yaraya, qana baxa bilməzdim. Ona görə də iqtisadiyyatı seçdim. Bizə güzəşt edirdilər. Bağırov ara-sıra bizimlə görüşürdü, maraqlanırdı ki, sizi incitmirlər, narazılığınız varmı? Həm işləyir, həm də oxuyurduq.

Mən ulu öndər Heydər Əliyevlə bir dövrdə ali təhsil almışam. O, tarix fakültəsində qiyabi oxuyurdu. Onda dövlət təhlükəsizlik orqanlarında çalışırdı, zabit formasında gəlirdi. Hündür, çox yaraşıqlı gənc idi. Qiyabiçilər ildə iki dəfə sessiyaya gəlirdilər. Mən də elə o vaxtdan onu tanıyırdım. İldə 2 dəfə imtahan vaxtlarında görüşürdük.

Sonra onu 1969-cu ildə respublikaya yenicə birinci katib seçilən vaxt indiki Şəhriyar adına klubda gördüm. Onda Nərimanov rayon İaşə İdarəsinin rəhbəri idim. Klubda iki saat, özü də ayaqüstə və azərbaycanca çıxış etdi. Hamımız heyran qalmışdıq. Çünki ilk dəfə idi ki, belə bir halla rastlaşırdıq.

Mən çox vaxt müharibəyə getdiyimi demirdim, gizlədirdim. Düzdür, anam, yoldaşım, özüm bununla fəxr edirdim. Amma elə adamlar vardı ki, qadının müharibədə olmasına pis baxırdılar. Heydər Əliyev Azərbaycana ikinci dəfə rəhbər gələndən sonra veteranlara qiymət verilməyə başladı. Hər il mayın 9-da bizimlə - müharibə iştirakçıları ilə görüşürdü. Hər dəfə görüşəndə universitet xatirələrimizdən danışardıq. Mənə hörmətlə yanaşırdı. Bir dəfə müharibə xatirələrimi bölüşərkən gördüyüm dəhşətli mənzərələri, aclıq, səfalət barədə Heydər Əliyevə danışdım. Gözləri doldu. Dedi "sənin o müharibədən sağ qayıtmağın möcüzədir. Sən Azərbaycanın qəhrəman qızısan”.

 

"İlham Əliyev və Mehriban xanım mənə daim qayğı göstərir”

 

- Bu gün də dövlətimizin mənə göstərdiyi qayğıdan çox razıyam. Hər il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva veteranlarla görüşür. İlham müəllim gözümün qabağında böyüyüb. Onun təhsil aldığı 6 nömrəli məktəbdə müharibə veteranları ilə görüşlər təşkil olunurdu, mən də bu görüşlərə mütəmadi gedirdim. Orda İlhamı göstərib deyirdilər bu, Heydər Əliyevin oğludu.

Sizə bir maraqlı fakt da deyim. Mir Cəlal Paşayev oxuduğum 10 nömrəli məktəbdə mənə ədəbiyyatdan dərs deyib. Bir gün zəhmət dərsini tədris edən müəllimimiz sinfə girib dedi ki, "uşaqlar, Mir Cəlal müəllimin oğlu dünyaya gəlib. Müəlliminiz gələndə onu təbrik edərsiz”. Mir Cəlal müəllim dərsə gələndə ayağa qalxıb, salamladıq. Dedik, gözünüz aydın, müəllim, Arif oğlunuz xoş gəlib. O da güldü, başını saldı aşağı. Bunu Arif Paşayevə də danışmışam (gülür).

Çox sağ olsun, prezidentim və xanımı. Mənə hər zaman hörmət edib, qayğıyla yanaşıblar. 2011-ci ildə veteranlar binasından mənə ev veriblər, iki dəfə avtomobil hədiyyə ediblər. İllərdir Prezident təqaüdü alıram. Daim də səhhətimlə maraqlanırlar. Müxtəlif tədbirlərdə, görüşlərdə iştirak edirəm, gənclərlə söhbətləşirəm, müharibədən danışıram, xatirələrimi bölüşürəm. Hər dəfə də gənclərimizə tövsiyə edirəm ki, Vətəni ürəkdən sevsinlər, onun uğrunda döyüşə, torpaqlarımızı azad etməyə hər an hazır olsunlar...

Bu, İkinci Dünya müharibəsinin iştirakçısı, Azərbaycanın bir əsrlik tarixinin canlı şahidi Fatma Səttarovanın şərəfli həyat yoluna qısa nəzər idi. Onun ömür payına müharibə, ölüm, qan-qada ilə rastlaşmaq, aclıq düşüb. Amma sevgi də görüb, xoşbəxtlik də, firavan günlər də yaşayıb. Çəkdiyi bütün ağrılara, çətinliklərə, itkilərə baxmayaraq bəxtindən şikayət etməyib. Ana, nənə zirvəsinə yüksəlib. "Taleyimdən çox razıyam”, - deyir. 11 nəvəsi, 22 nəticəsi var. Bundan sonrasına isə həyatdan iki istəyi var - kötükcəsini görmək və gələn il 100 illik yubileyini qeyd etmək. Hər iki arzusunun çin olması diləyi ilə...

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.- 9 may.- S.10.